Ədliyyə Akademiyasında hakimliyə namizədlər üçün növbəti mühazirə oxunmuşdur

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə səmərəli əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova tərəfindən növbəti mühazirə bu tədris müəssisəsində ilkin uzunmüddətli kurslarına cəlb olunmuş hakimliyə namizədlərin ikinci qrupu üçün oxunmuş və “Ombudsmanın insan hüquqlarının müdafiəsində rolu” mövzusunda olmuşdur.

Müvəkkil giriş sözü ilə hakimliyə namizədləri salamlamış, qarşıdan gələn dövlət müstəqilliyi günü münasibətilə təbrik etmiş, ölkəmizin keçdiyi iqtisadi inkişaf yolu və bu inkişafın mühüm töhfə verdiyi hüquqi islahatlar, insan hüquqları müdafiəsi sahəsində görülən işlər, strateji əhəmiyyət daşıyan dövlət proqramlarının qəbulu, habelə milli qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması və bu sahədə əldə olunmuş nailiyyətlər barədə iştirakçılara ətraflı məlumat vermişdir.

Ulu öndər Heydər Əliyevin “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 22 fevral 1998-ci il tarixli Fərmanı ilə insan hüquq və azadlıqlarının təmini istiqamətində müəyyənləşdirilən strateji məqsədlər, “İnsan hüquqlarının müdafiəsinə dair ilk Dövlət Proqramı”nın əhəmiyyəti, "Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nın bu sahədə Dövlət Proqramının məqsədlərini inkişaf etdirməsi,  bu siyasətin məntiqi davamı olaraq isə, 27 dekabr 2011-ci il tarixdə ölkə Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiq edilməsinin insan hüquq və azadlıqlarının daha səmərəli təmininə verilən ən mühüm töhfələrdən olduğu vurğulanmışdır.

“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun müddəalarına uyğun olaraq Müvəkkilin səlahiyyətləri, müxtəlif dövlət qurumları, məhkəmələr və hakimlərlə əməkdaşlıq, insan hüquqlarının effektiv təmini baxımından ehtiyac duyulan yanaşmalarla bağlı məsələlər mövcud təcrübədən gətirilən misallar əsasında diqqətə çatdırılmışdır.

 Ombudsmanın təklifləri nəzərə alınmaqla milli qanunvericilikdə həyata keçirilən islahatlar, informasiyaya çatım, o cümlədən BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolunun icrasının təmin edilməsi ilə bağlı dövlət başçısının müvafiq Sərəncamı ilə Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) funksiyalarını yerinə yetirən təsisat qismində müəyyən olunması, bu sahədə fəaliyyətin daha səmərəli aparılması üçün ölkədə şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə müntəzəm keçirilən başçəkmələr, habelə verilmiş tövsiyələr və onların icrası vəziyyəti ilə bağlı məlumatlar mühazirənin əsas mövzulardan olmuşdur.

İnsan hüquqları sahəsində həyata keçirilən islahatların davamı olaraq, yeni normalar nəzərdə tutan normativ-hüquqi aktların hazırlanması, yeni qanun layihələrinin qəbulu, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi kimi vəzifələrin müəyyən edilməsi insan hüquq və azadlıqlarının daha səmərəli təmininə verilən ən mühüm töhfələrdən olduğu bildirilmişdir.

Bu baxımdan 10 fevral 2017-ci il tarixdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış Sərəncam da insan hüquqlarının effektiv təmini istiqamətində həyata keçirilən islahatların davamlılığı baxımından yeni mərhələ oldu. Sərəncam mahiyyətcə hərtərəfli olmaqla, özündə insan hüquq və azadlıqlarının əsas prinsiplərini, azadlıq hüququnun təmini baxımından isə strateji, yeni və kompleks yanaşmaları, əsaslı dəyişiklik və əməkdaşlığı özündə ehtiva etdiyi vurğulanmışdır.

Bu yanaşmanın isə, dövlət tərəfindən şəxsin ləyaqətinin sosial dəyər kimi qəbul edilməsini, hüquq və azadlıqların təmini baxımından hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini, azadlıq hüququna müdaxilənin yolverilməzliyini tələb etdiyi diqqətə çatdırılmışdır.

Mühazirədə bu Sərəncamın insan hüquqlarının effektiv təmini baxımından həyata keçirilən islahatlar prosesində yeni mərhələ olduğu vurğulanmış, sənədin şəxsiyyətin toxunulmazlığı hüququnun təmin edilməsi, bu istiqamətdə cinayət təqibi və cəza icra siyasətinin humanistləşdirilməsi, şəxsin cəmiyyətdən təcrid edilməsi təcrübəsindən getdikcə imtina edilməsi sahəsində mövcud təcrübə ilə bağlı müddəaları, burada nəzərdə tutulmuş Probasiya xidmətinin yaradılması və mahiyyəti diqqətə çatdırılmış, Ombudsman təsisatında sərəncamın icrası ilə bağlı ictimai müzakirənin keçirildiyi bildirilmişdir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın Ombudsmanının insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyətlə bağlı təqdim etdiyi məlumatlar dinləyicilər tərəfindən maraqla qarşılanmış və mühazirənin yekununda Müvəkkil insan hüquqlarının effektiv təmini və həssas yanaşmalarla bağlı hakimliyə namizədlərə öz tövsiyələrini vermişdir.

Mətbuat xidməti