Müvəkkilin nümayəndələri ümumtəhsil məktəbdə Novruz bayramına həsr olunmuş tədbirdə iştirak etmişlər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) nümayəndələri Nigar Ağayeva və Murad Babayev Bakı şəhəri Xətai rayonu, Ə.Əliyev adına 204 saylı tam orta məktəbin şagirdlərinin hazırladıqları “Novruz ətirli ingilis dili gecəsi” adlı tədbirdə iştirak etmişlər.

Şagirdlər xalqımızın milli bayramı olan Novruz bayramının tarixi, ənənələri barədə tədbir iştirakçılarına, o cümlədən beynəlxalq təşkilatların nümayəndələrinə ingilis dilində məlumat vermiş, intellektual müsabiqələr, mahnılar, şeirlər, rəqslər nümayiş olunmuşdur.

Müvəkkilin uşaq hüquqları üzrə ixtisaslaşmış müşaviri tədbirdə çıxış edərək, məktəb rəhbərliyini, müəllim və şagirdləri, tədbir iştirakçılarını Ombudsman Elmira Süleymanovanın adından qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etmiş, bu bayramın 2009-cu ildə UNESCO tərəfindən ümumdünya qeyri-maddi mədəni irsinin inciləri sırasına daxil edildiyini, BMT-nin Baş Assambleyasının 23 fevral 2010-cu il tarixli qətnaməsinə əsasən 21 mart tarixinin Beynəlxalq Novruz günü kimi elan edildiyini qeyd etmişdir.

N.Ağayeva  Ombudsman Aparatının Təhsil Nazirliyi ilə əməkdaşlıqda 2010-cu ildən etibarən ölkənin 130-dan artıq ümumtəhsil məktəbində həyata keçirdiyi Uşaq hüquqları üzrə Pilləli Tədris Proqramı çərçivəsində 2013-cü ildə bu məktəbdə adıçəkilən proqramın uğurla yerinə yetirildiyini bildirmişdir.

Milli dəyərlərimiz, adət-ənənələrimiz, mədəni irsimiz, tariximizin öyrənilməsi, qorunub saxlanılması, gələcək nəsillərə çatdırılması və beynəlxalq aləmdə yayılmasında uşaqların böyük rol oynadığını vurğulanmış, şagirdlərin istedadlarının üzə çıxarılması, inkişaf etdirilməsi və onlara milli adət-ənənələrimizin öyrədilməsi istiqamətində bu kimi tədbirlərin əhəmiyyəti qeyd olunmuşdur.

Mətbuat xidməti