Bakıda Asiya Ombudsmanlar Assosiasiyasının Direktorlar Şurasının 21-ci iclası uğurla başa çatıb

30 oktyabr 2018-ci il tarixdə Bakı şəhərində Asiya Ombudsmanlar Assosiasiyasının (AOA) Direktorlar Şurasının 21-ci iclası uğurla başa çatıb.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova 2003-cü ildən AOA-nın üzvüdür və 2015-ci ilin noyabr ayında növbəti dörd il üçün həmin Assosiasiyanın vitse-prezidenti seçilmişdir.

İclasda AOA-nın prezidenti, Pakistanın Federal Ombudsmanı Syed Tahir Shahbaz və icraçı katibi Əbdül Xalıq, habelə AOA-nın üzvü olan ölkələrin Direktorlar Şurasındakı təmsilçiləri - Yaponiyanın, Çinin, İndoneziyanın, İran İslam Respublikasının, Malayziyanın, Çinin Xüsusi İnzibati Ərazisi olan Honkonqun və Rusiya Federasiyası Tatarıstan Respublikasının ombudsmanları, onların əməkdaşları olmaqla ümumilikdə 19 xarici qonaq, eyni zamanda ölkəmizdəki dövlət qurumlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

İlk olaraq iştirakçılar Fəxri Xiyabanı ziyarət edərək Ümummilli liderimiz Heydər Əliyevin məzarı önünə əklil qoyub və onun xatirəsini ehtiramla yad edib, habelə akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər düzülüb. İştirakçılar həmçinin Şəhidlər Xiyabanına gedərək, müstəqilliyimiz və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsini anıblar, “Əbədi məşəl” abidəsinin önünə də əklil qoyulub.

İclasın açılış sessiyasında Azərbaycan Ombudsmanı ölkəmizə təşrif buyurmuş qonaqları salamlayıb, giriş nitqində 100 il əvvəl Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğunu, ali hakimiyyətin Azərbaycan xalqına məxsusluğunu, bütün vətəndaşlara heç bir ayrı-seçkiliyə yol vermədən bərabər vətəndaşlıq, siyasi və başqa hüquqlar, o cümlədən qadınlara seçki hüququnun verildiyini, beynəlxalq birliyin üzvləri ilə, həmsərhəd dövlətlərlə dostluq əlaqələrinin qurulmasının təsbit olunduğunu, Xalq Cümhuriyyəti dövründə digər böyük tarixi uğurlarla yanaşı, müstəqil respublikamızın bir sıra dövlət institutlarının, o cümlədən Parlamentin, Milli Ordunun, Ədliyyə, Daxili və Xarici işlər nazirliklərinin, eyni zamanda Prokurorluğun və  digər orqanlarının yaradıldığını vurğulayıb.

Müvəkkil habelə bu ilin məhz insan hüquqlarının bərabərliyinin və hər-hansı bir ayrı-seçkilik növünün yolverilməzliyinin özündə əks etdirildiyi, dünyada insan hüquq və azadlıqlarını, sülhü, ədaləti bəyan edən, bəşəriyyət ailəsinin bütün üzvlərinin hüquqlarının təminatçısı olan bir sənəd - Birləşmiş Millətlər Təşkilatının Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 70 illiyinə təsadüf etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, İkinci Dünya müharibəsindən sonra yaranan BMT öz Bəyannaməsində hər üzv ölkə üçün inkişafın fundamental qlobal prinsipləri kimi, sülh, bərabərlik və əməkdaşlığı bəyan etmişdir.

Ombudsman Azərbaycan üçün ikinci mühüm tarixi hadisə kimi 1991-ci ildə müstəqilliyinin yenidən qazandığını, Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı 25 il ərzində ölkəmizdə bütün sahələrdə fundamental islahatlar, iqtisadiyyatın sürətli inkişafı, hazırda yoxsulluğun, işsizliyinin 5 faizə qədər azaldığını, insanların yaşayış standartlarının yüksəlməsini bildirib. Bunun nəticələri olaraq, iqtisadi və siyasi sabitliyə nail olunub və bunlar fundamental insan hüquqlarının, demokratik dövlətçiliyin təmin olunması üçün əlverişli mühit yaradıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan çoxmillətli və çoxkonfessional ölkə olmasına baxmayaraq, zəngin tolerantlıq və multikulturalizm siyasət təcrübəsinə malikdir və bunun nəticəsi kimi, respublikamız bir çox ölkələrlə və beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq yaradıb, müntəzəm olaraq keçirilən beynəlxalq tədbirlər üçün məqbul və etibarlı bir məkana çevrilib.

Müvəkkil bir neçə gün əvvəl 25-26 oktyabr 2018-ci il tarixdə baş tutan VI Beynəlxalq Humanitar Forumu və bu Forum çərçivəsində “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində regional tərəfdaşlığın gücləndirilməsi” mövzusunda Dayanıqlı İnkişafa dair Bakı Forumu, burada 90 ölkədən yüksək dövlət və beynəlxalq səviyyəli 500-dən çox vəzifəli şəxslərin, ekspertlərin, müxtəlif ölkə icmalarının qəbul etdiyi Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) milli səviyyədə inteqrasiyası və onların icrasının sürətləndirilməsinə dair qəbul olunmuş Bakı Prinsipləri  barədə məlumat verib. O, qeyd edib ki, Bakı Prinsipləri DİM-lərin icrasına dəstək məqsədilə təqdim olunan “İnteqrasiya, Sürətləndirmə və Siyasətə Dəstək” (MAPS) platforması müsbət təcrübə olduğuna görə digər ölkələrə də yol xəritəsi kimi tövsiyə olunub.

E.Süleymanova qonaqlara Azərbaycanda insan hüquqlarının təmini və müdafiəsi sahəsində görülən işlər barədə danışaraq bildirib ki, dövlətimizin siyasətində insan hüquqları prioritet məsələlərdəndir, ölkəmizdə insan hüquqları istiqamətində bir çox mühüm sənədlər qəbul edilib.

AOA-nın prezidenti, Pakistanın Federal Ombudsmanı Syed Tahir Shahbaz açılış nitqində bu iclasın ölkəmizdə keçirilməsinə şəraitin yaradılması üçün Azərbaycan tərəfinə minnətdarlığını bildirib. O, Assosiasiyanın fəaliyyətinin əhəmiyyətini vurğulayaraq, tədbirin AOA-nın üzv ölkələri arasında səmərəli əməkdaşlığın davam etdirilməsi üçün olduqca mühüm rol oynadığını söyləyib. S.T.Shahbaz tərəfindən Assosiasiyanın prioritetləri, əsas məqsəd və məramları bir daha səsləndirilib.

Sonra AOA-nın ötən ilin fəaliyyətinin yekun hesabatı, cari və zəruri məsələlər dinlənilib, Direktorlar Şurası tərəfindən AOA-nın üzv ölkələrinin sayının artırılması, fəaliyyətinin işıqlandırılması, insan hüquqları sahəsində ölkə təcrübəsi, innovasiyaları, növbəti illərə dair fəaliyyət istiqamətləri müzakirə edilib.

Tədbirin ikinci sessiyası iki mövzuya həsr olunub. Azərbaycan Ombudsmanının təklifi ilə Dayanıqlı İnkişaf Məqsədlərində təsbit olunmuş 10-cu məqsəd üzrə “Ölkədaxili və ölkələrarası bərabərsizliyi azaltmaq”, habelə Çin Ombudsmanının təklifi ilə “Gələcəkdə qarşılıqlı əməkdaşlığın təşviqi üçün faydalı fikir mübadiləsi” mövzuları üzrə interaktiv müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.

E.Süleymanova təklif etdiyi Dayanıqlı İnkişaf Məqsədlərində təsbit olunmuş 10-cu məqsəd üzrə “Ölkədaxili və ölkələrarası bərabərsizliyi azaltmaq” mövzusunun iştirakçılar tərəfindən aktuallığını və ümumi maraq kəsb etdiyini nəzərə alaraq, müzakirə mövzusu kimi qəbul etdikləri üçün təşəkkürünü bildirib və həmin mövzunun Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin bərabərlik və hər hansı bir ayrı-seçkiliyin qarşısının alınması prinsipinə uyğunluğunu qeyd edib. O, çıxışında bu əsrin əvvəlindən BMT tərəfindən iki uzunmüddətli strateji sənədin 2000-2015-ci illər üçün özündə səkkiz məqsədi əks etdirən Minilliyin İnkişaf Məqsədləri, 2016-2030-cu illər üçün özündə 17 məqsəd, 169 hədəf, 232 göstəricidən ibarət Dayanıqlı İnkişaf Məqsədləri bütün üzv ölkələr tərəfindən qəbul edildiyini, bu məqsədlərin çoxunun bilavasitə və ya dolayısı ilə insan hüquqları ilə bağlı olduğunu bildirib. Diqqətə çatdırılıb ki, qeyd olunan məqsədlərin hər-hansı bir ölkədə həyata keçirilməsi yalnız bütün milli və beynəlxalq maraqlı tərəflərin sıx  əməkdaşlığı nəticəsində mümkündür. Bu məqsədlə ölkəmizin Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə  Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, daha sonra həmin Şura tərəfindən İqtisadi inkişaf və layiqli məşğulluq, Sosial, Ekoloji məsələlər, Monitorinq və qiymətləndirmə istiqamətləri üzrə dörd işçi qrupları yaradılıb. Ölkəmizdə Milli Məclisin deputatlarının, nazirlik və dövlət komitələrinin yüksək vəzifəli şəxslərinin, hökumət orqanlarının, müstəqil Ombudsman institutu ilə birgə elm və müxtəlif sahələrin mütəxəssislərinin, habelə vətəndaş cəmiyyətinin ictimai fikir və təklifləri nəzərə alınaraq, Milli Məqsədlər müəyyənləşdirilib və 2017-ci ildə Azərbaycan Respublikası artıq BMT-yə ilk Milli Könüllü Hesabatı təqdim edib. Ölkə üzrə növbəti, ikinci Könüllü Hesabat 2019-cu ildə ölkəmiz tərəfindən təqdim olunması üçün hazırlanır.

Ombudsman “Ölkədaxili və ölkələrarası bərabərsizliyi azaltmaq” üzrə 10-cu məqsədlə bağlı ətraflı məlumat verərək bildirib ki, bərabərsizlik insan hüquqlarının pozulmasına, ölkə daxili və ölkələr arasında müxtəlif münaqişələrə səbəb olur və məhz buna görə 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərinin biri (10-cu məqsəd) məhz bu problemə həsr olunub. Həmin məqsəd digər məqsədlərlə birbaşa və yaxud dolayısı ilə bağlıdır.

Yüksək yaşayış standartlarına nail olmamaq, qazanclı iş yerlərinə, gəlirlərə, qidaya və suya əlçatmamazlıq bərabərsizliyin əsas göstəricilərindəndir və belə ki, bilavasitə 1-ci məqsəd “Yoxsulluğa yox”,  2-ci məqsəd “Aclığa son”, 3-cü məqsəd “Yaxşı səhiyyə və rifah”, 4-cü məqsəd “Keyfiyyətli təhsil”, 6-cı məqsəd “Təmiz su və sanitariya” və 8-ci məqsəd “Layiqli əmək və iqtisadi artım”, 13-cü məqsəd “İqlim dəyişikliyinə qarşı mübarizə” kimi məqsədləri ilə əlaqəlidir. Eyni zamanda qız uşaqları və ahılların məsələlərini də özündə ehtiva edən 5-ci məqsəd “Gender bərabərliyi”, yaşlanma 1-ci, 4-cü və bir sıra digər məqsədlərlə sıx bağlıdır. Odur ki, adı çəkilən məqsədlər həyata keçirilərkən qarşılıqlı bağlılığı da nəzərə alınmalıdır.

Müvəkkil VI Bakı Beynəlxalq Humanitar Forumunun DİM-in 16-cı məqsədi “Sülh, ədalət və səmərəli institutlar” mövzusuna həsr olunmuş sessiyasında moderatorluq etdiyini söyləyib. O, yalnız müharibənin acısını yaşamış xalqların sülhün əsl dəyərini bildiyini söyləyib. Belə ki, artıq 30 ilə yaxındır ki, davam edən hərbi təcavüz nəticəsində ölkəmizin, xalqımızın silahlı münaqişənin ağır nəticələrindən əziyyət çəkdiyini, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən zəbt olunduğunu, on minlərlə dinc əhalinin, günahsız insanların həyatına son qoyulduğunu, bir milyondan artıq nəfərin qaçqın və məcburi köçkün düşdüyünü vurğulayıb.

Ombudsman 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələn Prezident Heydər Əliyevin həmin ölkə ilə atəşkəs rejimini razılaşdırdığını, amma işğalçı ölkə tərəfindən verilən vədlər yerinə yetirilməyərək atəşkəs rejiminin bu günə qədər pozulduğunu diqqətə çatdırıb, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan əeazilərinin azad edilməsi haqqında 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən dörd xüsusi qətnamənin qəbul edildiyini və mahiyyətini söyləyib.

Ölkəmizin Prezidenti İlham Əliyev bir çox zirvə toplantılarında, beynəlxalq forumlarda, konfranslarda beynəlxalq hüquq normalarına uyğun olaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli sülh yolu ilə həlli, ərazi bütövlüyünə hörmətlə yanaşmaq, hər bir ölkənin suverenliyini qorumaq prinsipləri əsasında bəyanatlarına və çıxışlarına baxmayaraq, bu məsələ hələ də həllini tapmır, müharibədən əziyyət çəkmiş qaçqın və məcburi köçkünlər bərabərsizlik, ayrı-seçkilik, etnik təmizləmə və kütləvi şəkildə insan hüquqlarının pozulmasına məruzdurlar.

Artıq son illərdə daha çox dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycanın haqlı mövqeyini dəstəkləyir, belə ki, 15-dən çox ölkə və 22 ABŞ ştatları Xocalı soyqırımını tanıyır.

Müvəkkil iştirakçıların diqqətini bir çox ölkələrdə iqlim dəyişikliyindən əziyyət çəkən insanların vəziyyətinə yönəltmiş və bu məsələnin DİM-in 13-cü məqsədi ilə bağlı olunduğunu bildirib.

Çıxışının sonunda E.Süleymanova DİM-in 17-ci məqsədi “Məqsədlər üçün tərəfdaşlıq”a diqqət yetirərək, dövlətlərin gələcək fəaliyyətini sıx tərəfdaşlıq əsasında qurulmasının vacibliyini söyləyib, bu tərəfdaşlığın Azərbaycanın DİM-in həyata keçirilməsində milli və beynəlxalq maraqlı tərəflərlə sıx əməkdaşlığa əsaslanan uğurlu fəaliyyətini həmin məqsədlərin həyata keçirilməsi üçün nümunə kimi təqdim edib.

Bu sessiyada Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və Xarici İşlər Nazirliyinin məsul əməkdaşı Tünzalə Aydərmirova iştirak ediblər.

Komitə sədri Dayanıqlı İnkişafa dair Bakı Forumu ilə bağlı çıxış edərək, respublikamızda bu sahədə görülən işlər və qarşıda duran vəzifələr, habelə qəbul olunmuş Bakı Prinsipləri haqqında məlumat verib. O, bildirib ki, Azərbaycan milli inkişaf strategiyasını qlobal Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğunlaşdırmaq üzrə səylər göstərir.

AOA-nın Direktorlar Şurasının 21-ci iclası səmərəli müzakirələr, fikir və təcrübə mübadiləsi şəraitində davam edib, təklif və tövsiyələr səsləndirilib.

Ombudsman tədbirin yekununda əminliyini bildirib ki, bu mühüm görüş AOA çərçivəsində gələcək tərəfdaşlığın daha da təkmilləşdirilməsi üçün yeni yanaşmalar, mexanizmlər və vasitələr tapmağa, o cümlədən DİM-in həyata keçirilməsində hər bir ölkənin öz xüsusiyyətlərini, milli prioritetlərini onlara uyğun göstəriciləri nəzərə alaraq, gələcək əməkdaşlıq üçün vahid İş planı tərtib olunub birgə həyata keçiriləcək və 90 ölkənin rəyini ifadə edən Bakı prinsiplərinin bu istiqamətdə uğurlu təcrübəsindən platforma yaratmağa kömək edəcək.

Tədbir çərçivəsində qonaqlar Azərbaycan Ombudsman təsisatında hazırlanmış çoxsaylı hüquqi nəşrlərin nümayiş etdirildiyi, həmçinin Azərbaycan həqiqətləri barədə müxtəlif ədəbiyyatdan ibarət sərgilərə maraqla tanış olublar.

Ölkəmizin aparıcı KİV-ləri, televiziyalar, qəzetlər və informasiya portalları bu beynəlxalq konfransı böyük maraqla izləyib və geniş işıqlandırıb. Ombudsman bir çox kütləvi informasiya vasitələrinə müsahibələr verib.

Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova tərəfindən AOA-nın prezidenti Syed Tahir Shahbaz və həmin qurumun icraçı katibi Əbdül Xalıq qəbul edilib, bu rəsmi görüşdə Müvəkkil Elmira Süleymanova, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov iştirak edib, səmərəli fikir mübadiləsi aparılıb. Syed Tahir Shahbaz və Əbdül Xalıq Milli Məclisin binasındakı Heydər Əliyev Muzeyi, iclas zalı ilə tanış olublar.

Direktorlar Şurasının 21-ci iclasında iştirak edən xarici qonaqlar səfərləri çərçivəsində Bakıdakı bir sıra tarixi abidələrə, o cümlədən İçəri Şəhər Dövlət Tarix-Memarlıq Qoruğuna, Qobustan dövlət tarixi-bədii qoruğuna, Atəşgah məbədinə, “Qala” Dövlət tarix-etnoqrafiya qoruğuna, “Yanar Dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət qoruğuna və digər yerlərə gedərək oraları maraqla izləyib və ölkəmizi böyük razılıqla və məmnuniyyət hissi ilə tərk ediblər.