Bayramlar münasibətilə tədbirlər keçirilmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova bayramlarda və əlamətdar günlərdə bir ənənə olaraq, əhalinin həssas qruplarına, o cümlədən yetkinlik yaşına çatmayan məhkumlara baş çəkir, onların hüquqlarının təmin olunması vəziyyətini araşdırır, çətinliklərini, problemlərini öyrənir və həllində yardımçı olur.

Ombudsmanın xeyirxah missiyasına uyğun olaraq, Səbail Rayon İcra Hakimiyyəti ilə birlikdə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə müəssisəsində tədbir təşkil edilmişdir. Tədbirdə Müvəkkil, Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova, Penitensiar Xidmətin əməkdaşları, yetkinlik yaşına çatmayan məhkumlar iştirak etmişlər.

E.Süleymanova azyaşlı məhkumları bayramlar münasibətilə təbrik etmiş, xoş arzularını bildirmişdir. O, dünya Azərbaycanlılarının həmrəyliyinin əhəmiyyətini vurğulayaraq söyləmişdir ki, soydaşlarımızın birlik və bərabərliyi daha da möhkəmlənmiş, diasporumuz daha fəal qüvvəyə çevrilməkdədir. Azərbaycan dövlətinin gücü, xalqımızın yaradıcı potensialı daha da artmış, ölkəmizin sürətli sosial-iqtisadi inkişafı nəticəsində çoxsaylı yeni iş yerləri açılmış, əhalinin rifahı yüksəlmiş və həmin uğurlar böyük razılıqla qarşılanır, bu isə dövlətimizin nüfuzunun daha da yüksələcəyinə əminlik yaradır. 

Ombudsman Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquqlarına, o cümlədən uşaqların, məhkumların hüquqlarına böyük diqqət yetirildiyini vurğulamışdır. O, respublikamızda həyata keçirilən hüquqi islahatlar, qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması, bu sahədə əldə olunmuş nailiyyətlər barədə iştirakçılara ətraflı məlumat vermişdir.

Dövlət başçısının 10 fevral 2017-ci il tarixdə imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Sərəncamın əhəmiyyəti, həmin sənədin insan hüquqlarının effektiv təmini baxımından həyata keçirilən islahatlar prosesində yeni mərhələ olduğu vurğulanmışdır. Bu sərəncamın penitensiar sistemin, ümumiyyətlə cəza siyasətinin təkmilləşdirilməsi, humanistləşdirilməsi, habelə cəmiyyətdən təcrid etmədən geniş miqyasda müxtəlif alternativ cəzaların tətbiqini nəzərdə tutduğu, əfv olunma üçün böyük imkanlar açdığı diqqətə çatdırılmışdır.

Eyni zamanda Ombudsman dövlətimizin humanist siyasəti nəticəsində 62 Əfv sərəncamının imzalandığını və 11 amnistiya aktının, o cümlədən Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə amnistiya aktlarının qəbul olunduğunun yüksək dəyərləndirildiyini, azadlığa qovuşanların və onların ailə üzvlərinin, bütün xalqımızın böyük sevinci və minnətdarlığı ilə qarşılandığını söyləmişdir. Fəaliyyət göstərdiyi müddət ərzində Müvəkkilin vəsatətləri üzrə ümumilikdə 566 məhkumun, o cümlədən yetkinlik yaşına çatmayan məhkumların da əfv edilərək azadlığa buraxıldığı bildirilmişdir.

Ombudsman effektiv hüquq müdafiə mexanizmi kimi məqsədi, çoxşaxəli fəaliyyəti, Milli Preventiv Mexanizm qismində gördüyü işlər, ölkədə şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə, o cümlədən penitensiar müəssisələrə müntəzəm keçirilən baxışlar, verilmiş tövsiyələr və onların icrası vəziyyəti barədə məlumat vermişdir.

Habelə son illərdə müvafiq sahədə qanunvericilik aktlarının liberallaşdırılmasından, penitensiar müəssisələrdə şəraitin, qida rejiminin, cəza çəkən şəxslərə qarşı rəftarın, onlara tibbi yardım göstərilməsinin və islah olunma prosesinin təkmilləşməsindən söz açılmışdır.

E.Süleymanova azyaşlı məhkumlara islah olunmalarını, qanun pozuntularına bir daha yol verməməyi, ailələrinə, sağlam həyat tərzinə qayıtmağı, təhsil almağı və peşələrə yiyələnməyi, faydalı əməklə məşğul olmağı, habelə Vətənimizə layiq, cəmiyyətə yararlı vətəndaşlar kimi formalaşmağı tövsiyə etmişdir.

Sonra X.Bayramova və digər iştirakçılar çıxış etmiş, təbriklərini və xoş arzularını bildirmiş, fikirlərini bölüşmüşlər.

Ombudsmanın dəstəyi ilə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən müəssisədə zəngin bayram süfrəsi təşkil olunmuş, buradakı uşaqlara sovqat, şirniyyat və bayram hədiyyələri paylanmışdır. Müəssisə rəhbərliyi və uşaqlar göstərdiyi qayğı və diqqətə, hüquqlarının təmin olunmasını nəzarətdə saxladığına görə Müvəkkilə minnətdarlıqlarını bildirmişlər.

E,Süleymanova bu tədbirə dəstək verən hər bir kəsə xeyirxahlığına görə öz minnətdarlığını bildirmişdir.

Tədbirin sonunda konsert proqramı maraqla qarşılanmışdır.

Qeyd olunmalıdır ki, bayramlar ərəfəsində tədbirlər Ombudsmanın regional mərkəzləri tərəfindən də təşkil olunmuşdur.

Yeri gəlmişkən, Ombudsmanın əlilliyi olan şəxslərin hüquqları üzrə müşaviri Müqalib Mahmudov qarşıdan gələn bayramlar münasibətilə “İstedadlı Əlillər” İctimai Birliyinin Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi, həyatda uğur qazanmış fiziki imkanları məhdud olan istedadlı insanların cəmiyyət tərəfindən tanınması və adaptasiya olunmasına həsr edilmiş tədbirdə iştirak etmişdir. O, Müvəkkilin salamlarını, bayram təbriklərini və xoş arzularını iştirakçılara çatdırmış, mövzu ilə bağlı çıxış etmişdir.

                                                                                           Mətbuat xidməti