Ombudsman BDU-nun Hüquq fakültəsində keçirilən magistr dissertasiyalarının müdafiəsinə rəhbərlik edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Bakı Dövlət Universitetinin Hüquq fakültəsində “Hüquqşünaslıq” ixtisasının “İnsan hüquqları” və “Tibbi hüquq” ixtisaslaşmaları üzrə magistrlik dissertasiyalarının müdafiəsi üçün yaradılmış ixtisaslaşdırılmış Elmi Şuralara rəhbərlik edib.

Məlumdur ki, yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar mövcud karantin rejiminin tələbləri nəzərə alınaraq, təlim-tədris prosesinin məsafədən təşkili həyata keçirilib və magistrantlar tədqiqat işlərini “Microsoft Teams” platforması vasitəsilə onlayn formada müdafiə ediblər.

Magistr dissertasiya işləri Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasında professor-müəllim heyətinin elmi rəhbərliyi ilə Azərbaycan və ingilis dillərində yerinə yetirilib.

İxtisaslaşdırılmış Elmi Şuranın sədri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili, hüquq üzrə fəlsəfə doktoru Səbinə Əliyeva magistrantların elmi və peşə hazırlığının, elmi diskussiya aparmaq bacarıqlarının yüksək səviyyədə olduğunu qeyd edib, onlara gələcək işlərində müvəffəqiyyətlər arzulayıb. Eyni zamanda insan hüquqları sahəsində tədrisin və tədqiqatların davam etdirilməsi məqsədilə bu sahədə elmi mövzulara daha geniş yer verilməsini təklif edib.

Sonda dissertasiya işlərinin müzakirəsi aparılıb, təqdim olunan işlər səsvermə yolu ilə müsbət qiymətləndirilib və müdafiədə iştirak edən 7 magistrantın hər biri “əla” qiymət alıb.