Ombudsmanın nümayəndəsi beynəlxalq tədbirdə Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri səsləndirib

26-27 noyabr 2019-cu il tarixlərində Kiyev şəhərində UNİCEF-in və Ukraynanın Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkilinin birgə təşkilatçılığı ilə BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının 30 illiyinə həsr edilmiş “Silahlı münaqişələr şəraitində uşaq hüquqlarının qorunması” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbirdə Azərbaycan, Gürcüstan, Bosnia və Herseqovina, Xorvatiyanın Ombudsmanları və ya onların nümayəndələri, Ukraynanın Ali Radasının sədri  və digər dövlət qurumlarının əməkdaşları, həmin ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, o cümlədən də Azərbaycan Səfirliyinin nümayəndəsi, beynəlxalq və qeyri-hökumət təşkilatların üzvləri və KİV təmsilçiləri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sektorunun müdiri Turan Cahangirova məruzə ilə çıxış edərək, mülki insanların, o cümlədən uşaqların hədəfə alınması və qətlə yetirilməsi məqsədi daşıyan qəddar əməllərlə müşahidə olunan və 30 ilə yaxındır ki, davam edən Ermənistanın təcavüzü və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan torpaqlarının iyirmi faizinin işğal olunduğunu bildirib. O, ölkəmizin qaçqın və məcburi köçkün probleminin ağır nəticələrindən əziyyət çəkən ölkələrdən biri olduğunu, bir milyondan artıq azərbaycanlının insan hüquqlarının kütləvi surətdə pozulduğunu və hələ də pozulmaqda davam etdiyini, hazırda isə ölkədə olan qaçqın və məcburi köçkünlərin 30 faizindən çoxunu uşaqlar təşkil etdiyini qeyd edib. Azərbaycanın işğal edilmiş ərazilərində yüz mindən artıq şagirdin təhsil aldığı 693 məktəbin, 855 uşaq bağçasının, 4 texniki məktəbin, 11 peşə məktəbinin dağıdıldığı vurğulanıb.

Bildirilib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində  193 azərbaycanlı körpə və uşaq erməni vandalları tərəfindən qətlə yetirilib, 61 uşaq itkin düşüb, 27-si isə hələ də əsirlikdədir. Təkcə Xocalı soyqırımı nəticəsində qətlə yetirilən 613 dinc sakin arasında 63 uşaq, 106 qadın olub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Xocalı hadisələri zamanı 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb. 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, son dövrdə 32 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 13-ü həlak olub, 19-u isə yaralanıb.

Bununla yanaşı, Müvəkkilin nümayəndəsi Xocalı soyqırımı, habelə Dağlıq Qarabağda və onun ətraf rayonlarında azərbaycanlılara qarşı törədilmiş qeyri-insani əməllərlə bağlı beynəlxalq qurumlara və xarici ombudsmanlara müraciət edərək, Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, dinc əhalinin qətlə yetirilməsinə, kütləvi şəkildə insan hüquqlarının pozulmasına son qoyulması, on üç yaşlı Aygün, doqquz yaşlı Fariz, iki yaşlı Zəhra kimi uşaqların öldürülməsinin və uşaqlara qarşı qəddar hərəkətlərin dayandırılması məqsədilə qətiyyətli səylər göstərməyə çağırıb. Xüsusi vurğulanıb ki, ölkə Müvəkkilinin bu çağırışları əks etdirən 128 bəyanatı BMT-nin Baş katibinə, İnsan Hüquqları üzrə Ali Komissarına, Qaçqınlar üzrə Ali Komissarına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına və bu qurumlara üzv olan ombudsmanlara, xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirliklərinə və respublikamızın xaricdəki səfirliklərinə, həmçinin ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporalarına ünvanlanıb.

Bununla yanaşı qeyd edilib ki, Müvəkkilin təşəbbüsü və dəstəyi ilə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Xocalı faciəsinin ildönümü ərəfəsində “Biz sülh elçisiyik! Bizə qoşulun”! devizi ilə ölkəmizin müxtəlif guşələrində yaşayan və təhsil alan 310.000-dən artıq məktəblinin, o cümlədən qaçqın və məcburi köçkün uşaqların imzaları toplanıb və Xarici İşlər Nazirliyinin dəstəyi ilə BMT Baş katibinin müavini, “Uşaqlar və silahlı münaqişələr” problemi üzrə xüsusi nümayəndəsinə göndərilib.

Həmin tədbirin panellərində silahlı münaqişə zamanı uşaqların təhsil, sağlamlıq və digər sosial hüquqlarının təbliği və təmini, eyni zamanda onlara səmərəli hüquqi və psixoloji yardımın göstərilməsi mövzularında müzakirələr aparılıb.

Bu müzakirələrdə T.Cahangirova Azərbaycanda məcburi köçkünlərin rifahının yüksəldilməsi, onların mənzil və digər sosial ehtiyaclarının ödənilməsi və hüquqlarının təmini sahəsində ölkə başçısının rəhbərliyi və nəzarəti altında həyata keçirilən çoxşaxəli tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib. 

Eyni zamanda qeyd edilib ki, beynəlxalq qurumlarla - BMT-nin müxtəlif struktur bölmələri, o cümlədən BMT QAK və UNİCEF-lə səmərəli əməkdaşlıq əlaqələri genişləndirilir, eləcə də əhalinin bu həssas qrupunun hüquqlarının öyrədilməsi üzrə ölkə ərazisinin 62 rayonunda məskunlaşmış məcburi köçkünlər üçün yerlərdə, o cümlədən döyüş bölgəsinə yaxın ərazilərdə davamlı və əhatəli maarifləndirmə tədbirləri davam etdirilir.

Bildirilib ki, Azərbaycan Ombudsman təsisatı İnnoçenti Tədqiqat Mərkəzinin tövsiyəsi ilə hələ 2008-ci ildə Avropa Uşaq Ombudsmanları Şəbəkəsinə (ENOC) üzv seçilmişdir. Müvəkkil həmin qurumla əməkdaşlıq çərçivəsində uşaq hüquqlarına dair müxtəlif işçi qruplarının üzvü kimi, öz innovativ təşəbbüsləri və zəngin təcrübəsi ilə bu təşkilata öz töhfələrini verir. Belə ki, məhz Azərbaycan Ombudsmanının tövsiyəsi üzrə 2010-cu ildən başlayaraq, ENOC tərəfindən Avropa Gənc Məsləhətçilər Şəbəkəsinin (ENYA) layihəsi həyata keçirilməkdədir.

Eyni zamanda, Müvəkkilə əlçatanlığın təmin edilməsi məqsədilə təsisatda 24 saat ərzində xidmət göstərən 916 nömrəli qaynar xəttə daxil olan zənglərlə bağlı görülmüş tədbirlər, ölkənin bir çox rayonlarını əhatə etməklə 2009-2010-cu tədris ilindən etibarən hər il keçirilən Uşaq hüquqları üzrə pilləli tədris proqramı barədə iştirakçılara məlumat verilib.

T.Cahangirova bu istiqamətdə fəaliyyətin təkmilləşdirilməsinə dair bir sıra təkliflər səsləndirərək, beynəlxalq hüququn norma və prinsipləri də rəhbər tutulmaqla məcburi köçkünlərin pozulmuş insan hüquqlarının bərpası, eyni zamanda insanlığa qarşı törədilən cinayətlərə düzgün hüquqi qiymət verilməsi və cəzalandırılması məqsədilə sanksiyaların tətbiq edilməsinin və bu sahədə vahid beynəlxalq sənədin qəbul edilməsininin vacibliyini vurğulayıb.

Azərbaycan Ombudsmanının bu sahədəki təcrübəsi tədbir iştirakçıları tərəfindən böyük maraqla dinlənilib və müsbət qiymətləndirilib.

Qeyd edilməlidir ki, həmin beynəlxalq tədbirdə Ermənistanın Ukraynadakı səfiri Tiqran Seyranyanın növbəti təxribatının qarşısı ona söz verilməməklə Ombudsman Aparatının sektor müdiri T.Cahangirova tərəfindən alınıb və səfir tədbiri yarımçıq tərk edib. Eyni zamanda, Ukraynanın Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Lyudmila Denisova tədbirin bağlanış mərasimindəki çıxışında bu məsələyə toxunaraq Azərbaycan nümayəndə heyətinin mövzu ətrafında çıxışı zamanı Ermənistanın Ukraynadakı səfirinin təhrif olunmuş bəyanatının yolverilməz olduğunu bildirib və Azərbaycanın ərazilərinin bir hissəsini işğal etmiş ölkənin səfirinin bu cür mövqeyinin yersiz olduğunu söyləyib.