Ölkəmizdə “Qahirə+25” konfransına hazırlıq kampaniyasına start verilib

 

Ombudsman BMT-nin Əhali Fondu ilə birgə Lənkəranda Ümumdünya Əhali gününə həsr edilmiş regional konfrans keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili BMT-nin Əhali Fondu ilə birlikdə Lənkəran şəhərində 11 iyul - Ümumdünya Əhali gününə həsr edilmiş regional konfrans təşkil edib.

Tədbirin keçirilməsində məqsəd ölkəmizdə “Qahirə+25” konfransına hazırlıq kampaniyasının başlanmasının elan olunması, bu prosesdə respublikamızın iqtisadi və sosial inkişafı, əhalinin problemlərinin həllində, habelə insan hüquqları sahəsində əldə etdiyi uğurlara əsaslanaraq insan hüquqları üzrə Milli Fəaliyyət Proqramı və Dayanıqlı İnkişaf Məqsədləri nəzərə alınmaqla vəziyyətin daha da təkmilləşdirilməsi üzrə tövsiyələrin müzakirə olunması idi.

Konfransda Ombudsman Elmira Süleymanova, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, BMT-nin Əhali Fondunun ölkə üzrə nümayəndəsi Fərid Babayev, Lənkəran şəhəri ilə yanaşı, region rayonlarından - Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lerik və Astaranın icra hakimiyyəti orqanlarının, təhsil və səhiyyə şöbələrinin rəhbərliyi, icmaların nümayəndələri, geniş ictimaiyyət, fəal qadınlar, sahibkarlar və gənclər iştirak edib.

İlk öncə konfrans iştirakçıları Ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini yad ediblər. Sonra qonaqlar tədbirin keçirildiyi Heydər Əliyev Mərkəzi və Muzeyi ilə tanış olublar.

Ombudsman konfrans iştirakçılarını, Lənkəranın və adı çəkilən digər rayonların təmsilçilərini Ümumdünya Əhali günü münasibətilə təbrik edib, xoş arzularını bildirib. O, məruzə ilə çıxış edərək Ümumdünya Əhali Gününün yaranma tarixindən məlumat verərək, 30 il bundan öncə 1989-cu ildə BMT-nin İnkişaf Proqramının İdarə Şurasının 11 iyul tarixini Ümumdünya Əhali günü kimi təsis etdiyini, ilk dəfə olaraq 1990-cı ildə qeyd edilən bu günün əsas məqsədinin dünya əhalisinin bərabərlik, sağlamlıq, yoxsulluq, insan hüquqları və digər əhəmiyyətli məsələlər üzrə məlumatlılıq səviyyələrinin artırılması, onların problemlərinə xüsusi diqqət ayırmaqla bir çox istiqamətlərdə köklü irəliləyişlərə nail olmaqdan ibarət olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Müvəkkil Ümumdünya Əhali Günü təsis edildikdən 5 il sonra, 1994-cü ildə keçirilən və bu il 25 illiyi qeyd edilən, habelə iştirakçısı olduğu Əhali və İnkişaf üzrə Qahirə Konfransının, həmçinin 1999-cu ildə Haaqa şəhərində keçirilmiş “Qahirə+5” konfransının məqsəd və məramları barədə geniş məlumat verib. Bildirilib ki, Qahirə Konfransının qarşıdakı illər üzrə müəyyən etdiyi proqramında demoqrafik problemlər, kişilərin və qadınların bərabər hüquqlarının təmin edilməsi və qadınların səlahiyyətləndirilməsi, qadınlara qarşı zorakılığın aradan qaldırılması, ailə məsələləri, reproduktiv sağlamlıq və ailə planlaşdırılması, ana və körpə ölümü, təhsil və sağlamlıq hüquqları, yoxsulluğun aradan qaldırılması, əhalinin bütün təbəqələrinin, o cümlədən uşaqların, gənclərin, ahılların hüquqları kimi problemlər önə çəkilmişdir. Bu məsələlərin hər zaman öz aktuallığını saxlaması, XXI əsr üçün müəyyən olunmuş BMT-nin Minilliyin İnkişaf Məqsədləri, 2016-2030-cu illər üçün nəzərdə tutulmuş Dayanıqlı İnkişaf Məqsədlərində də bəzilərinin öz əksini tapması Qahirə Konfransının və qərarlarının böyük əhəmiyyətini sübut edir. 

E.Süleymanova qeyd edib ki, ölkənin əsas qanunu olan Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi müəyyən edilməsi əhali problemlərinin həllinin möhkəm hüquqi bazaya söykəndiyini göstərir.

Müvəkkil ayrı-seçkiliyə yol verilməməsi, əhalinin bütün qruplarının hüquq və azadlıqlarına hörmət edilməsi və onların təmin olunmasının fəaliyyətinin əsas prinsiplərindən olduğunu bildirib. Ombudsmanın fəaliyyəti barədə ətraflı məlumat verilərək qeyd edilib ki, məqsədi hər bir kəsin bərabərlik prinsipi əsasında bütün hüquqlarını təmin etmək naminə fərdlə dövlət arasında körpü rolu oynayaraq demokratik idarəetməni təkmilləşdirmək, dövlət qurumları tərəfindən insan hüquqlarının təmin olunması, qanunun aliliyinin bərqərar olunması yolu ilə sabitlik və hərtərəfli dayanıqlı inkişafa dəstək verməkdir və bu məqsədlə ölkənin bütün şəhər və rayonlarını əhatə edən sistemli, dinamik, müntəzəm iş aparılır.

Qahirə Konfransının vacib məsələlərindən olan gender bərabərliyinə nail olunması məsələsinə toxunan Ombudsman vurğulayıb ki, qadın sahibkarlığının inkişaf etdirilməsi, kiçik və orta bizneslərin yaradılması, qadınların özünüməşğulluq proqramlarına cəlb olunması, onların imkanlarının genişləndirilməsi nəticəsində onlara qarşı iqtisadi istismar və zorakılıq hallarının azaldığı müşahidə olunur. Müxtəlif sahələrdə çalışan fəal və peşəkar qadınların imkanlarını genişləndirməyə şərait yaradan genderə həssas münasibətin təbliğinin aparılması, qərar qəbuletmə səlahiyyətləri barədə qadınların kifayət qədər məlumatlandırılması, onların seçkilərdə və ictimai həyatda fəallığının genişləndirilməsi sahəsində məsuliyyətinin artırılmasına imkan yaradan dialoq və əməkdaşlığın, həmçinin ətraf rayonları da əhatə etməklə regional sığınacaqların yaradılması üzrə təkliflər barədə söz açılıb. Ombudsman təsisatı tərəfindən qızların və oğlanların təhsilə cəlb olunmasının monitorinqi də aparılır və bu iş müntəzəm davam etdirilir.

Həmçinin keyfiyyətli səhiyyə xidmətlərinin əhali üçün əlçatanlığının təmin olunması, reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə ölkəmizdə mütəmadi pulsuz tibbi müayinələrin həyata keçirilməsi, peyvəndlərin vurulması, əhalinin sağlamlığının qorunması sahəsində profilaktik tədbirlərin keçirilməsi və digər bu kimi işlər davam etdirilir.

Diqqətə çatdırılıb ki, paytaxtda və regionlarda, məcburi köçkünlər üçün yeni salınmış qəsəbələrdə icma əsaslı xidmətin təşkili üzrə böyük müsbət təcrübədən istifadə etməklə reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə məlumatlandırma işi davam etdirilir. Ölkənin şəhər və rayonlarında olarkən xəstəxanalara və tibbi obyektlərə, doğum evlərinə baxışlar keçirilir və müvafiq qurumlara tövsiyələr verilir.

Ombudsman bildirib ki, 30 ilə yaxın davam edən erməni təcavüzü nəticəsində zəbt olunmuş torpaqlarımız və bir milyondan çox qaçqın və məcburi köçkünümüz olsa da, ölkədə mövcud olan sabitlik və inkişaf nəticəsində Azərbaycan beynəlxalq miqyasda bir çox göstəriciyə görə nəinki regionda, MDB-də, hətta dünya ölkələri sırasında öndər yeri tutmuşdur.

Qeyd edilib ki, torpaqlarımızın geri qaytarılması, ədalətli sülhün imzalanması, habelə qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, Qarabağ Müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərin həyat şəraitinin yaxşılaşdırılması, yeni mənzillərin tikilməsi və paylanması, onların sosial məsələlərinin həll edilməsi, iş yerlərinin açılması və özünə məşğulluq imkanlarının artırılması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva tərəfindən davamlı işlər aparılır.

Bu isə bütövlükdə respublikamızda əhalinin məmnunluğunun, hər bir ölkənin əsas sərvəti sayılan insan resurslarının inkişafı ilə bağlı görülən işlər, əldə edilmiş nailiyyətlər, eləcə də insan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl və məqsədyönlü fəaliyyət ölkənin mühüm sosial-iqtisadi inkişafının göstəricisidir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Hadi Rəcəbli bu əlamətdar günün və konfransın əhəmiyyətini vurğulayıb, aktual mövzu ilə əlaqədar fikirlərini söyləyib.

Millət vəkili Azərbaycanda ailə, uşaq və demoqrafiya məsələləri dövlətin diqqətində olduğunu bildirib, ölkəmizdə bu sahədə müsbət statistik tendensiya barədə məlumat verib. O, ölkəmizin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük qayğısı nəticəsində hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkənlərin sayının azaldığını, qadınlara və uşaqlara  xüsusi diqqət göstərildiyini söyləyib. Eyni zamanda ana südü ilə qidalanma, duzun yodlaşdırılması və digər məsələlərin vacibliyi, Ombudsmanın daim insan hüquqları baxımından bu mövzulara böyük önəm verdiyi vurğulanıb.

BMT-nin Əhali Fondunun rəhbəri Fərid Babayev Ümumdünya Əhali Gününün mahiyyəti və Qahirə Konfransı məqsədləri barədə məlumat verərək, cari ilin noyabr ayında Keniyanın Nayrobi şəhərində “Qahirə+25” konfransının keçiriləcəyini bildirib. O, insan hüquqları sahəsində Ombudsman təsisatı ilə səmərəli əməkdaşlığı yüksək dəyərləndirib, təmsil etdiyi qurumun fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.

Sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin birinci müavini Möhübbət Babayev, Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Qərənfil Əhmədova, Lerik rayon Ağsaqqallar Şurasının sədri Həmzə Vəliməmmədov, Masallı rayon Heydər Əliyev Mərkəzinin nəzdində “Qadın Resurs Mərkəzi”nin rəhbəri Nərgiz Muxtarova, Neftçala Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, Biləsuvar Rayon İcra hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova, Salyan Rayon Ağsaqqallar Şurasının üzvü, rayon Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev, Astara Rayon Təhsil şöbəsinin müdiri Rəşad Həsənov, Yardımlı Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Məmmədova və digərləri konfransın əhəmiyyətini vurğulayaraq, təmsil etdikləri rayonlarda aparılan geniş sosial-iqtisadi inkişaf, abadlıq-quruculuq işləri, yerli əhalinin rifah halının yaxşılaşması barədə ətraflı məlumat veriblər.

Hər rayon üzrə nümayəndələrə Qahirə Konfransının əsas məqsəd və məramlarından ibarət nəşr və Dayanıqlı İnkişaf Məqsədləri kitabçası verilmişdir.

Sonda müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

“Qahirə+25” konfransına hazırlıq kampaniyasına start verildiyi Lənkəran şəhərində interaktiv şəkildə keçirilən ilk regional konfransda məzmunlu çıxışlar və iştirakçıların fəallığı ilə aparılan geniş müzakirələr zamanı Qahirə Proqramının da prioritetlərinə və məqsədlərinə uyğun olaraq, son 25 ildə dövlətimizin iqtisadi və sosial sahələrdə inkişafı ilə ölkə əhalisinin bütün qruplarının həyat şəraitinin və rifahının keyfiyyətcə və böyük sıcrayışla yüksəldiyi bir daha öz təsdiqini tapıb və belə tədbirlərin davamlı olmasının vacibliyi vurğulanıb.

Tədbir iştirakçıları bu cür maraqlı konfransa görə Müvəkkilə dərin təşəkkürlərini bildirmişlər. 

Bu kampaniya çərçivəsində növbəti konfransın Şəkidə keçirilməsi nəzərdə tutulub.