Milli Preventiv Qrup tərəfindən başçəkmələr davam etdirilir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən, 1 saylı sağlamlıq imkanları məhdud olan uşaqlar üçün Sosial-xidmət müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçirmişlər.

Başçəkmədə məqsəd bu müəssisədə sağlamlıq imkanları məhdud olan uşaqların saxlanma şəraitinin və müəssisə əməkdaşlarının onlarla rəftarı məsələlərinin, habelə uşaqların hüquqlarının təmin olunması vəziyyətinin araşdırılması olmuşdur.

MPQ üzvlərinin və ekspert qismində cəlb olunmuş həkimin də iştirak etdiyi başçəkmə zamanı müəssisənin bütün obyektlərinə, o cümlədən yataq, dərs və reabilitasiya otaqlarına, yeməkxanaya və mətbəxinə, asudə vaxtının təşkili üçün nəzərdə tutulmuş otaqlara, o cümlədən rəsm, musiqi otaqlarına, habelə idman zalına, ümumi əraziyə baxış keçirilmişdir.

Rəftar məsələlərinin araşdırılması məqsədilə bu müəssisədə saxlanılan uşaqlarla, habelə müəssisə rəhbərliyi, tərbiyəçi və tibb işçiləri ilə söhbətlər aparılmış və mövcud vəziyyət öyrənilmişdir.  

Əsaslı təmir olunaraq zəruri müasir avadanlıqlarla təchiz edilmiş müəssisənin müasir standartlara uyğun olduğu müəyyən olunmuş, saxlama şəraiti, qidalanma, ərzaq təminatı, tibbi yardım, gəzinti və digər hüquqların təmin olunması vəziyyəti, habelə uşaqlarla rəftar məsələləri qənaətbəxş qiymətləndirilmişdir.

Başçəkmənin sonunda saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı həmin müəssisənin rəhbərliyinə müvafiq tövsiyələr verilmişdir.

.Mətbuat xidməti