Haqqında

Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qismində 

MANDATI VƏ FƏALİYYƏTİ

 

BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokolunun tələbləri və milli qanunvericilik:

 

Fakültativ Protokolun (FP-nin) əsas tələbi işgəncələrin qarşısının alınması məqsədi ilə azadlıqdan məhrumetmə yerlərinə müstəqil beynəlxalq və milli orqanlar tərəfindən müntəzəm başçəkmələrin həyata keçirilməsi sisteminin yaradılmasından ibarətdir (BMT Baş Məclisinin 18 dekabr 2002-ci il tarixli 57/199 saylı qətnaməsi ilə qəbul edilmiş, 22 iyun 2006-cı il tarixdə, 20 dövlət tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə minmişdir). FP konstruktiv dialoqun vacibliyini vurğulayır və tənzimlənən münasibətlərə reaksiyaya əsaslanan münasibət deyil, preventiv – qarşısını alma münasibətinin göstərilməsini təsbit edir. FP-nin innovativliyi, həmçinin onun hər hansı yeni hüquq və ya standartı, yaxud pozulmuş hüquqların bərpasını deyil, mövcud standartın, işgəncəyə məruz qalmamaq hüququnun pozulmasının qarşısının alınmasını əks etdirməsində təzahür edir.

İşgəncələrin qarşısının alınmasının ən əlverişli üsulu kimi, bütün azadlıqdan məhrumetmə yerlərində saxlanılan şəxslərlə rəftar və saxlanma şəraitinin monitorinqi məqsədi ilə müstəqil və müntəzəm başçəkmələr sisteminin yaradılması sözü gedən sənədin ehtiva etdiyi əsas ideyadır. FP-yə əsasən, preventiv mandata malik olan beynəlxalq və milli qurumlar yaradılır – Altkomitə və MPM-lər. Beynəlxalq səviyyədə yaradılmış Altkomitə BMT-nin İşgəncələr Əleyhinə Komitəsinin alt komitəsi olmaqla, BMT-nin yeni nəsil saziş qurumudur.

FP-nin 17-ci maddəsinin tələblərinə görə hər bir iştirakçı dövlət tərəfindən protokolun qüvvəyə minməsindən və ya onun ratifikasiyasından, yaxud ona qoşulmasından sonra bir ildən gec olmayaraq dəstəklənməli, təyin və ya təsis edilməli olan MPM azadlıqdan məhrumetmə yerlərində saxlanılan şəxslərlə rəftar və saxlanma şəraitinin milli səviyyədə müntəzəm monitorinqini aparan qurumdur. MPM-lərin mandatı ən azı aşağıdakıları əhatə edir:

- azadlıqdan məhrum edilmiş şəxslərlə rəftarla bağlı məsələyə müntəzəm olaraq baxılması;

- BMT-nin müvafiq normaları nəzərə alınmaqla azadlıqdan məhrum edilmiş şəxslərlə rəftarın və onların saxlanma şəraitinin yaxşılaşdırılması məqsədi ilə müvafiq qurumlara tövsiyələrin təqdim edilməsi və işgəncələrin qarşısının alınması;

- qüvvədə olan qanunvericilik aktlarına və qanun layihələrinə dair təklif və qeydlərin təqdim edilməsi.

Göstərilən mandatın uğurla həyata keçirilməsi üçün, MPM-lərin yaradılması zamanı onların funksional müstəqilliyinin, habelə işçi heyətinin müstəqilliyinin təmin olunması ilkin şərtdir.

FP Azərbaycan Respublikası tərəfindən 15 sentyabr 2005-ci il tarixdə imzalanmış, 02 dekabr 2008-ci il tarixli qanunla ratifikasiya edilmişdir.

Sözü gedən qanunun dərcindən – 15 yanvar 2009-cu il tarixdən FP Azərbaycan Respublikasına münasibətdə qüvvəyə minmişdir. Həmin tarixdə həmçinin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə MPM‑in funksiyalarının Müvəkkil tərəfindən həyata keçirildiyi müəyyən edilmişdir.

Müvəkkilin fəaliyyətində işgəncələrlə mübarizə və qarşısının alınması, preventiv tədbirlərin təşkili, eləcə də maarifləndirmə işlərinin aparılması məsələlərinə xüsusi diqqət göstərməsi MPM-in fəaliyyəti üçün baza rolunda çıxış etməklə yanaşı, bu təsisatın müstəqil, qərəzsiz, “Paris prinsipləri”nə əsasən “A” statusuna malik milli insan hüquqları institutu olması faktı da həlledici amillərdən biri olmuşdur.

Yeni və kifayət qədər məsuliyyətli vəzifələr fonunda fəaliyyətin daha səmərəli və keyfiyyətli təşkili zərurəti Müvəkkilin mandatının, eləcə də işçi heyətinin səlahiyyətdairəsinin genişləndirilməsini şərtləndirmişdir. Konstitusiya Qanununa edilən əlavə və dəyişikliklərlə Müvəkkilin səlahiyyət dairəsi, eləcə də müstəqilliyi FP-də MPM-lər üçün nəzərdə tutulmuş tələblərə cavab verən səviyyəyə çatdırılmış, həmçinin Müvəkkilin MPM qismində fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə Aparatda şəffaf prosedurlar əsasında Milli Preventiv Qrupun (MPQ) yaradılması, onun üzvlərinə dair tələblər, habelə onların hüquqları və toxunulmazlığının təminatları kimi məsələlər təsbit edilmişdir.

Konstitusiya Qanununa əsasən, Müvəkkilin və MPQ-nin istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən polis bölmələrinə, müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, CÇM-lərə, qarnizon hauptvaxtlarına, psixiatriya müəssisələrinə,  qanunsuz miqrantların saxlanılması mərkəzlərinə və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərə daxil olmaq; saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri hesab etdiyi halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək; saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq; akt tərtib etmək, həyata keçirdiyi tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq hüququ vardır. Müvəkkilin, həmçinin səlahiyyətli dövlət orqanlarına müvafiq tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq hüququ adı çəkilən qanunda təsbit edilmişdir.

Qeyd etmək lazımdır ki, ötən illərdə Müvəkkilin MPM qismində fəaliyyətinin yüksək səviyyədə təşkili üçün digər qanunvericilik aktları da təkmilləşdirilmişdir. Belə ki, Müvəkkil və MPQ-nin yuxarıda göstərilən səlahiyyətləri barədə qeydlər müvafiq qaydada əlaqədar normativ hüquqi aktlarda təsbit edilmişdir.

Həmçinin qeyd etmək lazımdır ki, məhkumların MPQ-yə ünvanlanmış təklif, ərizə və şikayətləri senzuradan keçirilmir və bir gündən gec olmayaraq aidiyyəti üzrə göndərilir. Şəxsi hesabında vəsait olmayan məhkumların MPQ-yə ünvanlanmış müraciətləri CÇM-lərin vəsaiti hesabına göndərilir.

Təşkilati məsələlər:

Hazırda MPM-in funksiyaları 2012-ci ildə müvafiq maliyyə vəsaiti ayrıldıqdan sonra Aparatda yaradılmış İşgəncələrin qarşısının alınması şöbəsi tərəfindən həyata keçirilir. On ştat vahidindən ibarət olan Şöbənin strukturuna 2 sektor daxildir:

- Başçəkmələr sektoru

- Hüquqi təhlil və hesabatlar sektoru.

Şöbənin əməkdaşları MPQ-nin üzvüdürlər.

İşində insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, aşkarlıq, şəffaflıq, qanunun aliliyi, ədalət, qərəzsizlik, humanistlik və konfidensiallıq kimi prinsipləri rəhbər tutan Şöbənin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

- Müvəkkilin MPM qismində fəaliyyətini təşkil etmək;

- İşgəncələrin qarşısının alınması işinin inkişafını təmin etmək;

- İşgəncələrin qarşısının alınması işini təşviq etmək.

Fəaliyyət istiqamətləri

Azərbaycan MPM-nin fəaliyyəti aşağıdakı dörd əsas istiqamət üzrə həyata keçirilən tədbirlərdən ibarətdir:

- Preventiv başçəkmələr – saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə mütəmadi olaraq, plan üzrə və ya plandankənar, əvvəlcədən xəbərdarlıq edilmədən baş çəkilməsi;

- Hüquqi təhlil – həyata keçirilən fəaliyyətin, eləcə də bu fəaliyyətlə əlaqədar toplanmış məlumatların, həmçinin aidiyyəti üzrə daxil olmuş təklif və tövsiyələrin, mövcud, yaxud layihədə olan qanunvericilik aktlarının nəzəri-təcrübi təhlili, əldə olunmuş nəticələrin ümumiləşdirilməsi və müvafiq təkliflərin hazırlanması;

İndiyədək hazırlanmış hesabatlarda qanunvericiliyin təkmilləşdirilməsi, eləcə də təşkilati problemlərin həllinə yönəlmiş 200-dən çox təklif və tövsiyə öz əksini tapmışdır ki, onların da 70 faizə qədəri icraya yönəldilmiş və ya praktik həllini tapmışdır.

- Hüquqi maarifləndirmə – işgəncələrin qarşısının alınması işinin təşviqi məqsədi ilə Aparatın əməkdaşları, MPQ üzvləri, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərin işçiləri, eləcə də belə yerlərdə saxlanılan şəxslər, habelə aidiyyəti təhsil müəssisələri və akademiyaların tələbə-müdavimləri üçün hüquqi maarifləndirmə tədbirlərinin təşkil olunması, müvafiq əyani vəsaitlərin hazırlanıb paylanılması;

- İctimaiyyətlə əlaqələr və beynəlxalq əməkdaşlıq – yerli, regional və beynəlxalq təşkilatlarla, həmçinin xarici ölkə MPM-ləri ilə informasiya mübadiləsinin aparılmasının, həyata keçirilən tədbirlərdə qarşılıqlı iştirakın, həmçinin birgə tədbirlərin təşkilinin təmin olunması, habelə MPM-in fəaliyyətinin KİV-də işıqlandırılmasının təşkili.

Göstərilənlərlə yanaşı, həmçinin qeyd olunmalıdır ki, MPM-in fəaliyyəti Müvəkkilin şikayətlərə baxmaq mandatı ilə sıx əlaqələndirilmişdir. Belə ki, Aparata daxil olmuş müraciətlərin araşdırılması zamanı toplanmış məlumatlar, o cümlədən şikayətlərin qurumlar və müəssisələr üzrə xüsusi çəkisi preventiv başçəkmələrin planlaşdırılması və həyata keçirilməsi zamanı yönəldici vasitə qismində istifadə olunmuşdur.

Sadalanan istiqamətlər üzrə Müvəkkilin fəaliyyətinin nəticələri, əldə olunmuş uğurlar, irəli sürülən təklif və tövsiyələr onun xüsusi hesabatlarında əks etdirilir. Ötən illərin hesabatları Azərbaycan və İngilis dillərində nəşr etdirilmiş və paylanılmışdır.

Müvəkkil MPM qismində BMT və onun müqavilə qurumları, Avropa Şurası, Avropa ittifaqı, ATƏT, BMT-nin İşgəncələrin qarşısını alınması üzrə Alt Komitəsi (SPT), İşgəncələrə qarşı Avropa Komitəsi (CPT), İşgəncələrin Qarşısının alınması üzrə Assosiasiya (APT) və digər təşkilatlar yerli və beynəlxalq ekspertlər, xarici ölkələrin MPM-ləri ilə əməkdaşlıq edir.

Bu əməkdaşlıq çərçivəsində hüquqi maarifləndirmə ilə yanaşı, MPQ üzvlərinin də bacarıqlarının artırılması, xarici mütəxəssisin dəvət olunması ilə işin təkmilləşdirilməsi, xarici ölkələrlə təcrübə mübadiləsi istiqamətlərində fəaliyyət həyata keçirilir. MPQ üzvlərinin yerli və beynəlxalq tədbirlərdə, konfranslarda treninq və seminarlarda iştirakına geniş imkanların yaradılması nəticəsində bu istiqamətdə fəaliyyətimiz daha da təkmilləşməkdədir.