Ombudsman “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasının başlanması münasibətilə təşkil olunmuş açılış konfransında çıxış edib

“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasının başlanması münasibətilə açılış konfransı təşkil olunub. Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova, dövlət qurumlarının, beynəlxalq təşkilatların, QHT-lərin və KİV-lərin nümayəndələri iştirak edib.

Konfransın təşkilatçıları olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və BMT-nin ölkəmizdəki rezident-əlaqələndiricisi Qulam İshaqzai iştirakçıları salamlayaraq, tədbirin və adı çəkilən kampaniyanın məqsəd və məramı barədə ətraflı məlumat veriblər.

Ombudsman çıxışında bu konfransın BMT-nin 1999-ci ildə bəyan etdiyi 25 noyabrdan 10 dekabradək qadınlara qarşı zorakılığın ləğv olunması uğrunda beynəlxalq mübarizəyə həsr olunduğunu  və Azərbaycanın burada hər il fəal iştirak etdiyini bildirib. O, bu il BMT-nin insan hüquqları sahəsində təməl sənədi olan və 10 dekabr tarixində qəbul edilən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 70 illiyinin qeyd edildiyini vurğulayıb.

Diqqətə çatdırılıb ki, BMT-nin 1993-cü ildə Vyanada keçirilmiş insan hüquqları üzrə ilk qlobal konfransında fəaliyyət proqramı qəbul edilib və burada göstərilir ki, qadınlara münasibətdə zorakılıq BMT-nin qarşısında qoyulan məqsədlər, bərabərlik, inkişaf və sülhə nail olmaqda ən çətin maneələrdəndir. Nəhayət 20 dekabr 1993-cü ildə BMT-nin Baş Assambleyası Qadınlara qarşı zorakılığın aradan qaldırılmasına dair Bəyannamə qəbul edir, bu sənəd 1995-ci il qadınların IV Ümumdünya Konfransının Pekin platforması ilə birgə bütün dünyada zorakılıqla mübarizənin təməl əsasıdır. Vyana konfransı həm də hər bir dövlətə insan hüquqları ilə bağlı milli fəaliyyət planı qəbul etməyi tövsiyə etmişdir.

Ölkəmizin Konstitusiyasında və milli qanunvericiliyimizdə, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalarda, o cümlədən BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyada (CEDAW) hüquq bərabərliyi, qadınlara qarşı ayrı-seçkiliyin və zorakılığın yolverilməzliyi təsbit olunmuşdur.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin insan hüquqlarının təmin olunması sahəsində həyata keçirdiyi uğurlu islahatlar nəticəsində yeni qanunvericilik aktları, sərəncamları ilə Milli Fəaliyyət Plan və Proqramları qəbul edilmiş və yeni qurumlar yaradılmışdır. 2011-ci ildə sonuncu qəbul olunmuş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 2.15-ci bəndində qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə bağlı mübarizənin gücləndirilməsi, bu cür zorakılığın qurbanları üçün hüquqi müdafiə vasitələrinin, zəruri kompensasiyanın, reabilitasiyanın, tibbi və psixoloji yardımın təmin olunması sahəsində tədbirlərin səmərəliliyinin artırılması bir məqsəd kimi qarşıya qoyulmuşdur.

Ombudsman həmçinin “Azərbaycan Respublikasında məişət zorakılığının aradan qaldırılması və onunla mübarizəyə dair 2019-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın hazırlandığını və bununla bağlı təkliflər verdiyini söyləyib. O, digər hüquqlarla yanaşı qadın hüquqlarının, zorakılığa səbəb olan halların aradan qaldırılması və buna qarşı mübarizənin Müvəkkilin daim diqqət mərkəzində olduğunu, zorakılığa məruz qalmış şəxslərin, o cümlədən qadın və uşaqların hüquqlarının müdafiəsi, sağlam ailə mühitinin qorunması ilə bağlı ölkənin hər bir şəhər və rayonunda ictimai dinləmələr, müvafiq dövlət qurumları və beynəlxalq təşkilatlarla birgə paytaxtda və regionlarda müxtəlif tədbirlər təşkil etdiyini, maarifləndirmə işi apardığını, qanunvericiliyin və institusional mexanizmlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər verdiyini vurğulayıb.

Diqqətə çatdırılıb ki, təhsilin gender bərabərliyi və qadınların səlahiyyətlərinin genişləndirilməsini təmin edən ən qiymətli vasitələrdən biri olduğunu nəzərə alaraq, Ombudsmanın təşəbbüsü ilə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində “İnsan hüquqları” və “Genderə giriş” fənləri tədris edilir, mühazirələr toplusu hazırlanmışdır.

Həmçinin, Ombudsmanın təşəbbüsü ilə Təhsil Nazirliyi ilə əməkdaşlıqda orta ümumtəhsil məktəblərində 2009-2010-cu tədris ilindən etibarən hər il keçirilən və uğurla davam etdirilən Uşaq hüquqları üzrə pilləli tədris proqramına ölkədəki 170-dən çox məktəbin cəlb edildiyi, bu prosesdə fərqlənmiş 10 mindən artıq şagirdin, o cümlədən qızların sertifikatla təltif edildiyi, 800-dən çox müəllim və direktorun təşəkkürnamə aldığı, bu proqram çərçivəsində zorakılığın yolverilməzliyinin tədris oldunduğu bildirilib.

Ötən dövrdə BMT QAK-la birgə  Bakı, Gəncə, Goranboy, Mingəçevir və digər şəhər və rayonlarda salınmış məcburi köçkün qəsəbələrində keçirilən təlimlərdə minlərlə məcburi köçkünə təlimlər keçirilmiş, hər biri 3000 nüsxədə “Məişət zorakılığının qarşısını alaq” adlı vəsait, həmçinin “mühafizə orderi” haqqında məlumatları əks etdirən liflet və broşurlar çap edilərək paylanmışdır.

Rəsmi statistikanın təhlili erkən nikahın, cinsə görə abortların hələ də mövcudluğunu təsdiq edir. Odur ki, “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbul edilməsinin sürətləndirilməsi, icma səviyyəsində reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə zorakılığın aradan qaldırılması və onu törədən səbəblər (nakomaniya, spirtli içki aludəçiliyi və b.) nəzərə alınmaqla kompleks maarifləndirmə tədbirlərinin müntəzəm həyata keçirilməsi qadınlara qarşı zorakılığın qarşısının alınması, belə halların aşkarlanması, ailələrin bərpa olunması baxımından effektiv olduğu göstərilmişdir.

Bildirilib ki, son dövrlər qadın sahibkarlığının inkişaf etdirilməsi, orta və kiçik bizneslərin yaradılması, onların sayının artırılması və şəbəkə şəklində işlərinin əlaqələndirilməsi, habelə qadınların özünüməşğulluq proqramlarına cəlb olunması nəticəsində qadınlar arasında maddi asılılıq və iqtisadi zorakılıq azalmaqdadır.

Qadınlara qarşı zorakılıqla mübarizənin təşkilində qərar qəbuletmə səviyyəsində seçkili orqanlarda qadınların təmsilçiliyinin artırılmasının, son bələdiyyə seçkilərində seçilmiş üzvlərin 35 faizinin qadınlar təşkil etməsinin xüsusi əhəmiyyəti vurğulanıb. Bu baxımdan Müvəkkil qarşıdan gələn parlament və bələdiyyə seçkilərində qadınların daha fəal iştirak edərək təmsilçiliyinin artırılmasının vacibliyi diqqətə çatdırılıb.

Ombudsman BMT tərəfindən qəbul olunmuş Dayanıqlı İnkişaf Məqsədlərinin 5-ci məqsədinin də məhz gender bərabərliyinə nail olmaq, bütün qadın və qızlara səlahiyyətlər verməkdən ibarət olduğunu bildirib.

E.Süleymanova Gender əsaslı zorakılığa qarşı kampaniya zamanı Ombudsman təsisatı da paytaxtda və dörd regional mərkəzləri tərəfindən əhatə etdiyi 35 şəhər və rayonda hər il olduğu kimi, bu il də bir sıra tədbirlər həyata keçirərək, pilot layihə olaraq fərdi ailələrlə iş aparılacağını söyləyib.

Bu kampaniya zamanı qadınlara qarşı zorakılıq probleminə fərdi münasibət göstərilməli, bu məsələnin səbəblərini araşdırmağa, onların aradan qaldırılması yollarını üzə çıxarmağa, yaş baxımından xüsusi yanaşmaya, ana bətnində qadın cinsli dölü abortdan qorumağa, yeniyetmə qızların erkən və qeyri-rəsmi nikahlarının, erkən hamiləliyinin qarşısının alınmasına, əxlaqsızlıq yuvalarının aşkar olunaraq ləğv edilməsinə xüsusi diqqətin yönəldiləcəyi vurğulanıb.

Ombudsman qadınlara qarşı zorakılığın preventiv üsullarla qarşısını almaq, hüquqi maarifləndirmə, icma səviyyəsində ailələrlə görüşlər, söhbətlər və izahat işi aparmaq, həmçinin zorakılıq hallarının aşkar olunması, pozulmuş hüquqların bərpası, “Ailə psixoloqu” institutu, regional sığınacaqların yaradılması, zorakılığa məruz qalmış ailələrə maddi, mənəvi və psixoloji yardımların göstərilməsi, məişət zorakılığına qarşı mübarizə üzrə beynəlxalq təcrübənin öyrənilməsi, reproduktiv sağlamlıq strategiyasının inkişaf etdirilməsi, Reproduktiv sağlamlıq haqqında qanunun qəbul edilməsi, “Azərbaycan Ailəsi Strategiyası”nın hazırlanması işinin sürətləndirilməsi, Ailə Planlaşdırılması Mərkəzlərinin işinin səmərəliliyinin artırılması, habelə qızların təhsildən kənarda qalmasının qarşısının alınması üzrə tədbirlər görülməsi, ailədə qadınlara və qız uşaqlarına qarşı zorakılığın aradan qaldırılması, habelə qadınlara güzəştli kreditlərin verilməsi üzrə xüsusi proqramların hazırlanması təklifini illik məruzələrində səlahiyyətli qurumlara təqdim edildiyini bildirib.

Gələn il Azərbaycan hökumətinin CEDAW üzrə BMT-nin müvafiq Komitəsinə hesabat verəcəyini bildirən Ombudsman  həmin Komitənin əvvəlki tövsiyələrinin icrasına xüsusi diqqət yetirilməsinə və qadın hüquqlarının təmin olunması istiqamətində mövcud çətinliklərin aradan qaldırılması üzrə tədbirlər görməyə çağırıb.

Müvəkkil konfransda səmərəli təkliflər irəli sürüb. Belə ki, Avropa Şurasının Uşaqların cinsi istismar və sui-istifadədən müdafiəsinə dair Konvensiyasının, həmçinin Avropa Şurasının qadınlara qarşı zorakılıq və məişət zorakılığına dair  İstanbul Konvensiyasının ratifikasiya edilməsi; “Uşaqların cismani cəzadan müdafiəsi haqqında” qanunun qəbulu, Reproduktiv sağlamlığa dair yeni strategiyanın hazırlanıb qəbul edilməsi; ana bətnində olan qız dölünün abort olunmasının qarşısının alınması istiqamətində qanunvericilikdə əlavə və dəyişikliklərin edilməsi, habelə “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Qanunun, xalqın, millətin xüsusiyyətlərini, anasının nəslinin genetik kodunu özündə daşıyan ana südü ilə körpələrin qidalanmasının  geniş təbliğ edilməsi; bütün ölkə boyu hüquqi maarifləndirilməsi işinin gücləndirilməsi və çap məhsullarının hazırlanması; qadınların idarəetmədə qərar qəbul olunan vəzifələrdə təmsil olunmasının təşviqi, qadın sahibkarlığının, qadınların resurslardan istifadə etmək imkanlarının, regionlarda qadınların fəallığının, təşəbbüskarlığının artırılması, yerli QHT-lərin yaranması, onlara maliyyə dəstəyin verilməsi; lider qadınlar, sahibkarlar və müxtəlif qeyri-hökumət təşkilatlarında təmsil olunan fəal qadınlar şəbəkəsinin yaradılması və onun gender bərabərliyinin təmin edilməsinə dəstək istiqamətində təşkilatlandırılması; regional sığınacaqların yaradılması; insan hüquqları və qadın problemləri üzrə yazan jurnalistlər üçün treninqlərin keçirilməsi və digər təkliflər bu qəbildəndir.

Ombudsman sonda BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının bu il üçün bəyan etdiyi “İnsan hüquqlarının müdafiəsinə qalx” çağırışını da nəzərə alaraq, hər bir kəsi gender əsaslı zorakılıqla birgə səylərlə müntəzəm mübarizəyə dəvət edib.