Ombudsman Aparatında beynəlxalq ekspert Monika Das Gupta ilə görüş keçirildi

BMT-nin Əhali Fondunun hökumət tərəfdaşları ilə birgə Azərbaycanda doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılmasına dair Milli Fəaliyyət Planının hazırlanması üzrə tədbirlərin keçirilməsi məqsədilə ölkəmizə səfər etmiş beynəlxalq ekspert Monika Das Gupta Ombudsman Aparatında qəbul edilmişdir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının rəhbəri Aydın Səfixanlı qonağı salamlayaraq, ölkəmizdə insan hüquqlarına, o cümlədən qadın hüquqlarına və gender bərabərliyinə böyük diqqət yetirildiyi, mühüm dövlət proqramlarının və milli fəaliyyət planlarının qəbul olunduğu, bu sahədə fəaliyyət göstərən beynəlxalq və regional təşkilatlarla səmərəli əməkdaşlıq edildiyi, qadın hüquqlarının müdafiəsi və təbliği, gender bərabərliyinin təmini, qadınların pozulmuş hüquqlarının bərpası istiqamətində Ombudsman Elmira Süleymanovanın rəhbərliyi altında həyata keçirilən çoxşaxəli fəaliyyət barədə geniş məlumat verdi.

Ombudsmanın gender məsələləri üzrə müşaviri Lamiyə Zeynalova qadın hüquqlarını özündə ehtiva edən və əsas beynəlxalq sənədlərdən olan  Pekin Fəaliyyət Platformasının 12 prioritet istiqamətləri  üzrə Ombudsmanın öz fəaliyyətini həyata keçirdiyini, onun fəaliyyətinə Azərbaycan qanunvericiliyinin gender baxımından təhlilinin, gender nəzəriyyəsinin orta və ali məktəblərdə tədrisinin təşkil edilməsinin, gender bərabərliyi sahəsində maarifləndirmə işinin aparılmasının, qadınların ölkənin ictimai-siyasi həyatında iştirakının dəstəklənməsinin, qadın və kişilər arasında bərabər imkanlara nail olunması üçün dövlət proqramlarının işlənib hazırlanmasının, habelə bir sıra digər məsələlərin də daxil olduğunu qonağın diqqətinə çatdırdı.

Qonağa hələ 1994-cü ildə Elmira Süleymanovanın təşəbbüsü ilə yaradılmış Azərbaycan Qadın və İnkişaf Mərkəzinin bu sahədə geniş fəaliyyəti, paytaxt və regionlarda icmaları cəlb etməklə təşkil olunan silsilə maarifləndirici tədbirlər barədə ətraflı məlumat verildi.  

Görüşdə Ombudsmanın bu sahədə səmərəli təklifləri səsləndirildi. Bildirildi ki, bu istiqamətdə qanunvericilik bazasının daha da güclənməsi və mövcud boşluqların aradan qaldırılması ilə yanaşı, qadınların iqtisadi asılılığının azalması, qadınların regionlarda fəallığının və gender siyasətinə diqqətin artırılması, habelə onların idarəetmədə, qərar qəbuletmədə, seçkilərdə fəal iştirakı, vəzifələrə irəli çəkilməsi, qadın sahibkarlığının genişləndirilməsi, onlara güzəştli kreditlərin verilməsi, stereotiplərə qarşı mübarizənin gücləndirilməsi və bu işə media və TV-lərin geniş şəkildə cəlb olunması, qadın hüquqları ilə bağlı nəşrlərin hazırlanması, mövcud qanunların düzgün dərk edilməsi sahəsində paytaxt və regionlarda ardıcıl və sistemli maarifləndirici işlərin, aparılması zəruridir.

Habelə Müvəkkilin insan hüquqları, o cümlədən qadın hüquqları və gender bərabərliyi sahəsində çoxsaylı maarifləndirici nəşrləri, o cümlədən “Genderə giriş” dərs vəsaiti-mühazirələr toplusu barədə məlumat verildi, Ombudsman təsisatında hazırlanmış hüquqi vəsaitlər qonağa təqdim olundu.

Sonra beynəlxalq ekspertin sualları ətraflı cavablandırıldı, mövzu üzrə fikir və təcrübə mübadiləsi aparıldı. Qonaq ətraflı məlumat və səmərəli müzakirələr üçün təşəkkürünü bildirdi.

 

Mətbuat xidməti