Qaçqın və məcburi köçkünlərin məsələsi Avropa İttifaqının xüsusi layihəsi çərçivəsində müzakirə olundu

Azərbaycan Ombudsman Aparatının Beynəlxalq əlaqələr sektorunun müdiri Zaur Vəliməmmədli Avropa İttifaqının İnsan Hüquqları və Münaqişələr adlı xüsusi lahiyəsinin məşvərət qrupunun üzvü olaraq, münaqişələrin həllində Milli İnsan Hüquqları İnstitutlarının rolu mövzusunda Brüssel şəhərində təşkil olunmuş tədbirdə çıxış edərək, Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu və bu işğal nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkün soydaşımızın öz doğma torpaqlarından didərgin düşdüyünü, kütləvi şəkildə insan hüquqlarının pozulmasını bildirdi.

Milli İnsan Hüquqları İnstitutlarının Avropa şəbəkəsi tərəfindən keçirilən bu tədbirdə Avropa ombudsmanları ilə yanaşı eyni zamanda BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının, BMT-nin İnkişaf Proqramının, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in və digər beynəlxalq qurumların xüsusi nümayəndələri iştirak edirdi.

Azərbaycan Ombudsman institutunun nümayəndəsi işğalçı ölkə olaraq Ermənistanın işğala son qoyması ilə bağlı BMT-nin məlum dörd qətnaməsini, AŞPA tərəfindən qəbul edilmiş müvafiq qətnamə və tövsiyə qərarını hələ də yerinə yetirmədiyini təəssüflə qeyd etdi. O, işğala son verilməsi, qaçqın və məcburi köçkün soydaşlarımızın öz doğma yurdlarına qayıtmalarının təmin edilməsi ilə bağlı Ombudsman Elmira Süleymanovanın dəfələrlə beynəlxalq qurumlara, dünya ictimaiyyətinə çağırışlar etdiyini, yazılı beyanatlar göndərdiyini və Azərbaycanın ərazi bütövlüyünün, qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpasını, azərbaycanlı əsir və girovların azad edilməsini, habelə günahsız, dinc insanları məhv edən cinayətkarların tezliklə ədalət məhkəməsi qarşısında cavab verməsini və cəzalandırılmasını tələb etdiyini bildirdi.

Z.Vəliməmmədli tədbir iştirakçılarına 2014-cü ildə Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevin işğal altında olan ərazilərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürüldüyünü və hələ də həmin insanların girovluqda olduğunu, işgəncələrə məruz qaldıqlarını söylədi. O, İnsan Hüquqları üzrə Müvəkkilin adı çəkilən şəxslərin azadlığa buraxılmasının təmin edilməsi ilə bağlı beynəlxalq qurumlara, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsinə dəfələrlə müraciətlər etdiyini vurğuladı.

Ombudsmanın nümayəndəsi eyni zamanda Avropa İttifaqının sözü gedən layihə üzrə məşvərət qrupunun iclasında da çıxış edərək, Milli İnsan Hüquqları Təsisatlarının regionda baş verən münaqişələrə son qoyulması, qaçqın və məcburi köçkünlərin hüquqlarının səmərəli müdafiəsi ilə bağlı birgə fəaliyyətinin daha da gücləndirilməsi və əlaqələndirilməsi istiqamətində bir sıra təkliflər səsləndirdi.  

Mətbuat xidməti