Ombudsmanların III Bakı Beynəlxalq konfransı

Ombudsmanların III Bakı Beynəlxalq Konfransı 29-30 noyabr 2004-cü il tarixdə Azərbaycan Respublikası İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə və BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (UNESCO) Moskva Bürosunun dəstəyi ilə keçirilmişdir.

“Demokratikləşmənin inkişafında vətəndaş cəmiyyəti ilə birgə insan hüquqları üzrə maarifləndirmənin rolu” mövzusunda keçirilən tədbir BMT-nin insan hüquqları üzrə maarifləndirmə onilliyinə (1995-2004) həsr olunmuşdur.

Konfransda İsveç, Macarıstan, Litva, Rusiya Federasiyası və onun subyektləri olan Moskva, Sverdlovsk vilayətlərinin, Tatarıstan Respublikasının, habelə MDB ölkələrinin, o cümlədən Moldova, Qırğızıstan və Gürcüstanın ombudsmanları və onların nümayəndələri, dövlət qurumlarının əməkdaşları, QHT-lərin və başqa təşkilatların nümayəndələri iştirak etmişlər.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili öz çıxışında ölkədə insan hüquq və azadlıqlarının həyata keçirilməsi sahəsində aparılan köklü islahatlar barədə ətraflı məlumat vermiş, əhalinin hüquqi maarifləndirilməsinin, vətəndaşların hüquqi mədəniyyətinin günün tələbləri səviyyəsində inkişaf etdirilməsinin demokratik-hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulması prosesinə təkan verən mühüm amil olduğunu vurğulamışdır. Ölkəmizdə Ombudsman təsisatı yaradıldıqdan sonra insan və vətəndaş hüquqlarının müdafiəsi və təbliği sahəsində geniş fəaliyyət istiqamətlərinin müəyyən edildiyini, əhalinin bütün təbəqələrinin hüquqi maarifləndirilməsinə kömək məqsədilə ölkəmizin paytaxtında və bölgələrdə tədbirlər keçirildiyini, vətəndaşlara hüquqlarının izah edildiyini bildirmişdir.

Tədbirin mühüm məqamlarından biri də MDB ölkələri ombudsmanları  tərəfindən Ombudsman İnstitutlarının əlaqələndirmə şurasının yaradılması ilə bağlı irəli sürdükləri təklif olmuşdur.

Gürcüstanın xalq müdafiəçisi Gürcüstandakı azərbaycanlıların, eyni zamanda Azərbaycandakı gürcü vətəndaşların pozulmuş hüquqlarının müdafiəsi üçün ikitərəfli əməkdaşlıq haqqında saziş bağlanılmasını təklif etmişdir.

Onu da qeyd etmək lazımdır ki, xarici ölkələrdə yaşayan soydaşlarımızın pozulmuş hüquqlarının bərpası ilə maraqlanmaq Azərbaycan Ombudsmanının daima diqqət mərkəzində olmuş və təsisatın əmakdaşlıq etdiyi digər ölkələrin İnsan Hüquqları İnstitutları ilə bu sahədə bağladığı qarşılıqlı müqavilələr mövcuddur.