Beynəlxalq Ahıllar Gününə həsr edilmiş tədbirlər keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Bilgəh qəsəbəsində yerləşən Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət məssisəsində Beynəlxalq Ahıllar Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Ombudsman Aparatının əməkdaşları Vəfa Verdiyeva, Gülnar Rəhimova və Müqalib Mahmudov, digər dövlət qurumlarının nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva tədbirdə çıxışlar ediblər.

Çıxışlarda bildirilib ki, BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş 1990-cı il 14 dekabr tarixli qətnaməyə əsasən 1 oktyabr tarixi Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Həmin günün təsis edilməsinin başlıca məqsədi isə ailə və icmaların, eləcə də cəmiyyətin həyatında ahıl və yaşlıların iştirakını fəallaşdırmaqdan, onların hüquqlarını, ehtiyaclarını diqqətə çatdırmaqdan  ibarətdir. Bu əlamətdar gün 1993-cü ildən başlayaraq Azərbaycanda da hər il yüksək səviyyədə keçirilir.

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü islahatların bütün sahələrdə olduğu kimi, sosial müdafiəyə ehtiyacı olan insanların da rifah halının yaxşılaşdırılmasına yönəldiyi, bu islahatların mühüm istiqamətlərindən birini də ahıl insanların sosial müdafiəsinin gücləndirilməsinə və layiqli həyat şəraitinin təmin edilməsinə hədəfləndiyi bildirilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sosial cəhətdən həssas olan əhali kateqoriyaları ilə bağlı olan təşəbbüsləri bu sahəyə olan dövlət qayğısının bariz nümunəsidir. Heydər Əliyev Fondu tərəfindən sosial xidmət müəssiələrində, o cümlədən Qocalar evində mütəmadi olaraq xeyirxah aksiyaların, dövlət himayəsində yaşayanlara xoş hisslər bəxş edən tədbirlərin təşkil olunması hər zaman böyük rəğbətlə qarşılanır.

Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın salamları, təbrikləri və xoş arzuları tədbir iştirakçılarına çatdırılıb, ahılların hüquqlarının təmin olunması məsələlərinin daim onun diqqət mərkəzində olduğu vurğulanıb.

Beynəlxalq Ahıllar Günü ilə bağlı növbəti tədbir Ombudsmanın resurs mərkəzi olan Azərbaycan Qadın və İnkişaf Mərkəzinin nəzdində artıq 15 ildən çoxdur ki, mütəmadi olaraq hər şənbə günü fəaliyyət göstərən Ahılların Resurs Mərkəzində keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Sabir Qocayevin, Ş.M.Həsənov adına Kurort üsulları ilə müalicə “Sağlamlıq Sahəsi” Poliklinikasının həkimi Səidə Qarayevanın, Ahılların Resurs Mərkəzinin üzvü olan ahıl, o cümlədən qaçqın və məcburi köçkün, şəhid ailələrindən olan qadınların qatıldığı həmin tədbirdə Ombudsman Aparatının əməkdaşı Müqalib Mahmudov iştirak edib.

Müvəkkilin nümayəndəsi çıxış edərək Beynəlxalq Ahıllar Gününün tarixi, ölkəmizdə ahıl vətəndaşların sosial-hüquqi müdafiəsi sahəsində görülən işlər və E.Süleymanovanın bu sahədəki genişmiqyaslı fəaliyyəti barədə məlumat verib.

Ombudsman fəaliyyətində əhali qruplarının, o cümlədən ahılların hüquqlarının müdafiəsinə geniş yer verdiyini, onların hüquqlarının təmin olunması ilə bağlı silsilə tədbirlər keçirdiyini və bu istiqamətdə çətinliklərin müvafiq dövlət qurumlarının diqqətinə çatdırılıb.

Bildirilib ki, Müvəkkil tərəfindən yaşlıların həyat təcrübəsindən, bilik və bacarıqlarından bəhrələnməklə nəsillər arasında körpü yaradılmasına və inkişafına, varislik əlaqəsini bərpa edilməsinə xüsusi önəm verilir. Ötən dövr ərzində Ombudsmanın təşəbbüsü və rəhbərliyi ilə “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”nın layihəsi hazırlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilib. Həmin layihənin hazırlanması zamanı BMT-nin Beynəlxalq Madrid Fəaliyyət Planının və Yaşlaşma Problemləri üzrə Vyana nazirlər konfransının prinsipləri, ahılların layiqli həyat tərzi keçirmələri üçün əlverişli şəraitin yaradılması, onların cəmiyyətə inteqrasiyasının gücləndirilməsi və digər məsələlər nəzərə alınıb. Müvəkkilin tövsiyəsi və rəhbərliyi ilə sağlam həyat tərzinin təbliği, ahıllara gündəlik həyatında lazım ola biləcək hüquqi biliklərlə məlumatlandırma məqsədilə təsisatda “Layiqli Ahıllığa doğru” vəsaiti hazırlanmışdır.

Tədbirdə iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və “Sağlamlıq Sahəsi” Poliklinikasının nümayəndələri də çıxış edərək, ahıl vətəndaşların sosial müdafiəsi, habelə sağlamlığının mühafiəsi sahəsində görülən işlər barədə məlumat veriblər.