Ombudsman “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində silsilə tədbirlər təşkil edir

Məlum olduğu kimi, BMT Baş Məclisinin 1999-cu ildə elan etdiyi 25 noyabr - Qadınlara qarşı zorakılığın ləğv olunması uğrunda beynəlxalq mübarizə günündən başlanılan və 10 dekabr – Beynəlxalq İnsan Hüquqları gününədək davam etdirilən “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasının əsas məqsədi qadınlara qarşı törədilən zorakılığın insan hüquqlarının kobud pozulması kimi təbliği istiqamətində yerli, milli, regional və beynəlxalq səviyyədə maarifləndirmə işinin aparılmasıdır.

Ölkəmizdə bu kampaniya çərçivəsində ilk günlərdən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova xüsusi fəallıq göstərir, paytaxt və regionlarda geniş ictimaiyyətin, o cümlədən qadınların və yeniyetmələrin iştirakı ilə silsilə maarifləndirmə tədbirləri təşkil edir.

Belə ki, Ombudsmanın Ahılların Resurs Mərkəzində, Uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) Liderlik Məktəbində, eyni zamanda Gəncə Regional Mərkəzi tərəfindən Samux şəhəri 2 saylı tam orta məktəbdə, Gəncə Tibb Kollecində və bu şəhərdəki digər təhsil müəssisələrində, Şəki Regional Mərkəzi tərəfindən Oğuz rayonunun Qarabulaq və Qax rayonunun Qaradolaq kəndlərində, Şəki Dövlət Regional Kollecində, Cəlilabad Regional Mərkəzi tərəfindən Cəlilabad Tibb və Musiqi kolleclərində, 7 və 8 saylı tam orta məktəblərdə, adı çəkilən rayon Mərkəzi Kitabxanasında, ADPU-nun Cəlilabad filialında, habelə Salyan şəhər A.Səfərov adına İnteqrasiya təlimli İnternat tipli Gimnaziya və Lənkəran Peşə Liseyində, Quba Regional Mərkəzi tərəfindən isə Quba şəhər 2 nömrəli məktəb-liseydə və adı çəkilən mərkəzdə silsilə tədbirlər keçirilib.

Təşkil olunmuş həmin tədbirlərdə dövlət qurumlarının əməkdaşları, QHT-lərin nümayəndələri, bələdiyyə üzvləri, fəal gənclər, müəllimlər və məktəblilər, geniş ictimaiyyət iştirak edib.

Ombudsman Aparatının əməkdaşları, adı çəkilən regional mərkəzlərin rəhbərləri Müvəkkilin salamlarını və xoş arzularını iştirakçılara çatdırıblar. Onlar çıxış edərək bildiriblər ki, “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası hər il ölkəmizdə də, xüsusi ilə Ombudsman tərəfindən müxtəlif tədbirlərlə fəal şəkildə qeyd olunur.

Diqqətə çatdırılıb ki, ölkəmizin Konstitusiyasında və milli qanunvericiliyimizdə, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalarda, o cümlədən BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyasında (CEDAW) hüquq bərabərliyi, qadınlara qarşı ayrı-seçkiliyin və zorakılığın yolverilməzliyi təsbit olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin insan hüquqlarının təmin olunması sahəsində həyata keçirdiyi uğurlu islahatlar nəticəsində yeni qanunvericilik aktları, sərəncamları ilə Milli Fəaliyyət Planları və Proqramları qəbul edilmiş, yeni qurumlar yaradılmışdır. 2011-ci ildə sonuncu qəbul olunmuş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 2.15-ci bəndində qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə bağlı mübarizənin gücləndirilməsi, bu cür zorakılığın qurbanları üçün hüquqi müdafiə vasitələrinin, zəruri kompensasiyanın, reabilitasiyanın, tibbi və psixoloji yardımın təmin olunması sahəsində tədbirlərin səmərəliliyinin artırılması bir məqsəd kimi qarşıya qoyulmuşdur.

Ombudsmanın insan hüquqları, o cümlədən qadın hüquqlarının təmini sahəsində çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumat verilib. Onun bu istiqamətdə səmərəli təklifləri səsləndirilib. Belə ki, valideynlər arasında olan bəzi münaqişəli vəziyyətlərdə uşaqların manipulyasiyaya, əzablara məruz qalmamasının vacibliyi; Avropa Şurasının Uşaqların cinsi istismar və sui-istifadədən müdafiəsinə dair Konvensiyasının, həmçinin Avropa Şurasının qadınlara qarşı zorakılıq və məişət zorakılığına dair İstanbul Konvensiyasının ratifikasiya edilməsi; “Uşaqların cismani cəzadan müdafiəsi haqqında”, Reproduktiv sağlamlığa dair yeni strategiyanın hazırlanıb qəbul edilməsi; bütün ölkə boyu hüquqi maarifləndirilməsi işinin gücləndirilməsi və çap məhsullarının hazırlanması; regionlarda qadınların fəallığının, təşəbbüskarlığının artırılması, lider qadınlar, sahibkarlar və müxtəlif qeyri-hökumət təşkilatlarında təmsil olunan fəal qadınlar şəbəkəsinin yaradılması və onun gender bərabərliyinin təmin edilməsinə dəstək istiqamətində təşkilatlandırılması və digər təkliflər bu qəbildəndir.

İnteraktiv müzakirələr şəraitində keçən tədbirlərdə iştirakçıların sualları ətraflı cavablandırılıb və onlar “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində belə tədbirlərin təşkilinə görə Müvəkkilə təşəkkürlərini bildiriblər.