Elmira Süleymanova BDU-da keçirilmiş “Elmdə Azərbaycan qadınlarının rolu” mövzusunda dəyirmi masada çıxış etmişdir

Bakı Dövlət Universitetinin Heydər Əliyev Məktəbində “Elmdə Azərbaycan qadınlarının rolu” mövzusunda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə dəyirmi masa keçirilmişdir. Tədbirdə BDU-nun rektoru Abel Məhərrəmov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin sədrinin müavini Bahar Muradova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, digər dövlət qurumlarının  nümayəndələri, alimlər, universitetin müəllimləri və tələbələr iştirak etmişlər.

BDU-nun rektoru Abel Məhərrəmov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək, tədbirin məqsəd və məramı, müasir dövrdə Azərbaycan qadınının, o cümlədən alim qadınların cəmiyyətdə rolu barədə məlumat vermişlər.

Ombudsman çıxışında bu ay dövlət müstəqilliyimizin bərpasının 26 illiyini qeyd edəcəyimizi vurğulayaraq, Ümummilli liderimiz Heydər Əliyevin dövlətin inkişafının bünövrəsini qoyduğunu və respublikamızın geniş islahatlar məkanına çevrildiyini, bu məqsədyönlü siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, digər sahələrlə yanaşı elm sahəsində də nailiyyətlərin əldə olunduğunu bildirmişdir. O, 25 ildən artıq müddətdə ölkəmizə qarşı davam edən işğalçılıq siyasətinin aparılmasına baxmayaraq, Azərbaycanın sürətli inkişafa görə dünya ölkələri sırasında ön sıralarda, MDB ölkələri sırasında isə birinci yeri tutduğunu vurğulamışdır.

Müvəkkil bu gün Azərbaycanın yeni intibah, renessans dövrünü yaşadığını və həmin nailiyyətlərin elmin, təhsilin inkişafı üçün də zəmin yaratdığını söyləmişdir. Qeyd edilmişdir ki, bütün sahələrdə, o cümlədən elmimizin inkişafında Azərbaycan qadınlarının ölçüyəgəlməz xidmətləri, nailiyyətləri olmuş, bunlardan bir çoxu Bakı Dövlət Universitetinin məzunları və müəllimləridir. Ölkəmizdə elmin, təhsilin inkişafı həm də flaqman nüfuzu qazanmış, dərin köklərə malik bu doğma təhsil ocağı olan BDU-nun son illərdə təkmilləşməsi, abadlaşması, zəngin kitabxananın yaradılması, müasir avadanlıqla təmin olunması ilə bağlıdır.

Ombudsman oktyabrın 10-da doğum gününün qeyd edildiyi, elmin fədailərindən olan, tanınmış şərqşünas alim və pedaqoq, elm sahəsində böyük xidmətləri və təşkilatçılığı olan, Azərbaycan şərqşünaslıq elmini dünyada tanıdan, öz sənətini sevən və demək olar ki, ömrünün böyük hissəsini elmə həsr edən, heç də çox insanlara nəsib olmayan şəxsiyyət zirvəsini fəth etmiş Aida xanım İmanquliyeva, onun zəngin və çoxşaxəli fəaliyyəti haqqında fikirlərini bölüşmüşdür. Vurğulanmışdır ki, bu görkəmli alim fundamental tədqiqatları ilə Azərbaycan elminə olduqca böyük töhfələr vermiş, öz elmi fəaliyyəti, əsərləri ilə adını tarixə yazmışdır və tarix də ona yüksək qiymət verəcək, əziz xatirəsi daim xatırlanacaq.  

E.Süleymanova Azərbaycan qadınının cəmiyyətdəki fəal mövqeyi, elmdə, ictimai-siyasi həyatda rolu, gördükləri işlər, əldə olunan nailiyyətlər barədə ətraflı məlumat vermişdir. O, bildirmişdir ki, alimin vətənpərvərliyinə xidmət edən silahı onun qələmidir və yeni ideyalar, fikirlər bu qələmi ilə əsərlərə çevrilir.

Sonra digər iştirakçıların çıxışları dinlənilmiş, dəyirmi masa səmərəli fikir mübadiləsi şəraitində başa çatmışdır.

Mətbuat xidməti