Milli Preventiv Qrup tərəfindən Penitensiar Xidmətin Həbsxanasına başçəkmə həyata keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qobustanda yerləşən Həbsxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib.

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftarın, habelə daxil olmuş müraciətlərin araşdırılması, məhkumların hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə çərçivəsində müəssisənin məhkumların saxlandığı rejim korpuslarına, cərimə təcridxanasına, tibb-sanitar hissəsinə və digər obyektlərə baxışlar keçirilib, saxlanılma şəraiti, habelə tibbi yardımın təşkili, qidalanma, içməli isti və soyuq su təminatı, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb. Müəssisənin bəzi rejim korpuslarının kameralarında saxlanılma şəraitinin təkmilləşdirilməsinə ehtiyacın olduğu müşahidə edilib.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı rəftar məsələlərinin araşdırılması ilə bağlı həmin müəssisədə çoxsaylı məhkumlar təkbətək qəbul edilib, saxlanılma şəraiti, görüş, telefon danışığı, tibbi yardımla bağlı məsələlər araşdırılıb, habelə bir sıra müraciətlər yerində təmin olunub.

Araşdırmanın nəticələri ilə bağlı aidiyyəti qurumlara müraciət olunacaq.