Ombudsmanın nümayəndəsi “Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti” mövzusunda keçirilmiş beynəlxalq seminarda iştirak etmişdir

Bu günlərdə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi, Təhsil Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, habelə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə təşkilatçılığı ilə “Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti” mövzusunda beynəlxalq seminar keçirilmişdir.

Tədbirin işinə Milli Məclisin deputatları, görkəmli elm adamları, dövlət və qeyri-hökumət təşkilatlarının rəhbərləri və KİV-in nümayəndələri qatılmışlar.

Beynəlxalq seminarda, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin fəaliyyətində əqli mülkiyyət hüququnun müdafiəsinə və təbliğinə daima xüsusi önəm və diqqət verdiyini, belə tədbirlərin əhəmiyyətini nəzərə alaraq, Ombudsman Aparatının Elmi-analitik sektorunun müdiri Mahir Məmmədovun iştirakı da təmin edilmişdir.

Tədbiri giriş sözü ilə birgə təşkilatçılar olan Azərbaycan Respublikası Təhsil naziri Mikayıl Cabbarov, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Keçid iqtisadiyyatlı və inkişaf etmiş ölkələr üzrə şöbənin müdiri Mixal Svantner açmış və seminarın məqsəd-məramını iştirakçıların diqqətinə çatdırmışlar.

Tədbir daha sonra gündəlikdə nəzərdə tutulmuş ardıcıllıqla mövzu ilə bağlı məruzəçilərin, o cümlədən Mixal Svantner, Kamran İmanov, Türkiyədən olan ekspert, Koç Universitetinin nümayəndəsi xanım Aybuke Semerci, ÜƏMT-nın müşaviri Məhəmməd Alhabbal, Kiyev Hüquq Universitetinin rektoru Yuri Boşitskinin və digərlərinin çıxışları ilə davam etdirilmişdir.

Sonra iştirakçıların mövzularla bağlı fikirləri dinlənilmiş, suallar məruzəçilər tərəfindən ətraflı olaraq cavablandırılmışdır.

Ombudsmanın nümayəndəsi M.Məmmədov “Azərbaycanın universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasətinə aid milli layihə üzrə işçi qrupunun yığıncağı”nda muzakirələrdə çıxışı zamanı əqli mülkiyyət, onun obyektləri, mövcud sahədə müəlliflərin əmlak və qeyri-əmlak hüquqları və onların müdafiəsi, yaradıcılıq fəaliyyətinin nəticələrindən istifadənin mülki hüquqi prosedurları, müəlliflik müqaviləsinin əhəmiyyəti barədə ətraflı məlumat vermiş, əqli mülkiyyət siyasəti üçün milli layihəyə dair rəyini bildirmişdir.

Tədbirə təşkilatçılar tərəfindən yekun vurularaq beynəlxalq seminarın işinin uğurla başa çatdığını, iştirakçılara təşəkkürlərini bildirərək gələcəkdə də bu kimi tədbirlərin davamlı olaraq keçirilməsi niyyətində olduqlarını vurğulamışlar.

Mətbuat xidməti