Ombudsman Dövlət Bayrağı Günündə Cocuq Mərcanlıya səfər etmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Dövlət Bayrağı Günündə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər etmiş, yerli sakinlərlə görüşmüşdür.

İlk öncə, Ombudsman Elmira Süleymanova, Füzuli və Cəbrayıl Rayon İcra hakimiyyətlərinin başçıları Alı Alıyev və Kamal Həsənov Horadiz şəhərində “Aprel Şəhidlərinə Xatirə” abidəsini ziyarət edərək, şəhidlərin ruhuna ehtiramlarını bildirmişlər.

Müvəkkil Abidənin önündə cəbhə bölgəsində xidmət edən əsgər və zabitlərlə görüşərək onları Dövlət Bayrağı Günü münasibətilə təbrik etmiş, erməni təcavüzü nəticəsində torpaqlarımızın işğalından sonra, uzun illər inamla qələbə müjdəsini gözlədiyimizi vurğulamışdır. O, Aprel qələbəsinin özülündə ən əvvəl bünövrəsi Ümummilli liderimiz Heydər Əliyev tərəfindən özünəməxsus uzaqgörənliyi ilə qoyulmuş, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında davam etdirilən uğurlu siyasət nəticəsində  ölkəmizin güclü iqtisadi inkişafı, ilk dəfə olaraq, hərbi sənayenin yaradılması və qısa müddətdə əldə edilmiş nailiyyətləri, müasir hərbi texnika, sursat və avadanlıq istehsal etməklə ölkənin hərbi potensialının gücləndirilməsi, xalqına sadiq hərbi kadrların yetişdirilməsi olduğunu bildirmişdir. Eyni zamanda, Lələtəpə yüksəkliyinin və ətraf ərazilərin azad olunması zamanı döyüşlərdə şücaət göstərmiş, yüksək orden və medallarla təltif olunan döyüşçülərlə də görüşmüş, onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulamışdır.

Sonra Cocuq Mərcanlıya gələn Müvəkkil Cəbrayıl rayon icra hakimiyyətinin başçısı ilə birgə şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kənd orta məktəbində olmuş, müəllim və şagirdlərlə, valideynlər və kənd sakinləri ilə görüşmüşdür.

E.Süleymanova görüşdə 1918-ci il noyabrın 9-da qəbul olunmuş Dövlət Bayrağımızın tarixi, daha sonra ilk dəfə Ümummilli liderimiz Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunduğunu bildirmişdir. Müvəkkil 1991-ci il oktyabrın 18-də müvafiq Konstitusiya aktı ilə dövlət müstəqilliyini bərpa edən dövlətimiz özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərkən onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını qəbul etdiyini diqqətə çatdırmışdır.

O, Azərbaycan ordusunun ötən il uğurlu əks həmləsi nəticəsində azad edilmiş strateji yüksəklik olan əfsanəvi Lələtəpədə Dövlət bayrağımızın dalğalanmasını, bunun ölkəmizin əhalisi arasında qələbə təntənəsi və el bayramı kimi qeyd olunmasını müşahidə etdiyini qürurla söyləmiş, o hisslərlə yaşamağın çox böyük bir nemət olduğunu bildirmişdir.

Cocuq Mərcanlının qısa müddət ərzində böyük dağıntılardan bərpa olunması, burada sürətli tikinti-abadlıq işlərinin aparılması, infrastrukturun yaradılması, yerli əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması ölkə Prezidenti cənab İlham Əliyevin və xalqımızın birliyinin göstəricisi olduğu diqqətə çatdırılmışdır. Bu yeni qəsəbənin salınması ilə işğalda olan torpaqlarımızı azad edilməsi istiqamətində Böyük Qayıdış Proqramının başlanğıcının qoyulduğu, respublikamızın ərazi bütövlüyünün təmin olunmasına, dövlət bayrağımızın hazırda işğal altında olan torpaqlarımızda dalğalanacağına bir inamın göstəricisi olduğu vurğulanmışdır.

E.Süleymanova müəllim və məktəblilərlə görüşündə uşaq hüquqları, həmçinin Müvəkkilin təşəbbüsü və Təhsil Nazirliyi ilə əməkdaşlıqda paytaxt və regionlardakı orta ümumtəhsil məktəblərində həyata keçirilən Uşaq hüquqları üzrə pilləli tədris proqramı barədə məlumat vermişdir. Ombudsman təsisatı tərəfindən hazırlanaraq çap olunmuş uşaq hüquqlarına dair çoxsaylı kitablar, maarifləndirici vəsaitlər və plakatlar məktəb kitabxanasına və şagirdlərə hədiyyə olunmuşdur.

Müvəkkil məktəbin direktoruna uşaqların təhsil hüququnun həyata keçirilməsi, onların inkişafı, təlim-tərbiyəsi, vətənpərvərlik ruhunda yetişdirilməsi sahəsində göstərdiyi fəallığa görə sertifikat və Ombudsmanın xatirə medalını təqdim etmişdir.

Ombudsman Cocuq Mərcanlıda tikilən və Azərbaycan mədəniyyətinin nadir abidələrindən biri Şuşa məscidinin bənzəri olan məscidə də gəlmiş, burada şəhidlərimizin ruhuna dualar oxumuşdur.

Səfər çərçivəsində Elmira Süleymanova 1994-cü ilin aprelindən Cocuq Mərcanlıda yaşayaraq, vətənpərvərlik və fədakarlıq nümunəsi göstərən, ölkə başçısının Sərəncamı ilə yüksək ordenlə təltif olunmuş Oqtay Həziyevin evinə də baş çəkmiş, ailəsi ilə səmimi söhbət etmiş, onlara xoş arzularını bildirmişdir.

Mətbuat xidməti