Ombudsman Novruz bayramı münasibətilə 4 saylı cəzaçəkmə müəssisəsində tədbir təşkil etmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova bayramlarda və əlamətdar günlərdə bir ənənə olaraq, əhalinin həssas qruplarına, o cümlədən qadın məhkumlara baş çəkir, onların hüquqlarının təmin olunması vəziyyətini araşdırır, bu qəbildən olan insanların çətinliklərini, problemlərini öyrənir və həllində yardımçı olur.

Müvəkkil xeyirxah missiyasına uyğun olaraq, Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru, xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilmiş Amalya Pənahova ilə birgə Novruz bayramı münasibətilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin qadınlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində tədbir təşkil etmişlər.

Tədbirdə Ombudsman Aparatının şöbə müdirinin müavini, Milli Preventiv Qrupunun üzvü Vəfa Verdiyeva, Ombudsmanın resurs mərkəzi olan Azərbaycan Qadın və İnkişaf Mərkəzinin nümayəndəsi Şövkət Xanməmmədova, ölkənin tanınmış mədəniyyət xadimləri, Penitensiar Xidmətin əməkdaşları, qadın məhkumlar iştirak etmişlər.

Amalya Pənahova çıxış edərək, təbriklərini və xoş arzularını bildirmiş, bu müəssisədə cəza çəkənlərə islah olunaraq ailələrinə, sağlam həyat tərzinə qayıtmağı, cəmiyyətə yararlı vətəndaşlar kimi formalaşmağı tövsiyə etmişdir.

Vəfa Verdiyeva bayram münasibətilə Ombudsmanın təbriklərini və xoş arzularını iştirakçılara çatdırmış, Azərbaycanda insan hüquqlarına, o cümlədən məhkumların hüquqlarına böyük diqqət yetirildiyini vurğulamışdır. O, dövlətimizin humanist siyasəti nəticəsində 61 Əfv sərəncamının imzalandığını və 11 amnistiya aktının həyata keçirildiyini söyləmişdir. Fəaliyyət göstərdiyi müddət ərzində Müvəkkilin vəsatətləri üzrə ümumilikdə 518 məhkumun, o cümlədən məhkum qadınların da əfv edilərək azadlığa buraxıldığı bildirilmişdir.

Eyni zamanda penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı yeni sərəncamın əhəmiyyəti vurğulanmışdır.

Ombudsmanın dəstəyi ilə Azərbaycan Qadın və İnkişaf Mərkəzi tərəfindən məhkumlara bayram sovqatı və şirniyyatlar paylanmışdır.

Müəssisə rəhbərliyi və qadın məhkumlar göstərilən qayğı və diqqətə, təşkil olunmuş bayram tədbirinə görə Müvəkkilə və A.Pənahovaya minnətdarlıqlarını bildirmişlər.

Tədbirin sonunda teatr-aktyor qrupu tərəfindən nümayiş etdirilmiş konsert proqramı maraqla qarşılanmışdır.

                                                                                                    

Mətbuat xidməti