Ombudsman Aparatının rəhbəri ATƏT-in Əlavə İnsan Ölçüsü üzrə Görüşünə qatılıb

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı 2019-cu il iyulun 15-16-da Vyana şəhərində ATƏT-in Slovakiya sədrliyi və Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun birgə təşkilatçılığı ilə “ATƏT-in İnsan ölçüsündə effektiv çoxtərəfli diplomatiya” mövzusunda keçirilən ATƏT-in Əlavə İnsan Ölçüsü üzrə Görüşündə iştirak edib.

Gündəliyə əsasən sözügedən tədbir 3 sessiyada öz işini davam edib.

Ombudsmanın nümayəndəsi tədbirin “Çoxtərəfli əməkdaşlıq ATƏT-ə üzv dövlətlərdə Mili İnsan Hüquqları İnstitutlarının effektivliyinin və müstəqilliyinin artırılması vasitəsi kimi” adlı II və “Qadın və qız uşaqlarına qarşı onlayn zorakılığa çoxtərəfli cavablar” adlı III sessiyalarında müvafiq mövzularla bağlı məruzə ilə çıxış edib.

A.Səfixanlı adı çəkilən sessiyalarda çıxış edərək Azərbaycanda insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi və təmini istiqamətində hüquqi islahatların uğurla davam etdirildiyini, artıq 17 ildir ölkəmizdə Ombudsman təsisatının yaradıldığını və uğurla fəaliyyət göstərdiyini, təsisatın fəaliyyətinin Konstitusiya statuslu qanunla tənzimləndiyini, Müvəkkilin fəaliyyətinin Milli İnsan Hüquqları Təsisatı olaraq Paris Prinsiplərinə uyğun qurularaq müstəqil fəaliyyət göstərməsi üçün istər qanunvericilikdə, istərsə də təcrübədə tam təminat verildiyini diqqətə çatdırıb.

O daha sonra Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında nəzərdə tutulmuş müddəaların həyata keçirilməsi istiqamətində müvafiq dövlət orqanları tərəfindən kompleks tədbirlərin həyata keçirildiyini, bu istiqamətdə vətəndaş cəmiyyəti təşkilatları ilə sıx əməkdaşlıq edildiyini, Milli Fəaliyyət Proqramının təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi məqsədilə respublikamızın hər bir rayonunda yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının, bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının, KİV nümayəndələrinin, dairə seçki komissiyaları sədrlərinin iştirakı ilə ictimai dinləmələrin keçirildiyini, 18 iyun Azərbaycanda insan hüquqları günü ərəfəsində həm dövlət qurumları, həm də vətəndaş cəmiyyəti institutlarının fəal iştirakı ilə “insan hüquqları aylığı”nın  keçirildiyini, Avropa Birliyi tərəfindən həyata keçirilən Twinning, TAİEX layihələri və Şərq tərəfdaşlığı proqramında yaxından iştirak edildiyini bildirib.

Eyni zamanda məlumat verilib ki, fəaliyyəti dövründə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müsbət təcrübələr əldə edilmiş, dövlət orqanları və vətəndaş cəmiyyəti üzvləri ilə səmərəli əməkdaşlıq əlaqələri yaradılmışdır.

Habelə, Azərbaycan Respublikasının milli qanunvericiliyində hüquq bərabərliyinin, qadınlara və qız uşaqlarına qarşı ayrı-seçkiliyin və zorakılığın yolverilməzliyinin təsbit olunması, son illərdə ölkəmizdə insan hüquqlarının təmin olunması sahəsində həyata keçirilən uğurlu islahatlar nəticəsində yeni qanunvericilik aktlarının qəbul edilməsi, Milli Fəaliyyət Plan və Proqramlarının qadınlara qarşı zorakılıqla daha ciddi mübarizənin əsas istiqamətlərinin müəyyən edilməsi, gender əsaslı zorakılığın, o cümlədən məişət zorakılığının qarşısının alınması üzrə kompleks tədbirlərin nəzərdə tutulması, “Azərbaycan Respublikasında məişət zorakılığının aradan qaldırılması və onunla mübarizəyə dair 2019-2023-cü illər üçün Milli Fəaliyyət Planı”, həmçinin, CEDAW Komitəsinin ümumi tövsiyələrinin, Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının, Avropa Şurasının gender Bərabərliyi Strategiyasının icrasının təmin olunması məqsədilə “Gender Bərabərliyi üzrə 2019-2024-cü illər üçün Milli Fəaliyyət Planı” layihəsinin hazırlanması barəsində iştirakçılara geniş məlumat verilib.

Aparat rəhbəri Ombudsmanın zorakılığa məruz qalmış şəxslərin, o cümlədən qadın və uşaqların hüquqlarının müdafiəsi ilə bağlı həyata keçirdiyi fəaliyyət və əldə olunmuş müsbət təcrübələrini diqqətə çatdırıb.  

Tədbirdə iştirakçılara Azərbaycan Ombudsmanının insan hüquqlarının müdafiəsi sahəsində çoxşaxəli fəaliyyəti barəsində verilmiş məlumat maraqla qarşılanmış və  müsbət qiymətləndirilmişdir.