Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü münasibətilə tədbir təşkil olunub

 

07 fevral 2018-ci il tarixdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz  İbrahimov adına Biləsuvar Lisey-Məktəb Kompleksində şəhidin anadan olmasının 30 illiyinə həsr edilmiş tədbir təşkil olunub.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının şöbə  müdiri Faiq Ağayev, Ombudsmanın Cəlilabad Regional  Mərkəzinin rəhbəri  Ziya İsmayılov, Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi və bu təşkilatın nəzdindəki Liderlik məktəbinin üzvləri, liseyin kollektivi və şagirdləri tədbirdə iştirak ediblər.

İlk öncə iştirakçılar Mübariz İbrahimovun əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbir çərçivəsində bu Lisey-Məktəbə şagirdlərin qəbulu mərasimi keçirilib və onlar and içiblər. Bununla əlaqədar İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın təbrikləri və xoş arzuları həmin şagirdlərə çatdırılıb.

Lisey-Məktəbin direktoru Bəhruz Mehdiyev tədbirin məqsəd və məramını açıqlayaraq, Milli Qəhrəmanın həyatı barədə söz açıb.

Ombudsmanın nümayəndəsi F.Ağayev çıxış edərək, Azərbaycanın tarixən öz qəhrəmanları ilə seçildiyini, doğum günü qeyd edilən Mübariz İbrahimovun da qanında-canında qəhrəmanlıq, mübarizlik hissi olduğunu bildirib. Öz şücaəti ilə ömrünün gənclik çağında tarixə və gənc nəslin qəlbinə adını yazmış qəhrəmanın ölməzlik qazandığı, ölçüyəgəlməz vətən sevgisinin onu şəhidlik zirvəsinə ucaltdığı diqqətə çatdırılıb. Bu igid gizirin göstərdiyi rəşadətin ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək dəyərləndirildiyi, ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətlərinə görə Milli Qəhrəman adına layiq görüldüyü vurğulanıb.

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğunun əhəmiyyəti, bununla əlaqədar tədbirlərin keçirildiyi nəzərə çatdırılıb. Eyni zamanda Ermənistanın işğalından azad edilmiş Cocuq Mərcanlı və bu kənddəki məktəb kimi, digər zəbt edilmiş torpaqlarımızın da tezliklə Ali Baş Komandanın rəhbərliyi ilə azad ediləcəyinə, oradakı məktəblərin də bərpa olunacağına inam ifadə edilib.

Habelə qeyd olunub ki, Ombudsman Elmira Süleymanova gənclər və yeniyetmələrlə, hərbi qulluqçularla görüşlərində hər zaman Mübariz İbrahimovun qəhrəmanlığından danışır, onun Vətənin keşiyində duran əsgər və zabitlər üçün örnək olduğunu qeyd edir, öz şəxsi nümunəsi ilə böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsinə, yurdumuzun müdafiəçilərinin döyüş ruhunun, əzmkarlığının artmasına töhfələr verdiyini diqqətə çatdırır, onun valideynləri ilə ünsiyyət saxlayır.

Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvü Kənan Bağırov hər il Liderlik Məktəbində Mübariz İbrahimova həsr edilmiş tədbirlərin keçirildiyini, orada onun qəhrəmanlığının uşaqlara nümunə kimi göstərildiyini və növbəti bazar günü də belə tədbirin təşkil olunacağını söyləyib.

Sonra Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvləri şəhidin adını daşıyan Lisey-Məktəb kompleksinin şagirdləri ilə birlikdə qəhrəmanın həyatına və şücaətinə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. Liderlik Məktəbinin üzvü Züleyxa Məmmədli xalq şairi Zəlimxan Yaqubun Şuşaya, Qarabağa həsr olunmuş “O günü gözləyirəm”, həmin məktəbin digər üzvü Sərdar Dəmirov isə xalq şairi Cabir Novruzun məşhur “Azərbaycanı sevin, sevin Azərbaycanı!” şeirlərini məharətlə söyləyib və iştirakçılar tərəfindən böyük həyəcanla dinlənilib.

Eyni zamanda Ombudsmanın nümayəndələri adı çəkilən Şəbəkənin üzvləri ilə birlikdə şəhidin doğulduğu Əliabad kəndində onun ailəsini ziyarət edib, valideynləri, yaxınları ilə görüşüb, ev muzeyində olublar.

 

Mətbuat xidməti