Ombudsmanın Gəncə Regional Mərkəzi onlayn hüquqi maarifləndirmə tədbiri keçirib

20 may 2020-ci il tarixdə Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən Tovuz rayon Gənclər Evinin əməkdaşlarının və fəal gənclərin iştirakı ilə “Ayrı-seçkiliklə mübarizə” mövzusunda onlayn hüquqi maarifləndirmə tədbiri keçirilib.

Görüşdə Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov bildirib ki, 18 iyun Milli İnsan Hüquqları günü ərəfəsində Müvəkkil Səbinə Əliyevanın təşəbbüsü ilə 18 may - 18 iyun tarixlərində “İnsan Hüquqları Aylığı”nın elan olunub və aidiyyəti dövlət qurumları, mərkəzi və yerli icra hakimiyyəti orqanları, elm-təhsil müəssisələri, vətəndaş cəmiyyəti institutları, o cümlədən qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri tərəfindən ölkənin bütün şəhər və rayonlarında xüsusi karantin qaydalarına riayət etməklə insan hüquqları ilə bağlı silsilə tədbirlər keçirilməsinə çağırış edilib.

Onlayn tədbirdə iştirakçılara ayrı-seçkiliyin hüquqi xarakteri, birbaşa və dolayı ayrı-seçkilik anlayışı, ayrı-seçkiliklə mübarizə sahəsində mövcud olan BMT, Avropa Şurası və Avropa Birliyi standartları, həmçinin Azərbaycan Respublikasının bu sahədə olan qanunvericilik aktları, ayrı-seçkiliyə qarşı mübarizə istiqamətində Avropa İnsan Hüquqları Məhkəməsinin bəzi presedentləri, həmçinin Ombudsman təsisatının bu sahədə təcrübəsi barədə ətraflı məlumatlar verən Səbuhi Abbasov iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Sonda tədbir iştirakçıları adından Tovuz rayon Gənclər Evinin direktoru Rauf Rüstəmov gənclərin hüquqi maarifləndirilməsi üçün təşkil edilən onlayn görüşə görə Müvəkkil Səbinə Əliyevaya dərin minnətdarlığını bildirib.