Azərbaycan Ombudsman təsisatı Avropa milli insan hüquqları institutları ilə əməkdaşlığı gücləndirir

Bu günlərdə Belçikanın Brüssel şəhərində Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinin ümumi yığıncağı keçirilmişdir. Avropa ölkələrinin milli insan hüquqları institutları ilə yanaşı BMT-nin, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in və digər qurumların rəsmilərinin iştirak etdiyi tədbirdə insan hüquqları təsisatlarının beynəlxalq təşkilatlarla əməkdaşlığının gücləndirilməsi, BMT-nin Dayanaqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində rolunun artırılması və insan hüquqlarının daha səmərəli müdafiəsi ilə bağlı bir sıra məsələlər müzakirə olunmuşdur.

Sözü gedən tədbirdə iştirak edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının Beynəlxalq əlaqələr sektorunun müdiri Zaur Vəliməmmədli Ombudsman təsisatının Avropa İttifaqının tvinninq və Şərq tərəfdaşlığı, Avropa Şurasının Peer to Peer lahiyəsi çərçivəsində həyata keçirdiyi əməkdaşlığından danışmış və bu əməkdaşlıq nəticəsində əldə olunan təcrübənin təsisatın fəaliyyətinə müsbət təsirini qeyd etimişdir. O, tvinninq lahiyəsi çərçivəsində həyata keçirilən əməkdaşlıqda Ombudsmanın Milli Preventiv Mexanizm kimi təcrübəsinin Avropa İnsan Hüquqları İnstitutları tərəfindən də müsbət təcrübə kimi qiymətləndirildiyini vurğulamışdır.

Z.Vəliməmmədli Dayanaqlı İnkişaf Məqsədləri ilə bağlı sessiyada Azərbaycan Ombudsmanı Elmira Süleymanovanın bu məqsədlərin implementasiyasındakı fəaliyyətindən danışmış və bununla bağlı Milli İnsan Hüquqları İnstitutlarının rolunun əhəmiyyətini vurğulamışdır. O, sözü gedən məqsədlərin icra olunmasında milli təsisatların rolunun gücləndirilməsi ilə bağlı keçən ilin dekabr ayında İstanbul şəhərində BMT-nin inkişaf proqramının və Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsi ilə birgə təşkil olunmuş beynəlxalq tədbirin əhəmiyyətinə toxunaraq, bu sahədə daha dəqiq icra proqramlarının hazırlanmasına ehtiyac olduğunu bildirmişdir.

Azərbaycan Ombudsmanının uşaq və gənclərin maarifləndirilməsi ilə bağlı fəaliyyətinə toxunan Aparatın əməkdaşı uşaq və gənclərin iştirakını təmin edən lahiyə və proqramlara üstünlük verilməsini və bu sahədə milli institutların əsas tərəfdaş qurum kimi nəzərə alınmasını təklif etmişdir. Sözü gedən təklif maraqla qarşılanmış və Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinin fəaliyyət proqramı çərçivəsində qiymətləndiriləcəyi diqqətə çatdırılmışdır.              

                                                                                    

Mətbuat xidməti