Xaricdə yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsi Müvəkkilin diqqət mərkəzindədir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə digər xarici ölkələrlə yanaşı Rusiya Federasiyası (RF) və onun subyektləri olan Tatarstan və Dağıstan Respublikaları, habelə Moskva, Sverdlovsk, Orenburq, Kaluqa və Saratov vilayətlərinin ombudsmanları ilə insan hüquqları sahəsində ikitərəfli əməkdaşlığa dair saziş imzalanıb, bu sazişlər əsasında davam etdirilən fəaliyyət nəticəsində həm həmvətənlərimizin xarici ölkələrdə, həm də xarici vətəndaşların ölkəmiz ərazisində pozulmuş hüquqlarının bərpasına nail olunub.

Rusiyada müvəqqəti məskunlaşaraq yaşayan və işləyən soydaşlarımızın üzləşdikləri problemlərin həlli və qanuni miqrasiyanın təbliği məqsədilə yerlərdə görüşlər keçirilib, aşkar edilmiş probemlərin həlli üzrə müvafiq tədbirlər görülüb. Belə ki, ölkə Ombudsmanı Elmira Süleymanova müntəzəm olaraq RF İnsan Hüquqları üzrə Müvəkkili, o cümlədən həmin ölkənin Azərbaycandakı və ölkəmizin Rusiyadakı diplomatik nümayəndəlikləri ilə yanaşı bir sıra digər rəsmi şəxslərlə görüşərək müzakirələr aparıb. Bu müzakirələr zamanı vətəndaşlarımızın fəaliyyətinin leqallaşdırılmasına yardım göstərilməsi, miqrasiya qaydalarının və müvafiq normativ-hüquqi aktlarının liberallaşdırılması, statuslarını rəsmiləşdirmək üçün qeyri-leqal miqrantlara daha çox vaxt verilməsi, hər bir miqranta fərdi yanaşmaqla, şəxsi və ailə vəziyyətlərinin nəzərə alınması, ölkədən inzibati qaydada çıxarmazdan əvvəl onların vaxtında xəbərdar edilməsi, deportasiya və ya ölkədən məcburi çıxarılma zamanı ölkəyə qayıtmaqla bağlı qadağa kimi tətbiq edilən beş illik müddətin azaldılması, miqrantlara qarşı zorakılıq hallarının yolverilməzliyini nəzərə alaraq, bu halların aradan qaldırılmasına xidmət edən əhatəli izahat və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi təklif edilib. Bununla yanaşı, Müvəkkil qeyd edilənlərlə əlaqədar Rusiya Federasiyasının vilayətlərinin ombudsmanlarına da dəfələrlə müraciət edib.

Bu günlərdə Müvəkkilin tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun üzvü, təsisatın sektor müdiri Turan Cahangirova Rusiya Federasiyasının Tatarstan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin nümayəndəsi ilə birlikdə RF Daxili İşlər Nazirliyinin Naberejnı Çelnı şəhərində yerləşən əcnəbi vətəndaşların saxlama mərkəzində saxlanılan Azərbaycan vətəndaşları ilə görüşüb, onların saxlanma şəraiti, mövcud problem və ehtiyacları ilə maraqlanıb.

Azərbaycan və Tatarstanın İnsan Hüquqları üzrə Müvəkkillərinin nümayəndələri tərəfindən kameralara baxış keçirilib, qidalanma, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları, kameradan çıxarılma və sovqat ilə bağlı sənədləşmə ilə tanış olunub, o cümlədən soydaşlarımızın saxlanılmasının qanuniliyini təsdiq edən sənədlər araşdırılıb. Bundan başqa, orada saxlanılan Azərbaycan vətəndaşları ilə yanaşı sənədsiz yaşayan vətəndaşlığı naməlum şəxslər fərdi qaydada qəbul edilib, müraciətləri dinlənilib, hər birinə Ombudsmanın səlahiyyətləri izah olunub və hüquqi məsləhətlər verilib, bir sıra müraciətlər isə yerində araşdırılaraq təmin edilib. Söhbət aparılan şəxslər bu müəssisədə saxlanma şəraitindən, əməkdaşların onlarla rəftarından və göstərilən tibbi xidmətdən şikayət etməyiblər.

Bəzi qəbul edilmiş şəxslər barələrində aparılan inzibati araşdırmadan narazılıqlarını bildirib, bununla əlaqədar onların müraciətlərində yer alan məsələlər üzrə hüquqi məsləhətlər verilib.

Eyni zamanda, bir neçə şəxsin etibarsız sənədlərlə yaşaması və ya şəxsiyyətlərini təsdiq edən sənədlərinin olmaması ilə əlaqədar onlara qayıdış şəhadətnamələrinin verilməsinin sürətləndirilməsi, bərələrində inzibati qaydada ölkə hüdudlarından çıxarılma haqqında qəbul edilmiş qərarlara yenidən baxılması istiqamətində müəssisə rəhbərliyi ilə müzakirələr aparılaraq həmin məsələlər nəzarətə götürülüb.

Müəssisə əməkdaşlarına ölkəmizdə miqrasiya qanunvericiliyinə edilən dəyişikliklər və əlavələr haqqında ətraflı məlumat verilib, o cümlədən fikir və təcrübə mübadiləsi aparılıb.

Soydaşlarımızdan qəbul olunmuş ərizələrlə əlaqədar aidiyyəti qurumlara müraciət olunacaqdır.

Azərbaycan və Tatarstan respublikalarının İnsan Hüquqları üzrə Müvəkkilləri arasında mövcud ikitərəfli əməkdaşlıq haqqında sazişə əsasən, qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi məqsədilə soydaşlarımızın sağlamlıq və bəzi digər məsələlərə dair Azərbaycan Ombudsmanı tərəfindən edilmiş müraciət nəzarətə götürülüb və icra ediləcəkdir.