Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə baxışlar keçirmişlər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Komandanlığı və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanlığı ilə razılaşdırılmış plan-cədvəllərə müvafiq olaraq, Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə başçəkmələri müntəzəm qaydada davam etdirir.

Bu günlərdə Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və həmin sektorun böyük məsləhətçisi Murad Babayev Daxili Qoşunların və Mülki Müdafiə Qoşunlarının Lənkəran şəhərindəki “N” saylı hərbi hissələrinə plan üzrə baxışlar keçirmişlər.

Baxışların məqsədi hərbi qulluqçuların məişət şəraiti ilə tanış olmaq, onlarla rəftar və həmin hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətinin araşdırılması olmuşdur.

Aparatın əməkdaşları tərəfindən hərbi hissələrin bütün obyektlərinə baxış keçirilmiş, hərbi qulluqçular üçün yaradılmış xidmət şəraiti, onlarla rəftar, həmçinin qidanın keyfiyyəti və müalicə işinin təşkili müsbət qiymətləndirilmişdir.

Ombudsmanın nümayəndələri şəxsi heyətlə insan hüquqları, o cümlədən hərbi qulluqçuların  hüquqları, Ombudsmanın bu istiqamətdə fəaliyyəti, mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr mövzusunda söhbətlər aparmış, çoxsaylı sualları cavablandırmışlar. Onlar respublikamızda hüquqi maarifləndirmə, ideoloji və təlim-tərbiyə işlərinin, şəxsi heyətin yüksək döyüş ruhunun və psixoloji durumunun, həmçinin Vətənə sədaqət və vətənpərvərlik hissinin gücləndirilməsi sahəsində aparılan işlərin əhəmiyyətini vurğulamışlar.

Eyni zamanda Daxili Qoşunların Lənkəran şəhərindəki hərbi hissəsində müddətli hərbi qulluqçular arasında aparılan hüquqi maarifləndirmə işinin təşkilinin yüksək səviyyədə olması müşahidə edilmişdir.

Qeyd olunmalıdır ki, Daxili Qoşunların Lənkəran şəhərindəki hərbi şəhərciyində 60 mənzildən ibarət yaşayış binası ailəli hərbi qulluqçuların istifadəsinə verilmişdir. Mülki Müdafiə Qoşunlarının hərbi şəhərciyində isə bütün növ mebel və avadanlıqlarla təmin edilmiş 40 mənzildən ibarət yaşayış binasının yaxın müddətdə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Görülən işlərin daha da təkmilləşdirilməsi üçün hərbi hissələrin komandanlığına müvafiq tövsiyələr verilmişdir.

Tədbirlərin keçirilməsi komandanlıq və şəxsi heyət tərəfindən razılıqla qarşılanmışdır.

                                                                                                  Mətbuat xidməti