Ombudsman Ramazan Bayramı ərəfəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış “Qayğı” Uşaq Reabilitasiya Mərkəzində təşkil olunmuş tədbirdə iştirak edib.

“Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin sədri Sevinc Abdullayeva qonaqları salamlayıb, ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqlara, rəhbərlik etdiyi təşkilata daim göstərilən diqqət və dəstəyə görə ölkə prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun rəhbəri xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib. O, rəhbərlik etdiyi təşkilatın məqsədinin xüsusi qayğıya ehtiyacı olan, o cümlədən bu Mərkəzdə serebral iflici olan uşaqların cəmiyyətə inteqrasiyasının təmin edilməsindən ibarət olduğunu vurğulayıb.

Elmira Süleymanova 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü və qarşıdan gələn Ramazan Bayramı münasibətilə uşaqları, onların valideynlərini və Mərkəzin kollektivini təbrik edərək xoş arzularını bildirib.

Ombudsman bütün uşaqların, o cümlədən bu qəbildən olan şəxslərin hüquqlarının müdafiəsi və reabilitasiyası ilə bağlı məsələlərin dövlət tərəfindən xüsusi diqqətdə saxlanıldığını, onların inkişafı üçün zəruri tədbirlərin görüldüyünü, ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqlara, o cümlədən Daun və autizm sindromları, serebral iflici olan uşaqlara qayğı göstərildiyini bildirib.

Serebral iflici olan uşaqların vəziyyətini diqqətdə saxlayan Müvəkkil onların reabilitasiyası sahəsindəki səmərəli işinə görə “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinə və bu quruma böyük həvəslə, bacarıqla rəhbərlik edən S.Abdullayevaya fəaliyyətinə görə təşəkkür edib.  

Uşaqlar şeirlər söyləyib, rəqs nümunələri ilə çıxış edəndən sonra nağıl qəhrəmanları tərəfindən onlar üçün musiqili əyləncə təşkil edilib.

Yeri gəlmişkən, İnsan Hüquqları Aylığı çərçivəsində və Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Ombudsman “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin strukturuna daxil olan Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində uşaqlarla görüşüb, onları Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən bu Mərkəzin  direktor müavini Zərifə Məmmədovaya təqdim etdiyi “Qızıl çinar” beynəlxalq mükafat münasibətilə təbrik edib və xoş arzularını çatdırıb.