Ombudsman beynəlxalq Forumda iştirak etmişdir

Bu günlərdə İspaniya Krallığının Barselona şəhərində Krans Montana Forumunun 28-ci illik sessiyası keçirilmişdir. Yeri gəlmişkən, bu Forumlardan biri 2013-cü ildə Bakı şəhərində uğurla təşkil olunmuşdur. Forumda bütün qitələrin ölkələrindən yüzlərlə nümayəndələr iştirak etmişlər. Onların arasında bir neçə ölkələrin Prezidentləri, parlamentlərinin üzvləri və başqa rəsmiləri, habelə beynəlxalq, o cümlədən BMT, Avropa İttifaqı, ATƏT və digər nüfuzlu qurumların rəhbərliyini təmsil edənlər də qatılmışlar.

Konfrans dünyanın gələcəkdə yeni idarəetməsində sabitlik strategiyaları, habelə bu istiqamətdə əməkdaşlıq perspektivləri məsələlərinə həsr edilmişdir. Konfrans çərçivəsində idman vasitəsilə sülh və sabitlik; enerji təminatı, qiyməti, paylanılması və təhlükəsizliyi; sülh və davamlı inkişafa nail olunması problemlərinə yeni yanaşmalar; miqrasiya prosesləri: vəzifə və məqsədlər; İpək Yolunun imkanları və Aralıq Dənizi, orta Şərq və Afrika region ölkələri ilə əməkdaşlıq; Afrika qadınlarının cəmiyyətin təkmilləşdirilməsində imkanları və əməkdaşlıq; qadın hüquqları və gender bərabərliyi və digər mövzulara həsr edilmiş sessiyalar keçirilmişdir.

Bu mötəbər tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova və Aparatın Qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sektorunun müdiri Turan Cahangirova da iştirak etmişlər.

Müvəkkil miqrasiya məsələlərinə həsr edilmiş plenar sessiyanın proqramında nəzərdə tutulmuş məruzə ilə çıxış etmişdir. Məruzədə 26 illik müstəqillik tarixinə malik olan ölkəmizin iqtisadi-sosial inkişafı nəticəsində yoxsulluq, habelə işsizliyin səviyyəsinin kəskin sürətdə aşağı endirilməsi, əhalinin yaşayış səviyyəsinin artırılması, ölkə yurisdiksiyasında olan hər bir şəxsin hüquqlarının həyata keçirilməsində bərabər imkanların yaradılması, qeyri-neft sektorunun inkişafına yönəlmiş geniş tədbirlərin həyata keçirildiyi, Strateji Yol Xəritələrinin təsdiq edildiyi, habelə ölkəmizin dünyada idman ölkəsi kimi tanınması, ilk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışlarına ev sahibliyi etməsi və uğurla keçirilməsi vurğulanmışdır.

O, bütün dünya ölkələrinə ünvanlanmış və hər bir məqsədinin insan hüquqlarının qorunmasına yönəldilmiş dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün görülmüş tədbirlər və artıq birinci il üzrə müxtəlif dövlət qurumları, Ombudsmanla və QHT-lərlə əməkdaşlıqda tərtib edilmiş könüllü hesabatın göndərildiyini iştirakçıların diqqətinə çatdırmışdır.

Ölkəmizdə Ombudsman təsisatının 15 illik uğurlu fəaliyyətindən danışan Müvəkkil müxtəlif əhali qruplarının, o cümlədən də qaçqın, məcburi köçkün və miqrantların hüquq və azadlıqlarının müdafiəsi məqsədilə həyata keçirilən müxtəlif tədbirlərdən, o cümlədən müxtəlif ölkələrin Ombudsmanları ilə 16 ikitərəfli əməkdaşlıq memorandumlarının imzalandığı, bu müqavilələr çərçivəsində həyata keçirilən çoxşaxəli fəaliyyət haqqında məlumat verilmişdir.

 Qeyd olunmuşdur ki, ikitərəfli atəşkəs razılığı əldə edilməsinə baxmayaraq, bu rejim ermənilər tərəfindən müntəzəm olaraq pozulur, 25 ildən artıq davam edən erməni hərbi təcavüzü nəticəsində minlərlə günahsız insanın həyatına son qoyulmuş, kütləvi şəkildə insan hüquqları kobudcasına pozulur, dünya mədəniyyətinə mənsub tarixi, dini və mədəni abidələri tam dağıdılmış, Azərbaycanın Dağlıq Qarabağ ərazisi, eləcə də yeddi ətraf rayonu işğal edilmiş, bununla da ölkəmizin ərazisinin 20 faizi zəbt olunmuş, bir milyon soydaşımız daimi yaşadığı Ermənistan ərazisində olan öz evlərindən işgəncələrə məruz qalaraq qovulmuş, habelə işğal olunmuş Azərbaycan torpaqlarından silah gücünə qovularaq məcburi köçkün vəziyyətinə düşmüş, onların hüquqlarının kütləvi şəkildə kobudcasına pozulması və müharibə əzabları hələ də davam etməkdədir.

 Müvəkkil cari ilin 4 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən bir daha Azərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kəndində məskunlaşan çoxsaylı mülki əhalinin yaşadığı ərazilərə və mülki obyektlərə hədəflənmiş şəkildə və qəsdən şiddətli atəşə tutulması nəticəsində 50 yaşlı Sahibə Allahverdiyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olduğunu, Səlminaz Quliyevanin ağır yaralandığını və mülki obyektlərin dağıdıldığını bildirmişdir.

Qətlə yetirilmiş iki yaşlı Zəhranın və onun nənəsinin fotoları yerləşdirilmiş Azərbaycan Ombudsmanının Bəyanatı ingilis dilində toplantı iştirakçılarına paylanmış, həmçinin KİV-lərə təqdim olunmuşdur.

Toplantıda Azərbaycan Ombudsmanı tərəfindən diqqətə çatdırılmışdır ki, bu hərbi təcavüz nəticəsində insan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərin, BMT-nin Uşaq hüquqları haqqında konvensiyasının, habelə Cenevrə konvensiyalarının, o cümlədən Müharibə zamanı mülki əhalinin qorunması haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyasının və digər sənədlərin müddəaları kobud şəkildə pozulmuşdur.

Müvəkkil Forum iştirakçılarını insanlığa qarşı törədilən bu qatı cinayətlərə beynəlxalq hüquqi qiymətin verilməsinə, Ermənistanın təcavüzünə son qoyulmasına, ümumbəşər beynəlxalq normalara uyğun olaraq Azərbaycanın zəbt olunmuş torpaqlarının azad olunması, erməni hərbi qüvvələrin bu ərazilərdən çıxarılması, Azərbaycanın BMT və dünya tərəfindən tanınmış dövlət sərhədlərinin bərpa olunması, yüz minlərlə məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması və onların pozulmuş hüquqlarının bərpasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə dəstək verməyə çağırmışdır.

Tədbir çərçivəsində Müvəkkil qadın hüquqları və gender bərabərliyi mövzusuna həsr edilmiş sessiyada çıxış edərək, bu sahədə ölkəmizin müsbət təcrübəsi ilə bölüşmüş, milli strategiyaların və proqramların qəbul olunması, qanunvericiliyin təkmilləşdirilməsi, paytaxtda və ölkə ərazisində monitorinqlərin, müraciətlər üzrə tədbirlərin keçirilməsi, yeni strategiya və proqramların qəbul olunması, o cümlədən Milli Məclisdə Ailə, Qadın və Uşaq məsələləri komitəsinin yaradılması, geniş maarifləndirmə və müxtəlif sahələrdə aparılmış işlər barədə məlumat vermişdir.

Forumda iştirak edən bir neçə ölkələrin Prezidentləri, rəsmiləri, habelə jurnalistlərlə və digər iştirakçılarla görüşlər olmuş, əməkdaşlığın inkişafına imkan yaradılması və davam etdirilməsi məsələləri müzakirə edilmişdir.

Eyni zamanda, tədbir çərçivəsində bir neçə televiziyalara geniş müsahibələr verilmişdir.

Sonda Krans Montana Forumunun bir neçə iştirakçısına qızıl medallar və sertifikatlar paylanılmışdır. Həmin mükafatlardan biri Türkdilli Ölkələrin Əlaqələndirmə Şurasının baş katibi Ramil Həsənova da təqdim edilmişdir.

Forumun əhəmiyyəti Azərbaycan haqqında həqiqətlərin çoxsaylı dünya ölkələrinin və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından faydalı olmuşdur.