Müvəkkil

Süleymanova Elmira Teymur qızı – tanınmış alim və ictimai xadimdir. O, 17 iyul 1937-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1954-cü ildə Bakı şəhərindəki 134 saylı orta məktəbi bitirmişdir. 1954-1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin  kimya fakültəsində oxumuş və bu ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir.

1959–cu ildən AMEA-nın Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda ardıcıl olaraq laborant, kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışmışdır.

Azərbaycan Elmlər Akademiyasının aspiranturasında təhsil almış, 1967-ci ildə “Neft  kimyası”  ixtisası  üzrə namizədlik dissertasiyası müdafiə etmişdir.

1980-ci ildən kimya elmləri doktorudur. 1970-ci ildə baş elmi işçi, 1982-ci ildə isə  professor rütbəsi almış, 1997-ci ildən Nyu-York Elmlər Akademiyasının üzvüdür. 

E.Süleymanovanın alim ömrünün bəhrələri, onun tədqiqatları, yeni kimyəvi maddələr, onların alınması üçün təklif etdiyi orijinal üsullar və texnoloji proseslər 260-dan çox elmi əsərində, 40-dan çox ixtirasında, müəlliflik şəhadətnamələrində öz əksini tapmışdır.  

O, 4 elmlər doktoru, 16 elmlər namizədi yetişdirmişdir.

E.Süleymanova Azərbaycan Elmlər Akademiyası Kimya elmləri bölməsinin elmi katibi (1967-1971), «Neft kimyası» problemi üzrə Əlaqələndirmə Şurasının sədr müavini (1970-1995), həmin problem üzrə SSRİ Elmlər Akademiyasının Əlaqələndirmə Şurasının üzvü və Ümumittifaq «Neft kimyası» elmi jurnalının redaksiya heyətinin üzvü (1986-1990), «Kimya» problemi üzrə respublika «Bilik» Cəmiyyəti idarə heyətinin üzvü və Bakı şəhər bölməsinin sədri (1980-1992), Respublika Ali Attestasiya Komissiyasının kimya üzrə Ekspert Şurasının üzvü (1998-2000) kimi fəaliyyət göstərmişdir.

«Fəxri kimyaçı», «SSRİ ixtiraçısı» fəxri adları almış, «Şərəf nişanı» (1986), “ŞÖHRƏT” (2007) və  "ŞƏRƏF" (2017) ordenləri, «Əmək veteranı» və başqa medallarla təltif olunmuşdur. Akademik Y.Məmmədəliyev adına mükafatın laureatıdır. 2008-ci ildə Polşa Prezidenti tərəfindən Polşa Respublikasının “Böyük Qızıl Xaç Ordeni”nin Zabit dərəcəli ordeni ilə təltif edilmişdir.  2016 –cı ildə Beynəlxalq Bioqrafiya Mərkəzinin fəxri baş direktoru seçilmişdir. 

 1980-ci ildən etibarən respublikamızda qadın hərəkatının genişlənməsində mühüm xidmətlər göstərmişdir. O, 1996–cı ildə Tailandın paytaxtı Banqkok şəhərində, Çulalonqkorn Universitetində Qadın liderliyi üzrə hazırlıq keçmişdir. 1990-1994-cü illərdə Azərbaycan Qadınlar Cəmiyyəti sədrinin müavini olmuşdur.

E.Süleymanovanın qurucusu və prezidenti, 2002–ci ildən isə Fəxri prezidenti olduğu qeyri-hökumət təşkilatı – Azərbaycan Qadın və İnkişaf Mərkəzi (AQİM) BMT-nin Qadınların İnkişafı üzrə Tədqiqatlar və Treninqlər İnstitutunun Azərbaycan üzrə təmsilçisi, həmçinin BMT-nin İqtisadi və Sosial Şurası ilə xüsusi məsləhətçi statusu almışdır. 1994-cü ildə yaradılmış, 1995-ci ildə dövlət qeydiyyatından keçmiş mərkəz Azərbaycanda bu statusa layiq  görülmüş yeganə qeyri-hökumət qadın təşkilatıdır.

E.Süleymanova AQİM-in prezidenti olduğu illərdə “Qadınlar İnkişafda” Beynəlxalq Assosiasiyasının, Asiya-Sakit Okean Regionu üzrə Müşahidə qrupunun, Beynəlxalq Sülh Bürosunun, Qadınların Sülh və Dostluq üzrə Beynəlxalq Liqasının üzvü seçilmişdir. O, ümumilikdə 15-dən çox nüfuzlu beynəlxalq qurumun üzvüdür, BMT-nın müxtəlif qurumları – UNHCHR, UNDP, UNİCEF, UNFPA, UNİFEM, UNDPİ və digərləri ilə əməkdaşlıq edir.

Müəllifi və rəhbəri olduğu bir sıra layihələri – qaçqın və məcburi köçkünlərin problemləri, Azərbaycanın şəhər və kənd rayonlarında yerli əhalinin miqrasiyası, qadınların ailədə istismarı, qaçqın uşaqların reabilitasiyası, reproduktiv sağlamlıq və ailə planlaşdırılması ilə bağlı çoxsaylı layihələri həyata keçirmişdir.

Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsini (AUGSŞ) (2000) və onun nəzdində Liderlik Məktəbini (2001), Qadın, uşaq və gənclərin hüquqlarının müdafiəsi üzrə QHT Alyansını (2000) yaratmış, bu qurumlara rəhbərlik etmişdir.

Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan AUGSŞ-in Liderlik Məktəbinin 1500-dək məzunu Uşaq Hüquqları Konvensiyasına uyğun olaraq, öz hüquqlarının öyrənilməsi və yaşıdlarına öyrədilməsi üzrə hazırlıq kursu keçmişdir. Bu fəaliyyətin uğurlu nəticəsi kimi, E.Süleymanova uşaq hüquqları üzrə milli koordinator seçilmiş, 2000-2002-ci illərdə UNİCEF-in nəzdində Şərqi Avropa və MDB ölkələri Qeyri-Hökumət Təşkilatları Regional Komitəsində fəaliyyət göstərmişdir.

E.Süleymanova 2001-ci ildə Azərbaycanda Ahıllar üçün ilk Resurs Mərkəzini  yaratmışdır, hazırda bu qurum da Ombudsmanın resurs mərkəzi kimi fəaliyyət göstərir.

Dünya qadın hərəkatı liderlərindədir. Amerika Roçester Universiteti tərəfindən Qadın və qızların hüquqlarının müdafiəçisi və onlar üçün nümunə olan 100 Qəhrəman qadınından biri kimi şərəfləndirilmişdir (1998).

BMT Baş Assambleyasının İnsan haqları üzrə (Vyana, 1993), Əhali və İnkişaf (Qahirə, 1994 və Haaqa, 1999), Qadın problemləri üzrə (Pekin, 1995, Nyu-York, 2000), Habitat (İstanbul, 1996, Nyu-York, 2001), Sosial İnkişaf (Cenevrə, 2001), Uşaq haqları üzrə (Nyu-York, 2002) Xüsusi sessiyalarında və konfranslarında dövlət və ya QHT nümayəndəsi, habelə koordinatoru kimi məruzələr və çıxışlar etmiş, regional qurumlarda fəaliyyət göstərmişdir.

  Azərbaycan qadınlarının ölkəmizin müstəqillik əldə etməsinədək keçirilmiş bir sıra qurultaylarının, o cümlədən Müstəqil Azərbaycan qadınlarının birinci qurultayının (1998), ikinci (2003) və üçüncü (2008) qurultaylarının nümayəndəsi olmuşdur.

E.Süleymanova Azərbaycan Respublikası Prezidenti yanında Əfv Məsələləri Komissiyasının (2000-2002), Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının 2000-ci ildən üzvüdür və Dünya Azərbaycanlılarının ölkəmizdə keçirilmiş II və III qurultaylarında iştirak etmişdir.

Yüksək işgüzarlığının, cəmiyyətdə böyük nüfuz qazanmasının nəticəsi olaraq, ölkə Prezidenti cənab Heydər Əliyevin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə irəli sürdüyü üç namizəddən biri Elmira Süleymanova olmuşdur. 2 iyul 2002-ci ildə Milli Məclisin 112 deputatının iştirak etdiyi səsvermə zamanı insan hüquqlarının müdafiəsi sahəsində böyük təcrübəyə malik olan E.Süleymanova 111 deputatın səsini qazanmış, Azərbaycan Respublikasının ilk Ombudsmanı seçilmişdir. 

Beynəlxalq Sülh mükafatına layiq görülmüşdür (2003). Oslodakı Nobel Sülh Mükafatları Komitəsinin beynəlxalq koordinatorlar qrupu tərəfindən “1000 qadın -- 2005-ci ilin Nobel Sülh mükafatına” adlı layihəsinin nominantları sırasına Azərbaycan Ombudsmanı E.Süleymanovanın da adı daxil edilmiş və “Dünyanın 1000 qadını” kitabına yazılmışdır.

Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarının, Asiya Ombudsmanlar Assosiasiyasının, habelə Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinin (ENOC) üzvüdür. Ombudsman təsisatını dünyanın 70-dən çox ölkəsində insan hüquqları üzrə keçirilmiş mötəbər konfranslarda təmsil etmiş, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələri qurmuşdur.

Elmira Süleymanova ölkə Prezidentinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə irəli sürdüyü üç namizəd arasından 5 mart 2010-cu il tarixdə Milli Məclis tərəfindən bu vəzifəyə yenidən seçilmişdir.

2 dekabr 2008-ci il tarixdə təsdiq edilmiş «İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə” Konvensiyanın Fakültativ Protokolunun icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2009-cu il tarixli Sərəncamı ilə milli preventiv mexanizmin (MPM) funksiyalarını yerinə yetirən təsisat qismində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) müəyyən edilmişdir.

«Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında»  Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu  Milli Məclis tərəfindən 21 dekabr 2010-cu il tarixdə birinci səsvermədə, 24 iyun 2011-ci il tarixdə isə ikinci səsvermədə qəbul edilmiş və ölkə Prezidenti tərəfindən bu qanunun tətbiqi haqqında 8 avqust 2011-ci il tarixli, 1674 nömrəli Sərəncam  imzalanmışdır.

Həmin Konstitusiya Qanununa edilən əlavə və dəyişikliklər nəticəsində BMT-nin adı çəkilən Konvensiyasının Fakültativ Protokolunun tələblərinə uyğun olaraq, Müvəkkilin MPM kimi səlahiyyətləri hüquqi baxımdan tənzimlənmişdir. Bu qanunla Müvəkkilə «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinin icrasına nəzarətin həyata keçirilməsi funksiyası həvalə edilmişdir.

Azərbaycan Ombudsmanı Avropa Şurası İnsan Hüquqları və Hüquqi Məsələlər Baş direktorluğu və İşgəncələrin Qarşısının Alınması üzrə Assosiasiyası (APT) tərəfindən təşkil olunan Avropa MPM-lər Şəbəkəsinin üzvüdür və müvafiq beynəlxalq tədbirlərdə iştirak edir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin 14 may 2011-ci il tarixli Sərəncamı ilə BMT-nin «Əlillərin hüquqları haqqında» Konvensiyasının 33.2-ci maddəsində nəzərdə tutulmuş müstəqil monitorinq mexanizmi funksiyaları da Ombudsmana həvalə edilmişdir.

2012-ci ildə Ombudsman təsisatının fəaliyyətinin Paris prinsiplərinə uyğunluğu bir daha təsdiq edilmiş və BMT-nin Beynəlxalq Əlaqələndirmə Komitəsi tərəfindən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ən yüksək “A” statusu ilə reakreditasiya olunmuşdur.

Ölkə Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” təsdiq edilmişdir. E.Süleymanova 2006-cı ildən uğurla həyata keçirilən İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının məntiqi davamı olan bu sənədin həyata keçirilməsi üzrə İşçi qrupunun rəhbəridir.

2015-ci ilin noyabr ayında növbəti iki il üçün Asiya Ombudsmanlar Assosiasiyasının Direktorlar Şurasının iclasında Azərbaycan Ombudsmanı həmin Assosiasiyanın vitse-prezidenti seçilmişdir.