Milli Preventiv Qrupun üzvləri tərəfindən başçəkmələr davam etdirilir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən növbəti başçəkmə əvvəlcədən xəbərdarlıq edilmədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsinin (RPİ) Müvəqqəti saxlama yerinə həyata keçirilmişdir.

Başçəkmədə məqsəd saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması, qanunvericiliyə müvafiq şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olmuşdur.

Müvəqqəti saxlama yerinə (MSY) başçəkmə çərçivəsində saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, habelə həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan sənədlər araşdırılmış, kameralara baxışlar keçirilmiş, qidalanma, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları, kameradan çıxarılma və sovqat ilə bağlı sənədləşmə yoxlanılmış, mövcud ehtiyaclar öyrənilmişdir.

Başçəkmə zamanı MSY-də saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması məqsədilə MPQ üzvləri tərəfindən saxlanılan şəxslər fərdi qaydada qəbul edilmiş, müraciətləri dinlənilmiş, hər birinə Ombudsmanın səlahiyyətləri izah olunmuş və hüquqi məsləhətlər verilmiş, bir sıra müraciətlər isə yerində araşdırılaraq təmin edilmişdir.

BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmənin yekununda Nərimanov RPİ-nin və MSY-nin əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər aparılmış, müraciətlərin göndərilməsi, sənədləşmə, qeydiyyatla bağlı müəyyən edilmiş bəzi nöqsanların aradan qaldırılması məqsədilə müvafiq tövsiyələr verilmişdir.

Başçəkmənin nəticəsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət olunacaqdır.