Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən “Xocalı soyqırımının tanıdılmasında İslam həmrəyliyinin rolu” mövzusunda tədbir keçirilmişdir

Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən Göygöl rayon Mərkəzi Kitabxanasının akt zalında rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin,  digər dövlət qurumları nümayəndələrinin, fəal gənclərin, geniş ictimaiyyətin iştirakı ilə Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı olaraq “Xocalı soyqırımının tanıdılmasında İslam həmrəyliyinin rolu” mövzusunda tədbir keçirilmişdir.

İlk olaraq Xocalı faciəsi qurbanlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyu uğrunda canından keçmiş şəhidlərin əziz ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə açan Göygöl Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Babək Rəsulov tədbirin təşkilinə görə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovaya təşəkkürünü bildirmişdir. O, xalqımızın qan yaddaşı olan Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı ölkəmizin hər yerində olduğu kimi, Göygöl rayonunda da anım mərasimlərinin keçirildiyini, habelə əhalinin maarifləndirilməsi istiqamətində mütəmadi olaraq Ombudsmanın Gəncə Regional Mərkəzi ilə birgə tədbirlərin gerçəkləşdirildiyini qeyd etmişdir. 

Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov təqdimatla çıxışında vurğulamışdır ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və dinc Xocalı şəhərinə hücumu zamanı Azərbaycan xalqına qarşı soyqırımı beynəlxalq cinayəti törədilmişdir. Beynəlxalq hüquqa əsasən bu faciə BMT-nin 1948-ci il tarixli Genosid cinayətinin qarşısının alınması və cazalandırılması haqqında konvensiyası ilə tövsif edilməli, bu dəhşətli qırğını törətmiş canilər beynəlxalq hüquqi məsuliyyətə cəlb olunmalıdırlar.

Bu soyqırımının beynəlxalq səviyyədə tanınmasının Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirildiyini vurğulayan S.Abbasov Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, habelə bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atıldığını söyləmişdir.

Qeyd olunmuşdur ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və geniş vüsət almış “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır, bunun nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımla bağlı müvafiq qərarlar qəbul edilir.

Ombudsmanın Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Bəyanatının dünya ictimaiyyətinə göndərildiyi vurğulanmış və bu tədbirdə səsləndirilmişdir. Habelə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri və diaspor təşkilatlarımız tərəfindən Xocalı faciəsi ilə bağlı təşkil edilmiş anım mərasimlərində və konfranslarda, habelə ölkəmizdə keçirilən çoxsaylı silsilə tədbirlərdə həmin Bəyanatın səsləndirilərək iştirakçılara paylanıldığı diqqətə çatdırılmışdır.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dünyadakı müsəlman liderləri arasında İslam həmrəyliyi üçün dövlət səviyyəsində ilk dəfə təşəbbüs göstərilərək, böyük siyasi müdrikliklə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edildiyi bildirilmiş, Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınmasında İslam həmrəyliyinin də əhəmiyyətli olduğu, 57 müsəlman dövlətini özündə birləşdirən İslam Əməkdaşlıq Təşkilatının bu soyqırımını tanımasının, Azərbaycanın haqq səsinin dəstəkləməsinin İslam həmrəyliyinin ən bariz nümunələrindən olduğu qeyd edilmişdir.

Sonra faciənin canlı şahidlərinin danışdığı hadisələrin video görüntüləri nümayiş etdirilmişdir.

Mətbuat xidməti