Ombudsman “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə bağlı müzakirələrdə çıxış etmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla təsdiq olunan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı ilə bağlı müzakirələr keçirilmişdir. Müzakirələrdə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova, müvafiq dövlət qurumlarının, o cümlədən nazirlik və dövlət komitələrinin, gənclər təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev dövlət başçısının imzaladığı Sərəncamla təsdiq edilən həmin Dövlət Proqramının əhəmiyyətini yüksək qiymətləndirmiş, bununla əlaqədar olaraq qarşıda duran vəzifələr barədə məlumat vermişdir.

Gənclər və İdman naziri Azad Rəhimov sənədin əməli və rəmzi dəyərinin çox yüksək olduğunu vurğulayaraq bildirmişdir ki, Dövlət Proqramının qəbul edilməsi Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasətinin daha bir uğurudur.

Qeyd olunmuşdur ki, “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramının məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləməkdir. Məqsəd həmçinin gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.

Ombudsman Elmira Süleymanova çıxış edərək, bu ay dövlət müstəqilliyimizin bərpasının 26 illiyini qeyd edəcəyimizi vurğulayaraq, Ümummilli liderimiz Heydər Əliyevin dövlətin inkişafının bünövrəsini qoyduğunu və respublikamızın geniş islahatlar məkanına çevrildiyini, bu məqsədyönlü siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.

Müvəkkil ötən illər ərzində ölkəmizin keçdiyi inkişaf yolu, xüsusilə də insan hüquqları sahəsində görülən işlər, strateji əhəmiyyət daşıyan dövlət proqramlarının qəbulu, habelə milli qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması və bu sahədə əldə olunmuş nailiyyətlər, habelə 25 ildən artıq müddətdə ölkəmizə qarşı davam edən işğalçılıq siyasətinin aparılmasına baxmayaraq, Azərbaycanın sürətli inkişafa görə dünya ölkələri sırasında 35-ci, MDB ölkələri sırasında isə 1-ci yeri tutduğu barədə iştirakçılara ətraflı məlumat vermişdir.

Dövlətimizdə müstəqillik dövründə insan hüquqlarının müdafiəsi və təmini üzrə qəbul edilmiş üç mühüm strateji sənəd - “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” (1998), “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı” (2006) və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” (2011), həmçinin qanunvericiliyin daha da təkmilləşdirilməsi və hüquq mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində görülmüş işlər diqqətə çatdırılmışdır. 

E.Süleymanova “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramını əhəmiyyətli sənəd adlandıraraq, bu proqram qəbul olunarkən Ombudsmanın da təkliflərinin nəzərə alındığını söyləmişdir. O, Dayanıqlı İnkişaf Məqsədlərini diqqətə çatdıraraq, gənclərin dayanıqlı inkişafın lokomotivi olduqlarını vurğulamışdır.

Ombudsman səmərəli təklifləri səsləndirərək, adı çəkilən Proqramın icrası zamanı dövlət qurumlarının, vətəndaş cəmiyyətinin və gənclərin birgə əməkdaşlığın vacibliyini, paytaxt və regionlarda gənclər arasında təcrübə mübadiləsinin, ictimai iştirakçılığın, o cümlədən ölkənin iqtisadi və digər sahələrdəki inkişafında, strateji yol xəritələrinin həyata keçirilməsində gənclərin fəal iştirakının, nəsillər arasında körpülər yaradaraq ahılların təcrübəsinin gənclərə aşılanmasının, gənclər arasında insan hüquqlarının, sağlam həyat tərzinin təbliğinin, habelə yüksək informasiya-kommunikasiya texnologiyalarından geniş istifadənin, peşə təhsilinə marağın, təhsil müəssisələrində hərbi hazırlığın təşviq olunmasının zəruriliyini və digər təklifləri irəli sürmüşdür.

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev və digər iştirakçılar çıxışlarında mövzu ilə bağlı fikir və mülahizələrini bildirmişlər.

Sonra müzakirələr fikir mübadiləsi şəraitində başa çatmışdır.

 

Mətbuat xidməti