Ombudsman Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin yeni rəhbərini qəbul etmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin yeni rəhbəri səfir Kestutis Yankauskası qəbul etmişdir.

Qonağı salamlayan Müvəkkil, ona Ombudsman təsisatının yaradılması, mandatı, fəaliyyət istiqamətləri, beynəlxalq qurumlarla, o cümlədən Avropa İttifaqı ilə qurulan sıx əməkdaşlıq əlaqələri, ötən dövrlərdə bu qurumun Şərq Tərəfdaşlığı, TAİEX və Tvinninq layihələrində fəal iştirakı, bu layihələrin xüsusiyyətləri barədə ətraflı məlumat vermişdir.

Müvəkkil bildirmişdir ki, Almaniya və Polşanın birgə iştirakı ilə hazırda həyata keçirilən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) imkanlarının gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi 4 komponenti (Ombudsman institutunun İşgəncələrə qarşı mübarizə üzrə Milli Preventiv Mexanizm kimi fəaliyyətinin gücləndirilməsi, idarəetmə informasiya sisteminin, uşaq hüquqlarının, əlilliyi olan şəxslərin hüquqlarının və ahılların hüquqlarının müdafisi sahəsində Ombudsmanın fəaliyyətinin təkmilləşdirilməsi, İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikası Qanununun icrasına nəzarət sahəsində Ombudsman İnstitutunun imkanlarının gücləndirilməsi, Ombudsmanın mərkəzi aparatı və regional mərkəzinin əməkdaşları üçün səmərəli idarəetmə üzrə təlimlərin keçirilməsi) əhatə etməkdədir.

Qeyd olunmuşdur ki, bir müddət əvvəl Türkmənistanda Ombudsman təsisatının yaradılması ilə bağlı E.Süleymanova Aİ tərəfindən öz təcrübəsini bölüşmək üçün ekspert kimi cəlb edilmişdir.

Ombudsman haqqında Konstitusiya Qanununa edilən əlavə və dəyişikliklər nəticəsində BMT-nin «İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə” Konvensiyasının Fakültativ Protokolunun tələblərinə uyğun olaraq, Müvəkkilin Milli Preventiv Mexanizm (MPM) kimi səlahiyyətləri hüquqi baxımdan tənzimləndiyi diqqətə çatdırılmışdır.   Qeyd edilmişdir ki, MPM qismində müəyyən edildikdən sonra Milli Preventiv Qrupu (MPQ) yaradılmış, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədikləri yerlərə, o cümlədən penitensiar müəssisələrə, müvəqqəti saxlama yerlərinə, psixiatriya xəstəxanalarına, habelə sosial obyektlərə, ahıllar və əlilliyi olan şəxslər üçün internat evləri və pansionatlara müntəzəm olaraq qrup tərəfindən başçəkmələr həyata keçirilir.

Habelə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə nəzarətin həyata keçirilməsi ilə bağlı Ombudsman haqqında Konstitusiya Qanununa əlavə və dəyişikliklər edilməsi barədə qonağa məlumat verilmişdir.

Müvəkkil əlavə etmişdir ki, BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasının 33.2-ci maddəsində nəzərdə tutulmuş müstəqil monitorinq mexanizmi funksiyaları da Ombudsmana həvalə edilmişdir.

Ölkəmizdə bütövlükdə insan hüquqlarının müdafiəsi və təmini üzrə üç mühüm strateji sənəd - İnsan hüquqlarının müdafiəsinə dair ilk Dövlət Proqramı (1998), Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə ilk Milli Fəaliyyət Planı (2006) və Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində ilk Milli Fəaliyyət Proqramı (2011), milli qanunvericiliyin daha da təkmilləşdirilməsi və hüquq mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində görülmüş işlər diqqətə çatdırılmışdır. Milli Fəaliyyət Proqramının icrası vəziyyətinin monitorinqi məqsədilə ölkənin 57 rayonunun hər birinə səfərlər edilir, əhali qrupları ilə görüşlər keçirilir, əldə edilən nəticələr  təhlil edilərək ümumiləşdirilir və kitab şəklində nəşr edilir.

Ombudsman onun təşəbbüsü ilə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində  “İnsan hüquqları”, “Genderə giriş” fənləri tədris olunması, magistratura pilləsində insan hüquqları üzrə kadr hazırlığına başlanılması, həmçinin Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Uşaq hüquqları üzrə Pilləli Tədris proqramının həyata keçirilməsi bərədə qonağa məlumat verilmişdir.

Müvəkkilin Milli Məclisdə dövlət büdcəsi layihəsinin  müzakirələrində iştirak etdiyi, onun irəli sürdüyü təkliflər nəzərə alınaraq, ruhi xəstələrin qidalanmasına ayrılan büdcə vəsaitinin, habelə diabetli şəxslərin müalicəsinə ayrılan məbləğin isə dəfələrlə artırıldığı qonağın diqqətinə çatdırılmışdır.

Qeyd olunmuşdur ki, Müvəkkil 2013-cü ildə Brüsseldə sahibkarlıq fəaliyyətinin rəhbər prinsiplərinin milli səviyyədə implementasiyasına həsr olunmuş Şərq Tərəfdaşlığı ölkələri Ombudsmanlarının 2-ci Sammitində iştirak etmişdir. Elə həmin ildə Müvəkkilin təşəbbüsü ilə   aidiyyəti dövlət qurumlarının və QHT nümayəndələrinin iştirakı ilə Ombudsman yanında “Biznes və İnsan Hüquqları” İşçi Qrupu yaradılmışdır. İşçi Qrupun toplantılarında müvafiq mövzular üzrə geniş fikir mübadiləsi aparılır, təklif və tövsiyyələr dinlənilir, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı müzakirələr təşkil olunur.

Aİ ilə gələcək əməkdaşlığın prioritet istiqamətlərinə toxunan Müvəkkil Ombudsman təsisatının bilik və bacarıqlarının artırılması, “Əlillərin hüquqları haqqında” Konvensiyasında nəzərdə tutulmuş müstəqil monitorinq mexanizm kimi fəaliyyətin daha da təkmilləşdirilməsi, qadın və uşaqlara qarşı zorakılıq hallarının qarşının alınması, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə birgə fəaliyyətin qurulması kimi təkliflər irəli sürmüşdür.

Kestutis Yankauskas səmimi qəbul və məlumat mübadiləsi üçün Müvəkkilə təşəkkür etmiş, Ombudsman təsisatı ilə əməkdaşlıq əlaqələrinin davam etdirilməsində maraqlı olduğunu qeyd etmişdir.

Görüşdə qonağı maraqlandıran suallar ətraflı cavablandırılmış, gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilmişdir.  

 

Mətbuat xidməti