Uşaq Hüquqları Aylığı çərçivəsində növbəti tədbirlər keçirilib

Məlum olduğu kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə hər il ölkəmizdə 20 oktyabr - 20 noyabr tarixlərində ənənəvi olaraq Uşaq Hüquqları Aylığı elan edilir. Aylıq çərçivəsində paytaxt və regionlarda uşaq hüquqları sahəsində silsilə tədbirlər həyata keçirilir.

Bu günlərdə Ombudsman Təhsil Nazirliyinin İlyas Əfəndiyev adına Elitar Gimnaziyasında müəllimlərin və çoxsaylı şagirdlərin iştirakı ilə uşaq hüquqları konvensiyası üzrə maarifləndirmə tədbiri təşkil edib. Tədbirdə çıxış edən Ombudsman Aparatının əməkdaşları İlahə Əfqanlı və Dilşad İsmayılova insan hüquqlarının tərkib hissəsi olan uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlətimizin uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib, Müvəkkilin fəaliyyətində uşaq hüquqlarının təmin olunmasına xüsusi diqqət yetirildiyi və təsisatda uşaqlara qarşı zorakılıq və digər hüquq pozuntuların vaxtında müəyyən edilərək araşdırılması məqsədilə 24 saat fəaliyyət göstərən 916 qaynar xəttini diqqətə çatdırıblar.

 Bildirilib ki, Ombudsmanın təşəbbüsü və Təhsil Nazirliyi ilə əməkdaşlıqda Bakı və regionlardakı orta ümumtəhsil məktəblərində 2009-cu ildən etibarən hər tədris ilində Uşaq hüquqları üzrə pilləli tədris proqramı uğurla həyata keçirilir. Uşaqların interaktiv tərzdə iştirakı ilə gerçəkləşdirilən tədris proqramı uşaq hüquqlarının öyrənilməsinə öz töhfəsini verməklə yanaşı, şagirdlərin bilik və natiqlik bacarıqlarının inkişaf etdirilməsi, eləcə də müvafiq fənn müəllimlərinin insan hüquqları sahəsində ixtisaslaşmasında mühüm rol oynayır. Ümumilikdə 2009-2010-cu tədris ilindən etibarən hər il keçirilən Uşaq hüquqları üzrə pilləli tədris proqramına ölkədəki 170-dən çox məktəb cəlb edilmiş, bu prosesdə fərqlənmiş 10000-dən artıq şagird Ombudsman tərəfindən sertifikatla təltif edilmiş, 800-dən çox müəllim və direktor təşəkkürnamə almışdır. Habelə Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində fəaliyyət göstərən Liderlik Məktəbi haqqında məlumat iştirakçıların diqqətinə çatdırılıb və şagirdlər Liderlik məktəbinin yeni dərs ilində təşkilata üzv olmağa dəvət edilib.

Tədbir mövzu ətrafında maraqlı diskussiyalarla davam edib, şagirdlərin sualları ətraflı cavablandırılıb. Ombudsman Aparatı tərəfindən çap olunmuş maarifləndirici nəşrlər məktəb kitabxanasına təqdim edilib.

Habelə Uşaq Hüquqları Aylığı çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə müəssisəsində saxlanılan yetkinlik yaşına çatmayan şəxslər üçün hüquqi maarifləndirmə tədbirləri təşkil olunub. Həmin tədbirdə Ombudsman Aparatının şöbə müdiri, Milli Preventiv Qrupun (MPQ) rəhbəri Rəşid Rumzadə, Aparatın Həbsdə saxlanılan şəxslərin və məhkumların hüquqlarının müdafiəsi sektorunun baş məsləhətçisi Lalə Əzimova, Penitensiar Xidmətin məsul nümayəndələri, adı çəkilən müəssisənin rəhbərliyi və əməkdaşları, yetkinlik yaşına çatmayan şəxslər iştirak ediblər.

Tədbirdə iştirakçılara Ombudsmanın salamları çatdırılıb, yetkinlik yaşına çatmayanlara diqqətin artırılması və hüquqlarının təmini vəziyyətinin daha da yaxşılaşdırılması, ölkədə bu sahədə görülən işlər haqqında geniş məlumat verilib. Uşaq hüquqları sahəsində mövcud olan beynəlxalq və milli qanunvericilik, BMT-nin Uşaq Hüquqları Konvensiyası, Pekin qaydaları və Ər-Riyad təlimatları əsasında müəyyən olunmuş hüquq və vəzifələr, bu hüquqların müdafiə mexanizmləri, həyata keçirilməli olan preventiv tədbirlər haqqında məlumatlar diqqətə çatdırılıb.

Ölkə Ombudsmanının uşaq hüquqları, xüsusilə də dövlət müəssisələrində saxlanılan uşaqların hüquqlarının təmini və müdafiəsi, Milli Preventiv Mexanizm qismində çoxşaxəli fəaliyyəti, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təklif və tövsiyələri qeyd olunub.

Ombudsmanın nümayəndəsi R.Rumzadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixli müvafiq Sərəncamının əhəmiyyəti vurğulayıb, cinayət törətmiş, hüquq pozuntusuna yol vermiş yetkinlik yaşına çatmayan şəxslərin də azadlıq hüququ ilə bağlı məhdudiyyətlərin tətbiq edilməsinin qarşısının alınması, bu istiqamətdə cinayət təqibi və cəza icra siyasətinin humanistləşdirilməsi, şəxsin cəmiyyətdən təcrid edilməsi təcrübəsindən getdikcə imtina edilməsi sahəsində mövcud yerli və xarici ölkələrin təcrübəsinə toxunub. Bildirilib ki, bu Sərəncamın effektiv tətbiqi Yuvenal Ədliyyə sisteminə və yetkinlik yaşına çatmayanlara münasibətdə hüquqi islahatlara da öz töhfəsini verəcəkdir. Fəaliyyət prosesində Yuvenal Ədliyyə prinsiplərinin nəzərə alınması, BMT-nin Uşaq Hüquqları Komitəsi, İşgəncələrin qarşısının alınması üzrə Alt Komitəsi və digər beynəlxalq təşkilatlar tərəfindən ölkəyə verilmiş bir sıra tövsiyələrin icrası baxımından da mühüm əhəmiyyət daşıyır.

Tədbir canlı diskussiya şəraitində davam edib, uşaqların çoxsaylı sualları ətraflı cavablandırılıb. Onlara hüquqları və Müvəkkilin səlahiyyətləri izah edilib, qaldırdıqları məsələlər üzrə hüquqi məsləhətlər verilib.

Bu tədbirlərdə iştirakçılar Uşaq Hüquqları Aylığının təşəbbüsünə və bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinə görə ölkə Ombudsmana təşəkkürlərini bildiriblər.