Xocalı soyqırımı ilə əlaqədar Ombudsmanın Quba Regional Mərkəzi tərəfindən növbəti tədbir keçirilmişdir

Xəbər verildiyi kimi, Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın ay ərzində Bakıda və regionlarda təşkil etdiyi silsilə tədbirlər davam etdirilir.

Ombudsmanın Quba Regional Mərkəzi bu günlərdə Siyəzəndə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş növbəti tədbir keçirmişdir. Tədbirdə geniş ictimaiyyət nümayəndələri, müəllimlər və yuxarı sinif şagirdləri iştirak etmişlər.

İlk öncə Xocalı faciəsi qurbanlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyu uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Quba Regional Mərkəzin rəhbəri Bəhruz Əfəndiyev çıxışında Xocalı faciəsini Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biri olduğunu qeyd edərək, bu soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı insan olmaqla 613 nəfərin qətlə yetirildiyini, 8 ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki valideynini, 130 uşağın valideynlərindən birini itirdiyini, 1275 soydaşımızın girov götürüldüyünü, şəhərin yerlə yeksan edildiyini tədbir iştirakçılarına xatırlatmışdır.

Bildirilmişdir ki, Azərbaycan torpaqları işğalçı qüvvələrdən azad edilməli, soydaşlarımız zəbt edilmiş torpaqlara – Dağlıq Qarabağa və bitişik ərazilərə qayıtmalıdırlar. Bunu etmək qüdrətində olduğunu Azərbaycan Ordusu bir daha 2016-cı ilin aprel döyüşlərində sübut etmişdir. 2016-cı ilin dekabrında Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan əsgəri Çingiz Qurbanova dövlət başçısı cənab İlham Əliyev tərəfindən Milli Qəhraman adının və ailəsinə mənzil verilməsi də xüsusi qeyd olunmuşdur.

Ombudsman E.Süleymanovanın Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Bəyanatının nüfuzlu beynəlxalq təşkilatlara, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərildiyi vurğulanmışdır. Respublikamızın xarici ölkələrdəki səfirlikləri və Azərbaycanın diaspor təşkilatları tərəfindən Xocalı faciəsi ilə bağlı təşkil edilmiş konfranslarda və anım mərasimlərində, habelə ölkəmizdə keçirilən çoxsaylı tədbirlərdə həmin Bəyanatın səsləndirildiyi və iştirakçılara paylanıldığı diqqətə çatdırılmışdır.

Məktəblilərin faciə ilə bağlı əl işləri sərgilənmiş, iştirakçılar tədbirin təşkilinə görə Müvəkkilə təşəkürlərini ifadə etmişlər.

Mətbuat xidməti