Ombudsman xanımları bayram münasibətilə təbrik edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin 8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə keçirilən tədbirində iştirak edib. Tədbirə millət vəkilləri, ictimai xadimlər, Qarabağ müharibəsi iştirakçıları, Milli Qəhrəmanların və şəhidlərin anaları, həyat yoldaşları, habelə dövlət qurumlarının, QHT və KİV-lərin nümayəndələri qatılıblar.

Ombudsman tədbirdə iştirak edən xanımları, o cümlədən şəhid ailələrindən olan xanımları 8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edərək, xoş arzularını çatdırıb.

O, xüsusilə şəhid ailələrindən olan xanımlara diqqət yönəldərək, torpaqlarımızın işğaldan azad olunmasında, həmçinin  2016-cı ilin aprelində işğalçı Ermənistan ordusunun hücumunun qarşısının alınmasında şəhid olmuş igid oğulların şücaətindən bəhs etmiş, bu qəhrəmanlıq salnaməsinin yazılmasında qadınların da rolunun böyük olduğunu bildirib.

Müvəkkil qələbə müjdəsi ilə nəticələnmiş həmin döyüşlər zamanı işğal olunmuş torpaqlarımızın bir qisminin, strateji yüksəkliklərin geri qaytarılmasında şücaətlər göstərmiş ordumuzun və xalqımızın Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevlə vəhdət təşkil etdiyini vurğulayıb. Məlum olduğu kimi, həmin dövrdə dövlət başçısı və xanımı Mehriban Əliyeva təmas xəttinə səfər edərək, yerli sakinlərlə, şəhid anaları və ailələri ilə görüşmüşlər. Bu da əhalinin ruh yüksəkliyini və böyük qələbəyə inamını daha da artırmışdır. Aprel qələbəsi böyük Qayıdışın başlanğıcına ilk qədəm qoymuş və bu proses davam etdirilir.

E.Süleymanova aprel hadisələri günləri döyüş bölgələri olan Goranboy, Naftalan, Tərtər, Ağdam və Füzuli rayonlarının təmas xəttindəki yaşayış məntəqələrinə gəldiyini, yerli sakinlərlə görüşdüyünü, ermənilərin ağır artilleriyadan, iri çaplı silahlardan intensiv atəşi nəticəsində evlərin və sosial obyektlərin dağıldığının şahidi olduğunu, Azərbaycan ordusunun uğurlu əks həmləsi ilə xeyli irəliləyiş nəticəsində azad edilmiş strateji yüksəklik olan əfsanəvi Lələtəpəyə kimi getdiyini, orada Dövlət bayrağımızın dalğalanmasını, bunun ölkəmizin əhalisi arasında qələbə təntənəsi və el bayramı kimi qeyd olunmasını müşahidə etdiyini qürurla söyləyib, o hislərlə yaşamağın çox böyük bir nemət olduğunu vurğulayıb.

Ombudsman bu ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini diqqətə çatdıraraq, Cümhuriyyətin Azərbaycan xalqının inkişafında tarixi  rolundan söz açıb, nəinki Şərqdə, həm də bəzi Avropa ölkələrindən əvvəl o dövrdə bütün vətəndaşların bərabər hüquqlarının tanınmasının, artıq yüz il əvvəl qadınlara kişilərlə bərabər seçki hüququnun verilməsinin, ayrı-seçkiliyin yolverilməzliyinin və qadınların bərabər hüquqlarla səlahiyyətləndirilməsinin bəyan edildiyini bildirib. Yeri gəlmişkən o, ayrı-seçkiliyin yol verilməzliyi prinsipinin, qadın və kişilərin hüquq bərabərliyinin təsbit olunduğu BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin bütün dünyada məhz  bu il 70 illiyinin qeyd edildiyini vurğulayıb.

Mətbuat xidməti