Əlilliyi olan şəxslərin hüquqlarına həsr olunmuş konfrans keçirilmişdir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə 3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar “BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının icrası ilə bağlı Azərbaycanın öhdəlikləri: nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda konfrans keçirilmişdir.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin, Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədrinin, BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəsinin, Avropa Şurasının Bakı ofisinin rəhbərinin, ayrı-ayrı hökumət və qeyri-hökumət qurumlarının, o cümlədən əlilliyi olan şəxsləri təmsil edən ictimai təşkilatların nümayəndələrinin qatıldığı həmin tədbirdə Ombudsman Aparatının əməkdaşı Müqalib Mahmudov iştirak etmişdir.

“Bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi” mövzusunda çıxış edən M.Mahmudov Ombudsman Elmira Süleymanovanın təklifi nəzərə alınmaqla dövlətimiz tərəfindən 2 oktyabr 2008-ci il tarixdə ratifikasiya edilmiş BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının icrasının təmini istiqamətində zəruri addımların atıldığını, Ombudsmanın “A” Statusu ilə akkreditasiya olunmuş milli insan hüquqları institutu olaraq bu sənədin 33.2-ci maddəsində yaradılması nəzərdə tutulan həmin Konvensiyanın həyata keçirilməsinin təşviqi, müdafiəsi və monitorinqi mexanizmin funksiyalarını yerinə yetirən təsisat qismində müəyyən olunduğunu və fəaliyyət göstərdiyini vurğulamışdır.

Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində dövlət səviyyəsində görülmüş işlər, Müvəkkilin həyata keçirdiyi çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumat verilmiş, əlilliyi olan şəxslərin sosial-hüquqi vəziyyətinin, onların hüquqlarının təmini və müdafiəsi ilə bağlı məsələlərin həmişə Ombudsmanın diqqət mərkəzində saxlanıldığını, problemlərinin həll edilməsi məqsədi ilə çoxsaylı tədbirlər görüldüyünü bildirmişdir.

Daha sonra Konvensiyaya görə, məqsədi və ya nəticəsi siyasi, iqtisadi, sosial, mədəni, mülki və ya digər sahələrdə bütün insan hüquqları və əsas azadlıqlarının digərləri ilə bərabər səviyyədə tanınmasının, həyata keçirilməsinin məhdudlaşdırılmasından və ya inkar olunmasından ibarət əlilliklə bağlı istənilən fərq qoyma, istisna və məhdudiyyətlər tətbiqetmə, o cümlədən müyəssərliyə nail olmaq üçün qanunvericiliklə nəzərdə tutulan ağlabatan uyğunlaşmadan imtinanın əlillik əlamətinə görə ayrı-seçkilik hesab olunduğu, əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlərin isə ayrı-seçkilik hesab edilmədiyi diqqətə çatdırılmışdır.

Bildirilmişdir ki, əlilliyi olan şəxslər Azərbaycan Respublikası Konstitusiyasında və digər  qanunvericilik aktlarında, ölkəmizin tərəfdar çıxdığı  beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər, buna görə də onlara qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir.

Qeyd olunmuşdur ki, ölkə Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının həyata keçirilməsi vəziyyətinin təhlili, bu sənədin əhali arasında, dövlət qurumlarında təbliğ edilməsi məqsədilə bütün şəhər və rayonlarda yerli icra hakimiyyəti, məhkəmə, polis və prokurorluq orqanlarının, bələdiyyələrin, yerli QHT-lərin, KİV-lərin, icmaların, dairə və məntəqə seçki komissiyalarının nümayəndələrinin iştirakı ilə Müvəkkil tərəfindən keçirilmiş ictimai dinləmələrdə əlilliyi olan şəxslərin də hüquqlarının təmini məsələlərinə diqqət yetirilmiş, onlar barəsində ayrı-seçkiliyə yol verilməməsi məsələsi önə çəkilmişdir.

 İnteraktiv formada davam etdirilən konfransda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyada əlilliyə yeni yanaşma və Konvensiyanın ayrı-ayrı maddələri barədə də təqdimatlar edilmiş, qarşıda duran məsələlərə dair müzakirələr aparılmışdır.

Mətbuat xidməti