Ölkəmizin təhlükəsizliyini və müdafiəsini təmin etmək, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və digər silahlı birləşmələrinin döyüş qabiliyyətini artırmaq, hərbi qulluğun və hərbi qulluqçuların nüfuzunu qaldırmaq baxımından hərbi qulluqçuların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi, o cümlədən, onların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin və tibbi-sanatoriya xidmətlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər böyük əhəmiyyət kəsb edir. Hərbi qulluqçuların, habelə onların ailə üzvlərinin hüquqlarının müdafiəsi, pozulmuş hüquqlarının bərpa edilməsi üzrə aparılan işin keyfiyyəti hərbi kollektivlərdə sağlam əhval-ruhiyyə, döyüşə daimi mənəvi-psixoloji hazırlıq, komandirlərə və dövlətə inam yaradılmasına xidmət edən mühüm amillərdəndir.

Bu baxımdan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən Ombudsmanın Aparatında Hərbi qulluqçuların hüquqlarının qorunması sahəsində ixtisaslaşan, hərbi qulluqçuların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi ilə məşğul olan xüsusi sektoru yaradılmışdır.

Hərbi qulluqçular və onların ailə üzvləri tərəfindən Müvəkkilə ünvanlanmış şikayətlərin, həmçinin hərbi qulluqçuların hüquqları baxımından KİV-də qeyd edilən məlumatların araşdırılması, Ombudsmanın hərbi hissələrdə görüşlərinin və hərbi qulluqçularla bağlı keçirilən tədbirlərinin təşkil edilməsi, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, habelə hərbi xidmətlə bağlı digər məsələlərin təşkil edilməsi bu sektorun əsas vəzifəsidir.

Ölkədə insan hüquqlarının təmin edilməsi, insan hüquqlarına hörmət mühitinin yaradılması, həmçinin dövlətçiliyin möhkəmləndirilməsi baxımından hərbi qulluqçuların hüquqlarının müdafiəsinin son dərəcədə mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq Müvəkkil Azərbaycan Respublikasının Silahlı Qüvvələri və başqa silahlı birləşmələrin rəhbərləri ilə mütəmadi olaraq görüşlər keçirir, hərbi qulluqçuların hüquqları ilə bağlı məsələləri, o cümlədən, konkret müraciətləri müzakirə edir.

Müvəkkilin səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)” haqqında Konstitusiya Qanununun 12.2-ci və 12.2.1-ci maddələrinə 24.06.2011-ci il tarixli Konstitusiya Qanunu ilə müvafiq əlavələr və dəyşiklik edilmişdir. Bu dəyişikliklə insan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş halların araşdırılması və milli preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi zamanı Müvəkkilə istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən hərbi hissələrə, o cümlədən, intizam xarakterli hərbi hissəyə,  habelə qarnizon hauptvaxtlarına daxil olmaq; saxlanılan şəxslərlə, habelə müvafıq məlumatı verəbiləcək istənilən digər şəxslə təkbətək və ya zəruri saydığı halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək; saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, eləcədə həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq; akt tərtib etmək, həyata keçirdiyi tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq; səlahiyyətli dövlət orqanlarına müvafıq tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq hüququ verilmişdir. Əvvəllər belə hüquq yalnız insan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş halların araşdırılması zamanı mövcud olmuşdur.