Ombudsman Birləşmiş Millətlər Təşkilatının Qida hüququ üzrə xüsusi məruzəçisini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Azərbaycana fakt araşdırıcı missiya çərçivəsində səfər edən BMT-nin Qida hüququ üzrə xüsusi məruzəçisi xanım Hilal Elverin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşün məqsədi Azərbaycanda qida hüququnun təmin edilməsində göstərilən səyləri qiymətləndirmək, bu hüququn və İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktdan irəli gələn digər hüquqların yerinə yetirilmə vəziyyətini, kiçik və orta sahibkarlıq imkanlarını, qapalı və xüsusi tipli müəssisələrdə qida təminatı və qida təhlükəsizliyi məsələlərini təhlil etmək və qiymətləndirmək, bu sahədə qarşılıqlı əməkdaşlıq istiqamətlərini müzakirə etməkdən ibarət olub.  

Qonağı salamlayan Müvəkkil iqtisadi, sosial və mədəni hüquqların, o cümlədən qida hüququnun təmin edilməsi istiqamətində ölkədə görülmüş işlər, həyata keçirilmiş islahatlar, bu sahadə təsisatın fəaliyyəti barədə məlumat vermiş, BMT-nin Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupu ilə sıx əməkdaşlıq əlaqələri çərçivəsində Ombudsman yanında müvafiq İşçi Qrupunun təsis edildiyini və onun fəaliyyət istiqamətlərindən birinin də məhz ərzaq təhlükəsizliyi məsələləri olduğu diqqətə çatdırıb. 

Qeyd olunub ki, əhalinin təhlükəsiz ərzaq məhsulları ilə təmin edilməsi ölkənin iqtisadi və milli təhlükəsizliyinin ayrılmaz hissəsi olmaqla, dövlət üçün mühüm əhəmiyyət kəsb edən və həlli vacib olan sosial-iqtisadi məsələlərdən biridir. Bu sahə milli, iqtisadi, sosial, demoqrafik və ekoloji faktorların geniş spektrini əhatə edir və mümkün resursların səfərbər edilməsini, iqtisadi islahatlar strategiyasının işlənib hazırlanmasını, effektiv hüquqi normaların tətbiqini şərtləndirir. Bu baxımdan BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərində ərzaq təhlükəsizliyinin, dayanıqlı kənd təsərrüfatının təşviqinin, təmiz su və sanitariyanın təmini məsələlərinin ayrıca məqsədlər kimi nəzərə alındığı bir daha vurğulanıb və bunların hər biri üzrə ölkəmizdə ardıcıl köklü islahatların aparıldığı bildirilib.

E.Süleymanova qida təhlükəsizliyinin və bu sahədə hüquqların təmin olunmasının daha effektiv təşkili məqsədi ilə ictimai nəzarətin gücləndirilməsinin, aidiyyəti dövlət qurumları, QHT və vətəndaş cəmiyyətləri arasında şəbəkə şəklində sıx əməkdaşlığın, operativ koordinasiyanın qurulmasının, Ombudsmanın Regional mərkəzlərinin imkanlarından istifadə etməklə bölgələrdə birgə monitorinqlərin aparılmasının vacibliyini bildirib. O, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə marifləndirmə tədbirlərinin həyata keçirilməsinin daha da genişləndirilməsi üzrə müntəzəm işlərin aparıldığını vurğulayıb.  

Çıxış zamanı insan hüquqları sahəsində biliklərə və təcrübəyə malik olan müstəqil ekspertlərdən və QHT nümayəndələrindən ibarət Müvəkkil yanında müstəqil Ekspertlər Şurasının, Ombudsmanın yanında müxtəlif sahələr üzrə, o cümlədən iqtisadi, sosial və mədəni hüquqların müdafiəsi, biznes və insan hüquqları sahəsində təyin edilmiş ixtisaslaşdırılmış müşavirlərin fəaliyyəti barədə məlumat verilib.

O, habelə təsisatın əməkdaşlarının Dayanıqlı İnkişaf üzrə Əlaqələndirmə Şurasının işçi qruplarında təmsilçiliyi, ölkə üzrə könüllü hesabatların hazırlanmasında fəal iştiraki barədə qonaqları məlumatlandırıb.

E.Süleymanova eyni zamanda, Milli genofondun və gələcək nəsillərin sağlamlığının qorunması məqsədilə körpələrin və erkən yaşlı uşaqların ana südü ilə qidalanmasının təbliğ edilməsinin, “ana südü mətbəxləri”nin bərpa edilməsinin, süni qidaların keyfiyyətinə nəzarətin artırılmasının, məktəbəqədər təhsil müəssisələrində, orta və ali təhsil ocaqlarında qidanın təhlükəsizliyinə və rasionuna xüsusi diqqət yetirilməsinin, məktəbəqədər təhsil müəssisələrində bununla bağlı planlı və plandankənar monitorinqlərin keçirilməsinin, ət, yağ və digər süd məhsullarının, qida üçün istifadə olunan duzun və digər ərzaq məhsullarının keyfiyyətinə və satışına nəzarətin gücləndirilməsinin, ictimai iaşə obyektlərində  qida məhsulları ilə bağlı israfçılıq və bu israfçılıq nəticəsində yaranan böyük həcmli qida tullantılarına qarşı tədbirlərin görülməsinin, bununla əlaqədar marifləndirmə işinin aparılmasının zəruriliyini bir daha qeyd edib.

Görüşdə qonaqların sualları cavablandırılıb və müvafiq fəaliyyət istiqamətləri üzrə əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.