Müvəkkil fəaliyyəti dövründə ahılların hüquqlarının müdafiəsinə diqqətlə yanaşmış, bu sahədə fəaliyyətin koordinasiyası üçün ahılların hüquqlarının müdafiəsi üzrə müşavir təyin etmişdir. Müvəkkil ahılların şikayətlərinə həssaslıqla yanaşaraq tədbirlər görür, müvafiq qurumlara təklif və tövsiyələrlə müraciət edir.

Ombudsmanın ahılların və əlilliyi olan şəxslərin sosial rifahının yaxşılaşdırılması üzrə verdiyi təklif və tövsiyələr nəzərə alınmaqla Sosial xidmət haqqında Azərbaycan Respublikasının Qanunu 30.12 2011-ci il tarixdə qüvvəyə minmişdir.

Müvəkkil hökumətə ölkəmizin qoşulduğu Avropa Sosial Xartiyasının (yenidən baxılmış) bir sıra digər maddələri ilə yanaşı, ahıl yaşlı şəxslərin sosial müdafiə hüququ ilə bağlı 23-cü maddəsinin də təsdiq edilməsini təklif etmişdir.

Hər il Ombudsman Aparatında 1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə keçirilən  tədbirlərdə əhalinin yaşlaşma prosesi və onun nəticələri, bu istiqamət üzrə ölkənin inkişafı üçün müvafiq siyasətlərin və proqramların formalaşması, onların həyata keçirilməsi üçün zəruri olan tədbirlər, tənzimlənmə mexanizmləri, əhalinin artımı və yaş strukturunun dəyişməsi, yaş strukturunun və onda baş verən dəyişikliklərin ölçülməsi, yaşlaşma prosesinin qiymətləndirilməsi, ahıllar və dəyişən ənənəvi ailə institutu, yaşlaşma üzrə fəaliyyət strategiyası və digər məsələlər müzakirə edilir.

Ombudsmanın təşəbbüsü və rəhbərliyi ilə Madriddə BMT-nin Baş Assambleyasının ahıllar üzrə qəbul etdiyi Proqramın 10 illiyinə həsr olunmuş “Ahılların layiqli həyat səviyyəsinin təmini” mövzusunda tədbir keçirilmiş və tədbirdə “Yaşlanma problemləri üzrə nazirlər səviyyəsində keçirilən Vyana konfransının prinsipləri müzakirə olunmuşdur. Daha bir tədbir Müvəkkilin sədrliyi ilə “Beynəlxalq Madrid Fəaliyyət Planının və Yaşlaşma Problemləri üzrə nazirlər səviyyəsində keçirilən Vyana konfransının prinsipləri” mövzusunda keçirilmişdir.

Ombudsmanın təşəbbüsü və rəhbərliyi ilə “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi haqqında Dövlət Proqramı”nın layihəsi təsisatda hazırlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilmiş, nazirlik tərəfindən yenidən işlənərək müzakirəsi Ombudsman Aparatında keçirilmişdir.

Müvəkkil BMT Əhali Fondu ilə birgə əhalisinin sayı 7 milyarddan artıq olan dünyanın qarşısında duran çətinliklər və imkanlara dair məlumatlılığı artırmaq məqsədilə innovativ xarakterli “7 milyard naminə fəaliyyət” adlı qlobal bir kompaniyaya rəhbərlik etmiş və uğurla başa vurmuşdur. Respublikanın Şəki və Quba rayonlarında və Bakıda dəyirmi masalar keçirilmişdir. Maarifləndirmə məqsədi ilə “Dünya əhalisi qocalır! Azərbaycanda da qocalma prosesi müşahidə olunur!” adlı liflet hazırlanaraq paylanmışdır.

“Əhalinin yaşlanması və ahılların vəziyyəti: vəzifələr, perspektivlər” mövzusunda dəyirmi masa müzakirələri, habelə jurnalist yazı müsabiqəsi, “Ahıllıq uşaqların gözü ilə” uşaq rəsm və foto şəkillərinin müsabiqəsi keçirilmiş, qaliblər mükafatlandırılmışlar. Yaşlı insanların qarşılaşdıqları sağlamlıq, təhsil, yoxsulluq, gender, ayrı-seçkilik və s. məsələlər onların həyat yolundakı əhvalatlarla əhatə olunmuş yazılarda, rəsmlərdə, fotoşəkillərdə öz əksini tapmışdır. “Müdrik ahıllardan bəhrələnək!” adlı kitabça BMT-nin Əhali Fondunun dəstəyi ilə hazırlanmış və bu vəsait ahıllara hədiyyə edilmişdir.

Müvəkkil internat evlərində yerləşən ahılların yaşayış şəraitini, problemlərini və onlara göstərilən tibbi xidmətin səviyyəsini öyrənmək məqsədilə mütəmadi olaraq, Qocalar və əlillər evlərinə baxış keçirir, ahıllarla təkbətək görüşür, həmçinin onların müraciətlərinə operativ reaksiya verərək aidiyyəti qurumlarla birgə lazımi tədbirlər görür.

Ombudsman Ömürboyu təhsilə olan tələbatı nəzərə alaraq “Yaşlıların təhsili” haqqında Qanun layihəsinin yenidən parlamentdə müzakirə edilməsi və təkmilləşdirilərək qəbul edilməsini tövsiyə etmişdir.