Əlilliyi olan şəxslərin hüquqlarına dair maarifləndirmə tədbirləri keçirilmişdir

 

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik Məktəbində 3 dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə Ombudsman Aparatının əməkdaşları Faiq Ağayev və Müqalib Mahmudov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin direktoru Rəhilə Həsrətova, Liderlik Məktəbinin üzvləri və valideynlər iştirak etmişlər.

Ombudsman Aparatının əməkdaşları BMT Baş Məclisinin 1992-ci il 14 oktyabr tarixli qətnaməsi ilə 3 dekabr gününün Beynəlxalq Əlillər Günü elan edildiyini və hər il bütün dünya ictimaiyyəti tərəfindən, o cümlədən Nazirlər Kabinetinin 1995-ci il 27 noyabr tarixli Qərarına əsasən, ölkəmizdə də geniş qeyd olunduğunu diqqətə çatdırmışlar.

BMT Baş Məclisi tərəfindən 2006-cı il 13 dekabr tarixində qəbul edilmiş və ölkəmizin 2008-ci il 2 oktyabr tarixli Qanununa əsasən ratifikasiya olunmuş “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın rəsmi mətnində “əlil” terminindən deyil, məhz “əlilliyi olan şəxs” terminindən istifadə edilməsinin məqbul variant hesab edildiyi və bununla əlaqədar olaraq BMT Baş Məclisinin 2007-ci il 18 dekabr tarixli Qətnaməsi ilə 3 dekabr – Beynəlxalq Əlillər Gününün rəsmi adının da dəyişdirilərək Beynəlxalq Əlilliyi olan Şəxslər Günü adlandırıldığı vurğulanmışdır.

Bildirilmişdir ki, 3 dekabr günü bayram etmək üçün yox, əlilliyi olan şəxslərin və onların təmsil olunduğu vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə bu qəbildən olan insanların hüquqlarının müdafiəsi sahəsində mövcud vəziyyəti və qarşıda duran vəzifələri aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birgə müzakirə etmək, hökumətin, ictimaiyyətin və özəl sektorun diqqətini bu sahədə mövcud problemlərin həllinə cəlb etməklə onların ləyaqəti, hüquqları və rifahı üçün lazım olan hər cür dəstəyin verilməsinə nail olmaq məqsədilə keçirilir.

Reabilitasiya Mərkəzinin direktoru R.Həsrətova 15-29 yaşlı sağlamlıq imkanları məhdud gənclərin peşə hazırlığı üsulu ilə cəmiyyətə, özünüməşğulluq və məşğulluq çərçivəsində əmək bazarına inteqrasiyasını, sosial reabilitasiyasını təmin edən Mərkəz haqqında ətraflı məlumat vermiş, peşə hazırlığı üzrə müvəffəqiyyətlə imtahan vermiş gənclərin məşğulluğunun təmin olunmasında irəliləyişlərə nail olunduğunu bildirmişdir. Mərkəzin peşə reabilitasiyası sahəsində gördüyü işləri əks etdirən prezentasiya tədbir iştirakçıları tərəfindən maraqla izlənmişdir.

Tədbirdə uşaqların çoxsaylı sualları cavablandırılmış və interaktiv müzakirələr aparılmışdır.

Yeri gəlmişkən, 4 dekabr 2017-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində 3 dekabr - Beynəlxalq Əlilliyi olan şəxslər günü və qarşıdan gələn 10 dekabr - Beynəlxalq İnsan Hüquqları gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Ombudsman Aparatının əməkdaşları Müqalib Mahmudov və İlahə Əfqanlı, Mərkəzin rəhbər və işçi heyəti, eləcə də peşə reabilitasiyası keçən bir qrup gənclər iştirak etmişdir.

Görüşdə bu əlamətdar günlərin əhəmiyyəti xüsusi vurğulanmış,  Müvəkkilin insan hüquq və azadlıqlarının müdafiəsi, eləcə də əlilliyi olan şəxslərin hüquqlarının təmini istiqamətində gördüyü işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmiş, ümumilikdə əlilliyin anlayışı, əlillik terminologiyası, əlilliyə yanaşmada tibbi və sosial model anlayışları, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının müddəalarına uyğun olaraq insan hüquqlarına əsaslanan bir model kimi qəbul edilən sosial modelin üstün cəhətləri, Azərbaycanda tibbi modeldən sosial modelə keçid sahəsində görülən işlər, əlilliyi olan şəxslərin cəmiyyətin  tam bərabərhüquqlu üzvləri olaraq qəbul olunması, onlara hörmət və ləyaqətlə davranılması, ayrı-seçkilikdən müdafiəsi, potensiallarının təbliğ olunmasının əhəmiyyəti və digər bu kimi məsələlərə toxunulmuşdur.

Reabilitasiya mərkəzinin rəhbərliyi və peşə hazırlığı keçən gənclər belə maarifləndirici görüşün təşkilinə dəstək verdiyinə görə Müvəkkilə təşəkkürlərini bildirmişlər.

Tədbirlər canlı diskussiya, interaktiv müzakirələrlə başa çatmışdır.

Mətbuat xidməti