Beynəlxalq və regional Ombudsman institutları ilə əməkdaşlıq

Beynəlxalq Ombudsmanlar İnstitutu (IOI)

Azərbaycan Ombudsman təsisatı 2003-cü ildən əməkdaşlıq etdiyi Beynəlxalq Ombudsmanlar İnstitutuna 2010-cu ilin dekabr ayında institusional üzv kimi qəbul olunmuşdur. Əməkdaşlıq illəri ərizndə mütamadi olaraq Müvəkkil Beynəlxalq Ombudsmanlar İnstitutunun tədbirlərində iştirak etmiş, insan hüquqlarının təmin olunması səhəsində respublikamızda görülən işləri, əldə olunmuş nailiyyətləri dünya ictimaiyyətinə çatdırmışdır. Eyni zamanda Müvəkkil tərəfindən təşkil olunmuş bir sıra tədbirlərdə Beynəlxalq Ombudsmanlar İnstitutunun bir çox nüfuzlu üzvləri iştirak etmiş, bu sahədə ölkədə görülən işlərlə yaxından tanış olaraq, geniş təcrübə mübadiləsi aparılmışdır.

 

Avropa Ombudsmanlar İnstitutu (EOI)

Müvəkkil 2003-cü ildən üzv olduğu Avropa Ombudsmanlar İnstitutu ilə sıx əməkdaşlıq əlaqələri qurmuş, mütəmadi olaraq bu qurumun tədbirlərində iştirak etmiş və insan hüquqlarının bir çox sahələrində qarşılıqlı təcrübə mübadiləsi aparılmışdır. Müvəkkil tərəfindən Respublikamızda keçirilən beynəlxalq tədbirlərdə Avropa Ombudsmanlar İnstitutunun bir çox üzvü dəvət olunaraq iştirak etmişdir.

Müvəkkilin fəaliyyətini əks etdirən məruzələri və press-relizlər mütamadi olaraq Avropa Ombudsmanlar İnstitutunun ünvanına göndərilmiş və bu sənədlərin bir çoxü  qurumun rəsmi saytında yerləşdirilmişdir.

 

Asiya Ombudsmanlar Assosiasiyası (AOA)

Müvəkkil 2003-cü ildən  Asiya Ombudsmanlar Assosiasiyasına (Assosiativ) üzv kimi qəbul olunmuşdur. Üzvlük illəri ərzində nəinki Asiya Ombudsmanlar Assosiasiyası, həmçinin bu qurumun digər üzvləri ilə əməkdaşlıq münasibətləri artan xətt üzrə inkişaf etmişdir. Tədbirlərdə qarşılıqlı iştirak və geniş təcrübə mübadiləsi həyata keçirilmişdir. Qeyd etmək lazımdır ki, ombudsmanın fəaliyyətini əks etdirən məruzələr və press-relizlər qurumun rəsmi saytında öz əksini tapmışdır.

2010-cu il 25 avqust tarixindən Müvəkkil tərəfindən Asiya Ombudsmanlar Assosiasiyasına tam üzvlük üçün müraciət olunmuşdur. 2-8 dekabr 2011-ci il tarixlərdə Müvəkkilin iştirak etdiyi Yaponiyanın Tokio və Numazu şəhərlərində keçirilmiş Asiya Ombudsmanlar Assosiasiyasının (AOA) 12-ci konfransı zamanı Beynəlxalq Ombudsmanlar İnstitutunun Asiya Bölməsinin toplantısı keçirilmiş və burada Azərbaycan Ombudsmanının gələcək əməkdaşlıq perspektivləri və prioritetləri üzrə təklifləri dinlənilmiş və müzakirə olunmuşdur. Daha sonra Asiya Ombudsmanlar Assosiasiyasının Baş Assambleyası keçirilmiş və Assambleyanın qərarı ilə Azərbaycan Ombudsman təsisatı təşkilatın institusional (tam üzvü) üzvü seçilmişdir.

2015-ci ilin noyabr ayında, Pakistan İslam Respublikasının İslamabad şəhərində AOA-nın “Ombudsman fəaliyətinin problemləri” mövzusunda 14-cü Konfransı və Direktorlar Şurasının iclası keçirilmişdir. Həmin iclasda AOA-nın xüsusi dəvəti ilə Müvəkkil də iştirak etmişdir. Qeyd olunmalıdır ki, növbəti iki il üçün Asiya Ombudsmanlar Assosiasiyasının Direktorlar Şurasının seçkisi keçirilmişdir. Pakistanın Federal Ombudsmanı Salman Faruki Asiya Ombudsmanlar Assosiasiyasının prezidenti, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova isə Assosiasiyanın vitse-prezidenti seçilmişlər. Eyni zamanda üzv dövlətləri təmsil edən beş Ombudsman Direktorlar Şurasının üzvü seçilmişlər.