Yuvenal Ədliyyə islahatlarına dəstək məqsədilə Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində hüquqi maarifləndirmə işi davam etdirilir

Ombudsman, YUNİSEF, Ədliyyə və Polis Akademiyalarının birgə əməkdaşlığında hakimlər, prokurorluq, polis, ədliyyə və yerli icra hakimiyyəti orqanlarının əməkdaşlarına ünvanlanan “Uşaqlar üçün Ədliyyə”, “Yetkinlik yaşına çatmayanların ədalət mühakiməsi” mövzularında hüquqi maarifləndirmə və bacarıqların artırılması məqsədi daşıyan fəaliyyət çərçivəsində treninqlər davam etdirilir.

Bu əməkdaşlıq çərçivəsində silsilə treninqlər xarici ölkələrinin həmin sahədə müsbət təcrübəsi əsasında bacarıqların artırılması məqsədini daşımaqla yanaşı, həyata keçirilməsi yuvenal ədliyyə sistemində islahatların qanunla münaqişədə olan uşaqlara təsirinin qiymətləndirməsi, yerli icra hakimiyyəti orqanları nəzdində fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyaların fəaliyyətinə yeni yanaşmaların, mövcud çətinliklərin öyrənilməsi baxımından əhəmiyyətli olmuşdur.

Qeyd olunmalıdır ki, Ombudsman Elmira Süleymanovanın Milli Preventiv Mexanizm qismində fəaliyyəti çərçivəsində ölkədə yetkinlik yaşına çatmayanların ədalət mühakiməsi sisteminə, milli qanunvericiliyin və bu sahədə təcrübənin təkmilləşdirilməsinə, ümumilikdə isə hüquqi islahatlara dəstək vermək məqsədilə çoxsaylı təşəbbüsləri olmuş, həyata keçirdiyi işlər və preventiv tədbirlər mövcud çətinliklər və ehtiyacların qiymətləndirilməsinə və müvafiq tədbirlərin həyata keçirilməsinə öz töhfəsini vermişdir.

Bu baxımdan “Uşaqlar üçün Ədliyyə”, “Yetkinlik yaşına çatmayanların ədalət mühakiməsi” mövzularında növbəti treninq məhkəmə, prokurorluq, polis, probasiya, sosial xidmət və yerli icra hakimiyyəti orqanlarının əməkdaşlarının, vəkillərin iştirakı ilə Gəncə şəhərində keçirilmişdir. Treninqdə YUNİSEF, Ədliyyə və Polis Akademiyalarının nümayəndələri, o cümlədən Ombudsman Aparatının şöbə müdiri, Milli Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə ekspert qismində iştirak etmiş və yuvenal ədliyyəyə dair mövzularda təqdimatlar edilmişdir.

Ombudsmanın nümayəndəsi, BMT-nin Uşaq Hüquqları Komitəsinin tövsiyələri əsasında uşaqların ən ümdə maraqlarının təmini təcrübəsi, hüquqazidd davranış nümayiş etdirən və saxlanılan yetkinlik yaşına çatmayan şəxslərlə işin təşkili,  cinayətdə şübhəli bilinən uşaqlarla davranış və prosedur qarantiyalar barədə danışmış, bu sahədə xarici ölkələrin təcrübəsi, beynəlxalq və regional standartların praktik tətbiqi məsələləri, habelə Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində həyata keçirilən başçəkmələr əsasında göstərilən yanaşmalarla bağlı geniş məlumat vermişdir.

R. Rumzadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixli müvafiq Sərəncamının əhəmiyyəti vurğulamış, cinayət törətmiş, hüquq pozuntusuna yol vermiş yetkinlik yaşına çatmayan şəxslərin də azadlıq hüququ ilə bağlı məhdudiyyətlərin tətbiq edilməsinin qarşısının alınması, bu istiqamətdə cinayət təqibi və cəza icra siyasətinin humanistləşdirilməsi, şəxsin cəmiyyətdən təcrid edilməsi təcrübəsindən getdikcə imtina edilməsi sahəsində mövcud təcrübədən danımış, həyata keçirilən işlərin Yuvenal Ədliyyə sisteminə və yetkinlik yaşına çatmayanlara münasibətdə hüquqi islahatlara da öz töhfəsini verdiyini vurğulamışdır.

Qeyd olunmalıdır ki, Ombudsmanın ölkəmizdə start verdiyi “BMT-nin İnsan hüquqlarının müdafiəsinə qalx!” çağrışı üzrə ümumdünya kompaniyası üzrə tədbirlər davam etdirilir və həyata keçirilən tədbirlər Yuvenal Ədliyyə prinsiplərinin nəzərə alınması, BMT-nin Uşaq Hüquqları Komitəsi, İşgəncələrin qarşısının alınması üzrə Alt Komitəsi və digər beynəlxalq təşkilatlar tərəfindən ölkəyə verilmiş bir sıra tövsiyələrin icrası baxımından da əhəmiyyət daşıyır.