Hərbi hissələrə başçəkmələr davam etdirilir

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Komandanlığı və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanlığı ilə razılaşdırılmış plan-cədvəllərə müvafiq olaraq, Ombudsman Aparatının əməkdaşlarının həmin qurumların səlahiyyətli nümayəndələri ilə birgə hərbi hissələrə başçəkmələri müntəzəm qaydada davam etdirilir.

Ombudsman Aparatının əməkdaşları Fəzail Həsənov və Vüqar Heydərov, Daxili Qoşunların səlahiyyətli nümayəndəsi mayor Bədrəddin Əliyevlə birgə bu qoşunların Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsinə başçəkmə həyata keçirmişlər.

Başçəkmənin məqsədi şəxsi heyətin məişət şəraiti ilə tanış olmaq, onlarla rəftar və həmin hərbi hissədə insan hüquqlarının müdafiəsi vəziyyətinin araşdırılması, habelə hüquqi maarifləndirmə işinin aparılması olmuşdur.

Aparatın əməkdaşları tərəfindən hərbi hissənin bütün obyektlərinə, o cümlədən əsgər yataqxanasına, yeməkxanaya, mətbəxə, ərzaq anbarlarına, görüş yerinə, məişət otaqlarına, habelə ümumi əraziyə baxış keçirilmiş, hərbi qulluqçuların məişət şəraiti öyrənilmişdir.

Hərbi qulluqçuların hüquqlarının təmin olunması vəziyyəti, rəftar, qidanın və müalicə işinin keyfiyyəti, asudə vaxtın keçirilməsi üçün yaradılan şərait, həmçinin şəxsi heyətlə vətənpərvərlik və təlim-tərbiyə sahəsində aparılan iş müsbət qiymətləndirilmişdir.

Ombudsman Aparatının əməkdaşları hərbi hissənin müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, o cümlədən gizir və zabit heyəti ilə keçirilən görüşdə ölkəmizdə Ombudsman təsisatının səlahiyyətləri, insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqlarının müdafiəsi istiqamətində Müvəkkilin çoxşaxəli fəaliyyəti haqqında ətraflı məlumat vermişlər.

Görüş zamanı hərbi qulluqçular arasında nizamnamələrə uyğun rəftarın qurulmasının vacibliyi, həmçinin erməni təcavüzkarlarının doğma torpaqlarımızdan çıxarılmasına, vətənimizin ərazi bütövlüyünün bərpa edilməsinə hərbi qulluqçularımızın hazır olmalarının, eyni zamanda insanların təhlükəsiz yaşamaq hüququnun təmin olunmasının əhəmiyyəti xüsusi vurğulanmışdır.

Aparatın əməkdaşları tərəfindən görüşdə iştirak edən hərbçilərin sualları cavablandırılmışdır.

Görülən işlərin daha da təkmilləşdirilməsi üçün hərbi hissənin rəhbərliyinə müvafiq tövsiyələr verilmişdir.

Belə tədbirlərin keçirilməsi komandanlıq və şəxsi heyət tərəfindən razılıqla qarşılanmışdır.

Mətbuat xidməti