Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən DMX-in Qanunsuz miqrantların saxlanılması mərkəzinə başçəkmə həyata keçirilmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Dövlət Miqrasiya Xidmətinin (DMX) Bakı şəhəri Qanunsuz miqrantların saxlanılması mərkəzinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirmişlər.

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmədə məqsəd daxil olmuş müraciətlərin, saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması, məcburi və könüllü saxlanılan şəxslərin daxili intizam Qaydalarına və beynəlxalq standartlara uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olmuşdur.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində saxlanma şəraiti ilə bağlı mərkəzin yataqxana korpuslarına, yaşayış və tibb otaqlarına, müsahibə yerlərinə, yeməkxana, ərzaq anbarı və digər obyektlərə baxışlar keçirilmiş, habelə tibbi yardımın təşkili, yemək-qidalanma, telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılmışdır.

Ailəli, yanında uşağı olan qadınlar, yetkinlik yaşına çatmayanlar, habelə tibbi nəzarətə ehtiyacı olan əcnəbilər üçün yaradılmış şərait, yaşayış otaqları, onlar üçün təmin edilməli olan xüsusi yemək normaları da araşdırma predmeti olmuşdur.

Başçəkmə zamanı mərkəzə qəbul və təhvil verilmə, tibbi müayinədən keçirilmə, habelə xidmət əməkdaşlarının miqrasiya qanunvericiliyinə uyğun olaraq məcburi və könüllü saxlanılan şəxslərlə rəftar məsələləri araşdırılmış, bu məqsədlə müəssisə daxilində könüllü saxlanılan bir çox şəxs fərdi qaydada qəbul edilmiş və dinlənilmişlər.

Qeyd edilməlidir ki, mərkəzə məcburi yerləşdirilmiş əcnəbi olmamışdır.

Yekunda mərkəz rəhbərliyi və məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılmış, milli və beynəlxalq qanunvericiliyə, o cümlədən Daxili intizam qaydalarına müvafiq şəkildə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi, çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq tövsiyələr verilmişdir.

Mətbuat xidməti