Yaponiya nümayəndə heyəti Ombudsman təsisatında qəbul olunub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Yaponiya Daxili İşlər və Rabitə Nazirinin Parlamentar Müavini cənab Hideo Ohnishinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətini Yaponiyanın Azərbaycandakı səfirliyinin attaşesi cənab Akira Sanno da müaşiyət edib.

Təsisatla tanışlıq məqsədi daşıyan bu görüşdə nümayəndə heyətini salamlayan Müvəkkil beynəlxalq təşkilatlar, beynəlxalq və regional ombudsman institutları, o cümlədən Asiya Ombudsmanlar Assosiasiyası (AOA), Beynəlxalq Ombudsmanlar İnstitutu ilə sıx əməkdaşlığın qurulduğunu, hər iki təşkilatın iclaslarına qatıldığını, AOA-nın Bakıda təşkil edilmiş Direktorlar Şurasının iclası, 2015-ci ildə AOA-ya vitse-prezident seçilməsi, Yaponiyanın Tokio və Nagasaki şəhərlərində təşkil edilmiş beynəlxalq konfranslarda iştirakı barəsində qonaqlara məlumat verib.

Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi nəzdində fəaliyyət göstərən Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvlərinin Yaponiya Beynəlxalq Əməkdaşlıq Təşkilatı və YUNESKO-nun bu ölkədəki Milli Federasiyasının təşkilatçılığı ilə keçirilmiş XVI Kanaqava Dünya Uşaq İncəsənət sərgisində iştirak etdiyini, Azərbaycan məktəblisinin ekoloji hüquqlar mövzusunda çəkdiyi rəsm işinin münsiflər heyəti tərəfindən fərqləndirilməsi və diploma layiq görüldüyünü diqqətə çatdırıb.

E. Süleymanova 1991-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra 2001-ci ildən Avropa Şurasının üzvü olan Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin icrası istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini, həmin öhdəliklərdən biri kimi ölkədə 2002-ci ildə ilk Ombudsman təsisatının yaradıldığını,  onun mandatı haqqında məlumat verərək, ötən müddət ərzində təsisatın özünü səmərəli hüquq müdafiə mexanizmi kimi təsdiq etdiyini bildirib.

Nümayəndə heyətininin üzvlərinin sualını cavablandırarkən, E. Süleymanova əhalinin müxtəlif kateqoriyalarının, o cümlədən, qadınların, uşaqların, əlilliyi olan şəxslərin, məhkumların, ahılların və digər qrupların hüquqlarını müdafiə etdiyini bildirmişdir. Vurğulanıb ki, Ombudsman öz fəaliyyətini mandatına müvafiq olaraq, hər hansı bir ayrı-seçkiliyə yol vermədən, müstəqillik, aşkarlıq və şəffaflıq prinsipləri üzərində qurur.

O həmçinin Ermənistanın Azərbaycana qarşı 30 ildən artıq davam edən hərbi təcavüzü nəticəsində soydaşlarımızın öz yurd-yuvalarından didərgin düşdüyünü, etnik təmizləməyə məruz qaldığını, dünya üzrə əhali nüsbətinə düşən qaçqın və məcburi köçkün bir faiz təşkil etdiyi halda, Azərbaycanda bu rəqəmin on faiz olduğunu, bir milyon soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, natamam ailələrin yarandığını, müharibə illərində valideynlərini itirmiş uşaqların sayının artdığını, ölkədə sağlaımlıq, təhsil və digər sosial sahələrdə  problemlərin yarandığını vurğulayıb. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində qaçqın və məcburi köçkünlər üçün yeni infrastrukturla təhciz edilmiş qəsəbələr salındığı və onların çadır düşərgələrindən həmin qəsəbələrə köçürüldüyü qeyd edilib.

Ombudsman bu silahlı münaqişənin ölkəmizə vurduğu ziyana baxmayaraq, ölkə Prezidentinin uğurla davam edən siyasəti nəticəsində qısa müddət ərzində əldə olunan sosial, iqtisadi inkişafın, bu istiqamətdə aparılan davamlı dövlət siyasəti nəticəsində yoxsulluğun 85 faizdən 4.9-5 faizə endiyini nəzərə çatdırıb.

Dövlətimizin humanist siyasəti nəticəsində ölkəmizdə qısa müddət ərzində 11 Amnistiya Aktı qəbul olunması, 65 əfv sərəncamı imzalanması, minlərlə insanın ailəsinə, cəmiyyətə qovuşmasını qeyd edərkən, müsbət təcrübə kimi Müvəkkil hər ayın sonu Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasına müraciət etdiyini və onun vəsatəti əsasında indiyədək 692 məhkumun azadlığa buraxıldığını da xüsusilə vurğulayıb.

Bundan əlavə o, 2008-ci ildə ölkəmizin BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyasının Fakültativ Protokolunu ratifikasiya etdiyi, Milli Preventiv Mexanizm funksiyalarını yerinə yetirən təsisat qismində Müvəkkilin müəyyən olunduğu, ötən müddət ərzində Milli Preventiv Qrup tərəfindən saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədikləri yerlərə, o cümlədən penitensiar müəssisələrə, müvəqqəti saxlama yerlərinə, psixiatriya xəstəxanalarına, habelə müvafiq sosial obyektlərə, ahıllar və əlilliyi olan şəxslər üçün internat evləri və pansionatlara müntəzəm olaraq qrup tərəfindən Ombudsman ilə birgə başçəkmələrin həyata keçirildiyi barəsində qonağa məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixdə imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Sərəncamının insan hüquqlarının effektiv təmini istiqamətində həyata keçirilən islahatların davamlılığı baxımından yeni mərhələ olduğu  bildirilib. Belə ki, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasının səmərəliliyinin artırılması üzrə ardıcıl tədbirlər görülmüş, minə qədər məhkuma elektron qolbaq tətbiq edilmiş və müvafiq cəzalarını çəkməklə onlara Elektron monitorinq mərkəzi tərəfindən fasiləsiz təsirli nəzarət həyata keçirilir.

E. Süleymanova “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icra vəziyyətinin monitorinqi məqsədilə ölkənin bir çox rayon və şəhərlərində deputatların, yerli icra hakimiyyəti, məhkəmə və hüquq-mühafizə orqanlarının, bələdiyyələrin, yerli QHT-lərin, KİV-lərin, o cümlədən qaçqın və məcburi köçkünlərin, etnik azlıqların yerli icmalarının nümayəndələrinin iştirakı ilə geniş ictimai dinləmələr keçirildiyini, nəticələrin  təhlil edilərək ümumiləşdirildiyini və müvafiq dövlət qurumlarına tövsiyələrlə müraciət edildiyini qeyd edib.

O həmçinin mütəmadi olaraq paytaxtda və regionlarda məcburi köçkünlər üçün yeni salınmış qəsəbələrdə icma əsaslı xidmətin təşkili üzrə böyük müsbət təcrübədən istifadə etməklə reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə məlumatlandırmanın həyata keçirildiyini də nəzərə çatdırılıb.

Ombudsman insan hüquqlarının qorunması, təbliği və təşviqində təsisatın çoxşaxəli fəaliyyəti sahəsində görülmüş işlər, uşaq hüquqları və işgəncə əleyhinə qaynar xəttlərin, regionlarda 35 rayonu əhatə edən 4 Regional mərkəzin, habelə uşaq və ahılların hüquqları üzrə resurs mərkəzlərinin fəaliyyəti və mütəmadi olaraq maarifləndirmə tədbirləri çərçivəsində uşaq hüquqları üzrə pilləli tədrisin, ahıllara pulsuz psixoloji, tibbi xidmətlərin təşkil edildiyini diqqətə çatdırıb. 

Həmçinin əhalinin müxtəlif qruplarının, xüsusilə qadınların, ahılların keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığının təmin olunması üzrə ölkəmizdə mütəmadi pulsuz tibbi müayinələrin həyata keçirilməsi, əhalinin sağlamlığının qorunması sahəsində profilaktik tədbirlərin keçirilməsi və digər bu kimi işlərin davam etdirildiyi söylənib.

Vurğulanıb ki, fəaliyyəti dövründə Müvəkkilin insan hüquqlarının səmərəli təmininə yönəlik 700-dən çox təklifi səlahiyyətli dövlət qurumlarına təqdim edilmiş, onların böyük əksəriyyəti artıq təmin olunmuşdur. Müvəkkilin dövlət qurumları, QHT-lər, o cümlədən hüquq müdafiəçiləri ilə sıx əməkdaşlıq etdiyi söylənib.

E. Süleymanova ölkədə institusional islahatlar barəsində danışaraq, əhalinin rifah halının yaxşılaşdırılması, dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və sosial xidmətlərə əlçatanlığının təmin edilməsi məqsədilə yaradılmış “ASAN Xidmət” və “DOST” mərkəzlərinin uğurlu fəaliyyəti barəsində qonaqları məlumatlandırıb.

Müvəkkil görüş zamanı qonaqları maraqlandıran sualları ətraflı olaraq cavablandırıb.

Cənab Hideo Ohnishi nümayəndə heyətinin üzvləri adından səmimi qəbul və təsisatın fəaliyyəti barəsində ətraflı məlumata görə E. Süleymanovaya təşəkkür etmiş, Müvəkkilin Azərbaycanda insan hüquqları sahəsində apardığı uğurlu işi ilə yanaşı, AOA vitse-prezidenti kimi inkişaf etməkdə olan Asiya ölkələrində də fəaliyyətini gücləndirməyə davam etdirəcəyini vurğulamış, onun bu sahədə fəaliyyətinin çoxşaxəliliyini yüksək qiymətləndirmişdir.

Tədbirin sonunda tərəflər qarşılıqlı olaraq təsisatlarını təbliğ edən simvolik hədiyyələr təqdim etmişlər.