Ombudsman Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbərini qəbul etmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyinin yeni rəhbəri cənab Vladimir Georgiyevi qəbul etmişdir.

Görüşün məqsədi BMqT və Ombudsman Aparatının qarşılıqlı əməkdaşlığı çərçivəsində miqrantların insan hüquqlarının müdafiəsi sahəsində mövcud olan problemlərin müəyyən edilməsi, həlli yollarının tapılması, bu sahədə strateji prioritetlərin və innovasiyaların tətbiqinə dair fikir və məlumat mübadiləsi aparmaq olmuşdur. Bundan başqa, bu qəbildən olan şəxslərin hüquqlarının müdafiəsi üzrə əməkdaşlığın davam etdirilməsi sahəsində müzakirələr aparılmışdır.

E.Süleymanova qonağı salamlayaraq və təyinatı münasibətilə təbrik edərək, ölkəmizdə uğurla həyata keçirilən islahatlar nəticəsində davamlı miqrant axınının tənzimlənməsi ilə bağlı bir sıra işlər görüldüyünü, o cümlədən son illərdə miqrantların hüquq və azadlıqlarının müdafiəsi üzrə qanunvericiliyə əlavə və dəyişikliklər edildiyini və institusional sahədə bir sıra tədbirlər həyata keçirildiyini qeyd etmişdir. Belə ki, Müvəkkil son dövrdə miqrasiya proseslərinin tənzimlənməsi və idarəedilməsi sahəsində Dövlət Miqrasiya Xidməti tərəfindən yeni yanaşmalar tətbiq edilməklə görülən işləri xüsusi vurğulayaraq, müsbət nəticələrin əldə edildiyini, o cümlədən bu Xidmətlə yaradılmış sıx əməkdaşlıq sayəsində miqrantların hüquqlarının daha səmərəli həyata keçirilməsinə nail olunduğunu bildirmişdir.

O, həmçinin bu şəxslərin mövcud problemlərinin müəyyənləşdirilməsinin, sənədsiz miqrantların üzləşdikləri çətinliklərin aradan qaldırılması üçün onlara pulsuz hüquqi məsləhətlərin verilməsinin, həmin şəxslərin hüquqi vəziyyətini tənzimləyən milli qanunvericiliyin və beynəlxalq sənədlərin, o cümlədən mədəniyyətimizin, dilimizin, dinimizin təbliğinə dair ixtisaslaşmış modulların hazırlanmasının vacibliyini vurğulamışdır.

Ombudsman təsisatının BMT-nin müxtəlif struktur bölmələri, o cümlədən BMqT ilə səmərəli əməkdaşlıq əlaqələri qurulduğu qeyd edilərək, bunun bariz nümunəsi kimi əməkdaşlıq çərçivəsində həyata keçirilmiş “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi”, ”Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialların artırılması” kimi layihələr vurğulanmışdır.

Eyni zamanda, miqrantların hüquqlarının müdafiəsi sahəsində Ombudsman təsisatının gördüyü işlər barədə qonağa məlumat verilərək, son illər ölkəmizdə miqrasiya proseslərinin idarə olunması mexanizminin təkmilləşdirildiyi, bu kateqoriyadan olan şəxslərə qarşı ayrı-seçkiliklə mübarizənin, onlara fərdi yanaşmanın Müvəkkilin insan hüquqları sahəsində həyata keçirdiyi fəaliyyətin prioritet istiqamətlərindən olduğu bildirilmişdir. Ombudsmanın dörd regional mərkəzinin, təsisatda qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sektorunun, eyni zamanda bu sahə üzrə ixtisaslaşmış müşavirin fəaliyyət göstərdiyi, həmin sektorda vətəndaşlığı olmayan şəxslərin, əcnəbilərin, ölkəmizdə sığınacaq axtaran şəxslərin də müraciətlərinə baxıldığı, bununla yanaşı ölkədən kənarda yaşayan vətəndaşlarımızın hüquqlarının müdafiəsi məsələsinin daimi Müvəkkilin nəzarətində saxlanıldığı vurğulanmışdır.

Müvəkkil dövlət qurumları, vətəndaş cəmiyyəti üzvləri və yerli icmalar da cəlb edilməklə bu istiqamətdə paytaxt və regionlarda, həmçinin sərhəd-buraxılış məntəqələrində birgə hüquqi maarifləndirmə tədbirlərinin daha da genişləndirilməsini, ölkədə və dünyada miqrasiya üzrə baş verən yeniliklərin əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, həmçinin Azərbaycan Respublikası vətəndaşlarına çatdırılması məqsədilə birgə hüquqi nəşrlərin, plakatların işlənib hazırlanmasını, qanunsuz miqrantların saxlanma yerlərində saxlanılan şəxslərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün sosial tədbirlər keçirilməsini təklif etmişdir.

Görüş çərçivəsində hazırda ölkəmizdə hazırlanmaqda olan “2019-2023-cü illər üzrə beynəlxalq miqrasiyanın idarəedilməsinə dair Azərbaycan Respublikasının Strategiyası”, “2019-2024-cü illər üzrə Azərbaycan Respublikasının Miqrasiya üzrə Milli Strategiyası”, o cümlədən də “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın insan hüquqları kontekstində həyata keçirilməsi üzrə əməkdaşlıq istiqamətləri müzakirə edilmişdir.

V.Georgiyev Müvəkkilə faydalı fikir mübadiləsinə və tövsiyələrə görə minnətdarlığını bildirərək, onun fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulamışdır. O, Ombudsman təsisatı ilə qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu söyləmiş, habelə görüşdə səsləndirilən təkliflərin gələcək əməkdaşlıq çərçivəsində nəzərə alınacağını qeyd etmişdir.

Qonaq Müvəkkilə səmimi qəbul, səmərəli təkliflər üçün təşəkkür etmişdir.