Liderlik Məktəbinin üzvləri Ümumdünya Ətraf Mühitin Mühafizəsi gününə həsr edilmiş tədbir keçirmişlər

Bu günlərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi ötən illərdə olduğu kimi bu il də 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi günü münasibətilə maarifləndirmə tədbiri keçirmişdir.

Qala qəsəbəsindəki Eko Park: Ekoloji Tədqiqatlar Mərkəzində təşkil edilmiş “Sağlam ətraf mühit naminə çalışaq” adlı tədbir uşaqların ekologiyanın qorunması, yurd sevgisi, zəngin təbii sərvətlərimizdən səmərəli istifadə edilməsi ruhunda tərbiyə olunmasına, onların ekoloji şüurunun formalaşmasına, həmçinin bioloji müxtəlifliyin mühafizəsinə yönəlib. Tədbirdə Ombudsmanın Ekoloji hüquqlar üzrə ixtisaslaşmış müşaviri Gülnar Rəhimova, Eko Park: Ekoloji Tədqiqatlar Mərkəzinin direktoru Tahir Şıxəliyev, ARDNŞ-in nümayəndələri, Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik məktəbinin üzvləri iştirak ediblər.

Tədbir çərçivəsində uşaqların plastik məişət tullantılarından hazırlanan əl işlərindən ibarət maraqlı sərgi təşkil edilib.

Ombudsman Aparatının əməkdaşı, Müvəkkilin Ekoloji hüquqlar üzrə ixtisaslaşmış müşaviri Gülnar Rəhimova çıxışında Uşaqların Beynəlxalq Müdafiəsi və Ümumdünya Ətraf Mühitin Mühafizəsi günləri, Ombudsmanın insan hüquqları, o cümlədən uşaq hüquqları, vətəndaşların ekoloji hüquqlarının müdafiəsi və təmini sahəsində çoxşaxəli fəaliyyəti, ekoloji mədəniyyətin təbliği və formalaşdırılması istiqamətində keçirdiyi tədbirlər, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə qarşılıqlı əməkdaşlığın qurulduğu, birgə tədbirlərin təşkil olunduğu haqqında ətraflı məlumat verildi.

Qeyd edildi ki, bu qəbildən olan tədbirlər Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın ötən illərdən start verilmiş “Ətraf mühitin mühafizəsinə dair beynəlxalq dialoq” (IDEA) global gənclik ekoloji kampaniyasına qoşulmaq, uşaqların ekoloji məsələlər ətrafında birləşdirilməsi, dünyanın qarşılaşdığı ən vacib qlobal məsələlərdən biri olan ekoloji tarazlığın pozulması və ekologiyanın çirklənməsi probleminə inteqrasiyası məqsədini daşıyır.

Vurğulandı ki, Ümummilli liderimiz Heydər Əliyevin məqsədyönlü siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqları ilə müvafiq sahədə mühüm işlər aparılır, ekoloji tarazlıq balansının gözlənilməsi üzrə tədbirlər görülür, əhalinin ekoloji hüquq və vəzifələrinin həyata keçirilməsi, həmin istiqamətdə maarifləndirmə təmin edilir.

Eko Parkın Ekoloji Tədqiqatlar Mərkəzinin direktoru Tahir Şıxəliyev tədbirin keçirilməsi üçün təşəbbüsə, habelə ekoloji hüquqların təmin olunması sahəsində çoxşaxəli fəaliyyətinə, uşaqların ekoloji siyasət layihələrinə cəlb olunmasının təmininə və bu sahədə maarifləndirilmələrinə görə Ombudsmana təşəkkürünü bildirib.

Tədbirin rəsmi hissəsində Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik Məktəbinin yetirmələrinin ekoloji hüquqların həyata keçirilməsi  sahəsində apardıqları işlər barədə məlumatlar və prezentasiyalar dinlənilmişdir. Onlar bu mövzuda bir-birindən maraqlı ədəbi təqdimatlar, eləcə də maraqlı solo musiqi ifaları ilə çıxış etdilər.

Tədbirin sonunda Liderlik məktəbinin üzvləri Park ərazisində xatirə ağacı əkdilər.