Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı Ombudsman tərəfindən silsilə tədbirlər təşkil olunmuşdur

Xəbər verildiyi kimi, Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova tərəfindən silsilə tədbirlər təşkil olunmuşdur.

Növbəti belə silsilə tədbirlər Ombudsmanın Şəki Regional Mərkəzi tərəfindən Şəki şəhər 2 saylı tam orta məktəbdə, adı çəkilən rayonun Orta Zəyzid və Oğuz rayonunun Yaqublu kəndlərində, Cəlilabad Regional Mərkəzi tərəfindən isə Cəlilabad Tibb Kollecində və Woodpecker Ticarət Mərkəzində keçirilmişdir.

Bu tədbirlərdə yerli icra və özünüidarəetmə orqanlarının nümayəndələri, çoxsaylı sakinlər, müəllim və şagirdlər iştirak etmişlər.

İlk öncə Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Adı çəkilən regional mərkəzlərin rəhbərləri Pərviz Məmmədov və Ziya İsmayılov çıxışlar edərək bildirmişlər ki, Azərbaycan xalqı öz müstəqilliyini bərpa etdikdən sonra hər bir sahədə olduğu kimi, ölkənin hüquq sistemində də islahatların həyata keçirilməsi, qanunvericilik bazasının formalaşdırılması zəruri olmuşdur. Ümummilli liderimizin hakimiyyətə qayıdışından öncə olan mövcud vəziyyət dövlətin qarşısında duran vəzifələrin həyata keçirilməsinə imkan verməmişdir. Heydər Əliyevin növbəti dəfə hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitliyin bərpası təmin edilmiş və nəticədə respublikamızın inkişafı üçün həyatı əhəmiyyət kəsb edən nəhəng sosial-iqtisadi layihələrin gerçəkləşməsinə zəmin yaranmışdır.

Qeyd edilmişdir ki, dahi şəxsiyyət Heydər Əliyev tərəfindən təməli qoyulmuş və 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın regionda lider dövlətə çevrilməsində xüsusi rol oynamışdır və respublikamızın iqtisadi inkişafında yeni dövrün əsasını qoymuşdur. Ulu öndərin hakimiyyətə qayıdışından sonra hüquqi dövlət quruculuğu sahəsində ardıcıl və bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən  davam etdirilən islahatlara başlanılmış, ölkəmizin dünyada müstəqil, hüquqi və demokratik dövlət kimi tanınması, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində ciddi tədbirlər həyata keçirilmişdir.

Ümummilli liderimizin təşəbbüsü və rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk konstitusiyası hazırlanmış, insan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğu bəyan edilmiş, ölkənin qanunvericilik bazası yaradılmış, insan hüquqlarının təmini istiqamətində bir sıra mühüm fərman və sərəncamlar imzalanmışdır.

Bildirilmişdir ki, 10 fevral 1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə ölüm cəzası ləğv edilmiş və bununla da Azərbaycan MDB məkanında bu cəzanı ləğv edən ilk ölkə kimi tarixə düşmüşdür. Həmçinin Heydər Əliyevin 22 fevral 1998-ci il tarixdə imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı və 18 iyun 1998-ci il tarixli “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamı insan hüquqları sahəsində ən mühüm sənədlərdəndir.

Regional mərkəzlərin rəhbərləri tərəfindən vurğulanmışdır ki, İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramında ilk dəfə “İnsan hüquqları üzrə Azərbaycan Respublikasının səlahiyyətli müvəkkilli təsisatının yaradılması” təsbit olunmuşdur. Azərbaycanda Ombudsman təsisatının özülünün qoyulması və inkişafı bilavasitə dünya şöhrətli siyasi xadim Heydər Əliyevin adı ilə bağlıdır. 28 dekabr 2001-ci il tarixdə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun qəbul edilməsi insan hüquqları sahəsində həqiqətən böyük dönüş nöqtəsi olmuşdur.

Ümummilli liderimizin siyasətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, insan hüquqları sahəsində islahatlar nəticəsində Azərbaycan bir çox göstəricilər üzrə sürətlə inkişaf edən ölkəyə çevrilmişdir. Dövlət başçısı tərəfindən insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində bir sıra fərman və sərəncamlar imzalanmış, dövlət proqramları qəbul edilmişdir ki, Azərbaycan Respublikasında “İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”, habelə 27 dekabr 2011-ci il tarixli sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılmasına dair Milli Fəaliyyət Proqramı”nın icrası da ölkədə insan hüquqlarının müdafiəsinə xüsusi önəm verilməsini bir daha sübut edir.

Tədbirlərdə iştirakçıların çoxsaylı sualları ətraflı cavablandırılmışdır.

Mətbuat xidməti