"Narkomaniya və digər zərərli vərdişlərə yox deyək!" mövzusunda maarifləndirici tədbir keçirilib

Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən Samux rayonu İnstitut qəsəbə tam orta məktəbində həmin rayon Təhsil şöbəsinin əməkdaşlarının, məktəb şagirdlərinin geniş iştirakı ilə “Narkomaniya və digər zərərli vərdişlərə yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.

Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov çıxış edərək  tədbirin şagirdlər arasında sağlam həyat tərzinin, hüquqi biliklərin təbliğinə bir töhfə olduğunu və bu istiqamətdə məktəblərdə kütləvi tədbirlərin keçirilməsinin önəmli olduğunu vurğulayıb. O, narkotik vasitələrin, siqaretin, spirtli içkilərin istifadəsi nəticəsində insan səhhətinə vurulan ölümcül fəsadlar barədə danışıb. Tədbirdə narkomaniyanın mənfi tibbi və sosial, hüquqi nəticələri barədə ətraflı məlumatlar verilərək bununla bağlı mövcud olan cinayət və inzibati xətalar sahələrinin hüquq normaları şagirdlərin diqqətinə çatdırılıb.

Qeyd edilib ki, dövlətimizdə ali məqsədlərdən olan uşaq hüquqlarının təmini, müdafiəsi və təşviqi sahəsində Ombudsman təsisatı tərəfindən də innovativ təşəbbüslər əsasında müntəzəm olaraq silsilə tədbirlər keçirilir. S.Abbasov Ombudsmanın Aparatında və regional mərkəzlərində uşaq hüquqları üzrə müşavirləri, 916 qaynar xətt xidməti, uşaq hüquqları resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi və bu təşkilatın nəzdində Liderlik Məktəbinin fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Müvəkkilin təşəbbüsü ilə ölkəmizin rayonlarını geniş əhatə etməklə uşaq hüquqları üzrə pilləli tədris layihəsinin uğurla davam etdirilməsi vurğulanıb.

Aktiv müzakirələr şəraitində davam edən tədbirdə şagirdlərin verdikləri suallar ətraflı cavablandırılıb.

Tədbirin sonunda narkomaniyanın mənfi fəsadlarından bəhs edən video çarxlar nümayiş etdirilib.